Çin səfirinin suverenliklə bağlı sözləri Baltikyanı ölkələrdə və Kiyevdə narazılıq yaradıb

Çinin Fransadakı səfiri Lu Şayenin postsovet ölkələrinin suverenliyi ilə bağlı Fransanın “La Chaîne info” kanalında dediyi fikirləri Baltikyanı respublikalarda və Ukraynada narazılıq yaradıb.

Krımın Ukraynaya aid olub-olmaması sualına cavab verərək çinli diplomat deyib ki, “bu, problemi necə qəbul etməyinizdən asılıdır. “

Səfir Krımın əvvəldən Rusiyanın olduğunu, sonradan Xruşşov tərəfindən Ukraynaya verildiyini deyib.

Jurnalistin beynəlxalq hüququn Krımı Ukrayna ərazisi kimi qəbul etməsi ilə bağlı dediklərinə cavab olaraq diplomat bildirib ki, keçmiş Sovet İttifaqı dövlətlərinin mövcud beynəlxalq hüquqda statusu yoxdur. O, fikirini onların suveren statusunu müəyyən edən heç bir beynəlxalq müqavilənin olmaması ilə əsaslandırıb. ”

Dünyanın “belə problemlər” üstündə mübahisə etməməli olduğunu deyən Lu Ukraynada atəşkəsə çağırıb.

Onun postsovet ölkələrinin suverenliyi ilə bağlı səsləndirdiyi fikirindən sonra Latviya, Litva və Estoniya Çin səfirlərini Xarici İşlər nazirliklərinə çağırıblar.

Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Tvitter hesabında beynəlxalq hüquq və xalqların suverenliyi ilə bağlı Çinin Fransadakı səfirinin söylədiyi fikirləri qəbuledilməz adlandırıb.

O, bu bəyanatın tam təkzibi ilə bağlı Çindən cavab gözlədiklərini deyib.

Litvanın xarici işlər naziri də məsələyə etirazını bildirib. O, Twitter-də bildirib ki, Çin diplomatının cavabı Baltikyanı ölkələrin “Ukraynada sülhə vasitəçilik etmək” üçün Çinə niyə etibar etmədiyini nümayiş etdirir.

Estoniyanın xarici işlər naziri Çin səfirinin açıqlamasını qəbuledilməz adlandırıb.

Ukraynanın Fransadakı səfiri çinli həmkarının çıxışını Twitter-də şərh edərək yazıb ki, bu cür bəyanatlar Pekinin [Ukraynada sülhlə bağlı] mövqeyinə ziddir.

Pekin hələki səfirin açıqlamasından sonra yaranan bu etirazları şərh etməyib.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button