Çingiz Əsədullayev ortada qalıb

 

Oqtay Əsədovla Teymur Mehdiyev arasında seçim etməlidir

 “Azərqazbankın” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev Milli Məclisin spikeri Oqtay Əsədovla Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin arasında qalıb. Qeyd edək ki, bank rəhbəri və millət vəkili artıq on ildir ki, Oqtay Əsədova yaxınlığı ilə seçilən şəxslərin və şirkətlərin maliyyə işlərini qaydaya qoymaqla məşğuldur. O, əsasən tikinti sektoruna kreditlərin ayrılması və işlərin icrasına nəzarətlə məşğul olub. Amma aydın olub ki, bu günə qədər görülən işlərdə ciddi qanunsuzluqlar olub. Mənbə bildirir ki, Çingiz Əsədullayev tikinti şirkətləri ilə əlaqəyə girərək bəzi əməliyyatlar həyata keçirib ki, bundan da daha çox spiker Oqtay Əsədov ziyan çəkib. Xatırladaq ki, son parlament seçkiləri öncəsi də müəyyən qüsurlar ortaya çıxmışdı və onun yenidən mandat alması şübhə altında idi. Son anda isə Çingiz Əsədullayev bu məsələni həll edəcəyini söz verib və edib də. Bundan sonra isə o, millət vikili seçilə bilib. İndi isə Çingiz Əsədullayev başqa problemlə üzləşib. Tikinti sektorunda ciddi paya sahib olan Teymur Mehdiyev Çingiz Əsədullayevdən tələb edib ki, rəhbəri olduğu bank yalnız ona məxsus şirkətlərlə işləməlidir. Bu isə Çingiz Əsədullayevə bir neçə səbəbdən problemlər yaradır. İlk növbədə ona görə ki, rəhbəri olduğu bankın kredit ayırdığı şirkətlərin əksəriyyəti ya özünündür, ya da Oqtay Əsədova yaxın dairələrin. Bu gün onlarla işləri yarımçıq qoyması özünün iflası olacaq. Digər tərəfdən isə, Teymur Mehdiyevlə işləyəcəyi təqdirdə Oqtay Əsədovun qınağına tuş gələcək. Düşdüyü vəziyyətlə bağlı onun spikerə məlumat verdiyi, amma müsbət cavab ala bilmədiyi də bildirilir. Mənbə bunu da bildirir ki, yaxın vaxtlarda problemi həll edə bilməsə, ümumiyyətlə bankdan əlini üzməli olacaq. Hətta istənilən an korrupsiya əleyhinə Mübarizə Komitəsinin bankda yoxlamalar apara biləcəyi də xatırladılır.

Bunu da nəzərinizə çatdıraq ki, Oqtay Əsədovla Çingiz Əsədullayev 134 saylı məktəbdə təhsil alıblar və dostluqlarının tarixçəsi böyükdür.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button