Çingiz bəy bərk yalan danışır!..

Nurəddin İsmayılov: «Naxçıvana gedəcəkdik, amma saat 12.00-da Prezident Aparatından, birbaşa Əbülfəz Elçibəydən gələn əmrlə bu əməliyyata son qoyuldu»

Qadını vuran Ələmdar Köçəri Nağıbəylinin bacanağı idi!..

Çingiz Qənizadə ilə İsgəndər Həmidovun başlatdığı söz atışması gün keçdikcə qızışır. Artıq bu söz savaşında hədə-qorxular, qarşılıqlı ittihamlar səslənməklə yanaşı, başqa-başqa adlar da çəkilir. Bunlardan biri də qeyd olunan hadisələrdə yaxından iştirak edən Nurəddin İsmayılovdur. Nurəddin bəyə müraciət etdik və məsələyə münasibətini bildirməsini xahiş etdik.
Suallarımıza Nurəddin İsmayılov cavab verir…

– O hadisələrin iştirakçısı kimi nə söyləyə bilərsiniz?

– Mən yalnız gördüyüm və şahidi olduğum şeylərdən danışa bilərəm. Bu gün qarşı duran bu adamlar o zaman bir cəbhədə idilər. Çox hörmət bəslədiyim hərəkat yoldaşım Çingiz Qənizadə də bizim tərəfimizdə idi. İsgəndər Həmidov isə birbaşa mənim rəhbərim idi. Ona görə də çalışacağam ki, hər şeyi olduğu kimi deyim. Yadınızdadırsa, Şuşa gedəndən sonra Ali Sovetin qarşısına insanlar toplaşdılar. Ora toplaşan ilk adamlar biz olmamışıq, AXC olmayıb. O vaxt orada Ayaz Mütəllibovun və «Qurtuluş» batalyonunun bəzi uşaqları, «Qardaşlıq» cəmiyyətinin adamları çadırlar qurmuşdular. Hər gün yeyib-içmək təşkil edirdilər. Özü də silahlı idilər.

– Məqsəd nə idi? Ali Soveti xalqdan qorumağa getmişdilər?

– Ali Soveti qorumaq haqda söhbətlər getmirdi, sadəcə tələb edirdilər ki, Cəbhə buraxılmalı, Mütəllibov hakimiyyətdə qalmalıdır…

– AXC-nin buraxılmasında təkid edirdilər?

– Bəli, üç gün idi ki, Ali Sovetin qarşısında Ayaz Mütəllibovun adamları çadırlar qurub, demək olar ki, orada yaşıyırdılar. Mayın 14-də gecə tək Ali Sovetin, Az.TV-nin binası deyil, dörd əsas obyekt tutulmalı idi ki, bunların içərisinə MTN, Müdafiə Nazirliyi də daxil idi. Müdafiə naziri Rahim Qazıyev təbii ki, müxalifətin içindən çıxmışdı, böyük avtoritet idi, ona görə də Müdafiə Nazirliyi haqqında söhbət gedə bilməzdi. Nəzərə alınmışdı ki, orada «Qurtuluş»un bəzi uşaqlarının, “Qardaşlıq”ın , ayazmütəllibovçuların silahları var idi.

– Bütün bunları təşkil edən kim idi?

– Ayaz Mütəllibov.

– Bəs inqilaba kim rəhbərlik edirdi?

– Rəhmətlik Əbülfəz Elçibəy təbii ki, birbaşa hərəkatın başında idi. Bir də İsgəndər Həmidov idi.

– Yəni əsas işi görən adam Əbülfəz Elçibəyin rəhbərliyi altında İsgəndər Həmidov idi?

– Bəli, dəqiqliyi ilə belədir.

– Amma Çingiz Qənizadə deyir ki, biz 1992-ci il mayın 15-də AzTv-nin binasını tutduq, İsgəndər Həmidov qorxusundan ora gəlimədi. Gələndə də bizə qaşığın arxası ilə sıyrılan qolunu göstərdi…

– Bütün bunlara bir-bir toxunmaq istəyirəm. O vaxt həm Ayaz Mütəllibovun adamlarının, həm də «Qurtuluş»la «Qardaşlıq» Cəmiyyətinin adamlarının qarşısına yalnız biz çıxa bilərdik. Qorxanlar var idi, amma biz deyildik. Hamı bizi «Boz Qurd»lar kimi tanıyırdı və onların hamısının qarşısında duranlar da elə bozqurdlar idi, bunların biri orada yox idi.

