Çin ABŞ-la qarşıdurma ehtimalını qlobal fəlakət sayır
Çin Amerika Birləşmiş Ştatları (ABŞ) ilə dialoqun tərəfdarıdır. Belə bir fikiri Çinin müdafiə naziri Li Şanqfu Sinqapurda təhlükəsizliyə həsr olunmuş konfransda səsləndirib. O, Vaşinqtonla açıq qarşıdurma ehtimalını “bütün dünya üçün dözülməz fəlakət” adlandırıb.
Şanqfuya görə, sistemlər arasında fərqlərə baxmayaraq, ABŞ və Çin ortaq maraqlar və əməkdaşlıq üçün əsaslar axtarmalıdırlar.
Buna baxmayaraq o, ABŞ və onun müttəfiqlərini Sakit okean bölgəsində sabitliyi pozmaq cəhddində ittiham edib.
Nazir dediklərinə misal olaraq bazar günü Çin hərbi gəmisinin Tayvan boğazında Kanada ilə birgə təlimlərdə iştirak edən Amerika gəmisi ilə az qala toqquşacağını xatırladıb.
O çinətrafı sularda ABŞ-la Kanadanın təlimlər keçirməsini təxribat adlandırıb və bəyan edib ki, əgər Vaşinqton vəziyyətin gərginləşməsini istəmirsə onda hərbi gəmilər Çinin maraq zonası olan sulardan çıxarılmalıdır.
Bu mart ayından bəri nazir postunda olan Li Şanqfunun ən geniş çıxışı sayılır. Bir neçə gün əvvəl o amerikalı həmkarı Lloyd Ostinlə birbaşa danışıqlar üçün görüşdən imtina edib.
Bir gün əvvəl, mayın 3-də həmin tədbirdə çıxış edən ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, əgər Çin Tayvana qarşı hərbi əməliyyatlara başlasa bu dünya iqtisadiyyatı üçün fəlakət ola bilər.
Nazir əlavə edib ki, onun ölkəsi Tayvanın müstəqilliyini təstəkləyir. Qaldıki dialoqa, Ostin bunun hər zaman mümkün olduğunu vurğulayıb.
“Məsuliyyətli liderlər üçün, dialoq üçün ən uyğun vaxt hər andır. O an indidir. Dialoq əylənmək deyil, zərurətdir”.
Çin Tayvanı öz ərazisinin bir hissəsi sayır. Mart ayında nazir postuna təyin edilən Şanqfu isə Rusiyadan “Su 35” qırıcı təyyarələri və raket sistemləri almada iştirak etdiyi üçün 2018-ci ildən ABŞ-ın sanksiyaları altındadır.