– «Boz Qurd»ların komandiri kim idi?

– Mən idim. İndi də fəxrlə deyirəm ki, o hadisələrin iştirakçısı olmuşam. Həmin vaxt Xalq Cəbhəsinin Operativ Şöbəsi fəaliyyət göstərirdi və onun nəzdində Qabil Məmmədov, rəhmətlik Tahir Əliyev və Mehdi Məmmədov var idi. Onlarla bozqurdçular iki dəstə şəklində qurulmuşdular. Nizami Musayevin də əlahiddə qrupu var idi.

– O kim idi?

– Banditizmə və Terrorizmə qarşı İdarənin rəisi oldu sonradan, o zaman isə İsgəndər Həmidovun köməkçisi idi… Ali Sovetin qarşısına getmək üçün bu üç qrup toplaşmışdı. Rahim Qazıyev də söyləyir ki, Cəbhədən ora adamlar gətirilmişdi. Düz deyil, heç kim gəlməmişdi. Gələn elə bu üç qrup və xalq idi. Plan da əvvəldən cızılmışdı. Yalan danışa bilmərəm, həqiqətən də Çingiz Qəniyevi Cəbhədə görmüşəm, amma onlar həmin vaxt orada deyildilər.

– Ön cəbhədən adamlar gəlməmişdi?

– Ön cəbhədən heç kimi gətirməmişdilər. Yalnız AXC-nin qüvvələri və xalq idi. Bir də Fəhmin Hacıyev səhv etmirəmsə, daxili qoşunlardan yarım rota adam gətirmişdi. Axşam planı cızdıq. Çünki tək AzTV-nin binasını tutmaqla məsələni başa çatmış hesab etmək olmazdı. Ali Soveti və MTN-ni də götürmək lazım idi.

– Deməli, bu məsələdə Çingiz Qəniyev həqiqətləri söyləmir?

– Doğru demir. Və bu, birbaşa məni də vurur. Çünki mən şəxsən o işlərə rəhbərlik edən adamlardan biriyəm. Bunu Çingiz Qəniyevin özü də bilir. Mənim Çingiz bəyə çox böyük hörmətim var, amma bü məsələdə bərk yalan danışır. Həmin günün gecəsi rəhmətlik Hüseynalı (İsgəndər Həmidovun qaynı – Red.) gəlib dedi ki, imkan var, zirehli maşın götürə bilərik. İki nəfər də uşaq verdim, bir BTR gətirdilər…

– Haradan?

– Harayasa təmirə gətirmişdilər. İki ədəd də BRDM. BTR-in təkcə pulemyotu işləyirdi. BRDM-lərin isə silahları xarab idi. Ali Sovetin qarşısına üç dəstə gedirdi. Nizami Musayev və Fəxrəddin bəy öz dəstələrı ilə 1 saat əvvəldən AzTV-ni götürməli idi. Hüseynalı, rəhmətlik İbrahim – sonradan Milli qəhrəman adını aldı, Saleh – sonradan Gömrük polisinin taqım komandiri oldu, öz dəstəsi ilə «Moskva» mehmanxanasını və MTN-in binasını götürməli idi. Təbii olaraq bu adamların hamısı ona görə əllərinə silah almışdılar ki, artıq Ali Sovetin qarşısında olan dəstələrin silahları var idi. Onları zərərsizləşdirmək məqsədi ilə bunu etmişdik. Amma əsas qüvvə xalq idi. Gəray və Malik adlı iki nəfər də var idi, sonralar MTN-nin xüsusi dəstələrində vuruşdular.

Plan həyata keçirildi. Mən 1991-ci ildə ayağımdan vurulmuşdum, şikəst idim, bir az ağır gəzirdim. Ona görə uşaqlar məni ayaqla gəzməyə qoymurdular. «Moskviç» markalı 412, yaşıl rəngdə maşınım var idi. İsgəndər Həmidov Fəxri Xiyabanın yanında mənim maşınıma oturdu.. İdarəetmə bizim maşından olub. İsgəndər Həmidov da Çingiz Qənizadənin söylədiyi kimi heç bir yerə yoxa çıxmayıb. İsgəndər Həmidov ümumiyyətlə, orada yaralanmayıb. «Qaşıqla cızıb gəldi, bizə göstərdi» nə deməkdir?

– İsgəndər Həmidovu vurmuşdular?

– Yox, vurulan İsgəndər Həmidovun sürücüsü Qərib olub, o da yaralanıb. Orada ümumiyyətlə, snayper olmayıb axı. Mehmanxananın yuxarı mərtəbəsindən təxribat xarakterli bir avtomat atəşi açdılar, o adamı da tutduq. Bir məsələyə də toxunmaq istəyirəm. Mən İsgəndər Həmidovun Rahim Qazıyevlə çox danışıqlarının, mübahisələrinin şahidi olmuşam. Amma İsgəndər Həmidovun Rahim Qazıyevin ünvanına hər hansı bir söyüş söyməsini eşitməmişəm. Bu da yalandır. Mən uzun müddət İsgəndər Həmidovun müavini və köməkçisi olmuşam. Onun Rahimi söydüyünü eşitməmişəm.

– İsgəndər Həmidovun Heydər Əliyevin üzərinə getməsi məsələsi nə idi?

– Sizə olduğu kimi deyəcəyəm. Səhər əmr gəldi ki, hamı saat 9-10-da aeroportda olsun. Hara gedəcəyimiz haqda heç bir məlumat vermədilər. Biz də Bələdiyyə polisi ilə bir yerdə tam tərkibdə, silahlanmış vəziyyətdə orada olmuşuq. OMON-dan kimin olub-olmadığını deyə bilmərəm, amma bələdiyyə polisi səhra paltarında orada olub. Hara göndərsəydilər, ora da gedəcəkdik. Saat 12.00-da Prezident Aparatından, birbaşa Əbülfəz Elçibəydən gələn əmrlə bu əməliyyata son qoyuldu.

– Belə çıxır ki, İsgəndər Həmidov Əbülfəz Elçibəyin əmri ilə yolundan qalıb, yoxsa uçacaqmış?

– Bəli, yoxsa gedəcəkdik. Bunu o vaxt bilmirdik. Biz sonralar bilmişik ki, sən demə, Naxçıvana uçmalı imişik. Yəni mən şahidi olduğum və yaxından iştirak etdiyim hadisə bundan ibarət olub. Digər məsələyə toxunmaq istəyirəm. Dəfələrlə söyləyiblər ki, guya bozqurdlar hansısa arvadı öldürüblər. Burada yazılıb ki, «öldürdü, mənə boğaz çəkdi və mən də 14 il verdim, getdi yatdı». Birincisi, bir az Allahla bir yerdə olmaq lazımdır. İsgəndər Həmidovun razılığı olmadan kimi həbs edə bilərdilər? O vaxtı yadınıza salın. Kimdən soruşursunuzsa soruşun. İkincisi, bəli, elə bir iş olub. Doğrudan da mənim dəstəmdə olan Ələmdar namus üstündə güllə atıb, güllə də atılan adama yox, bir arvada dəyib.

– Təsadüfən dəyib?

– Bəli. Özü də gedib təslim olub. Affekt vəziyyətində olan bir insanın təsadüfən atdığı bir güllə ölümlə nəticələnib. Bəyəm, indi namus üstündə mübahisə düşmür, ölən olmur? Ona da ağırlaşdırıcı maddə ilə 14 il veriblər, halbuki qadına sataşdıqları üçün namus üçtündə baş verən hadisə idi bu… O adam da etdiyi cinayətə görə cəzasını çəkib və çıxıb. Bunun bozqurdlara, İsgəndər Həmidova nə dəxli var? Ələmdar mənim dəstəmdə, «Bozqurd»larda vuruşan adam olub. Köçəri Nağıbəylinin bacanağıdır. Dəfələrlə mənimlə Laçında, Qubadlıda olub.Yaxşı da döyüşüb. O, mənim döyüşçüm olub. İsgəndər bəyin əmrində olan adam olub. Boğaz çəkməyə ehtiyac yox idi. Cinayət törədən adamı DİN həbs edir də… Bu hadisə adi məişət məsələsi olub. Onu kompromat kimi bozqurdlara şamil etmək Allahsızlıqdır. «Malış Tofiq» dedikləri adam da «Malış Faiq»dir. 1992-ci ilin Ali Məclislərindən bir fraqment göstərirlər. Bir kök adam var, zala daxil olur və Ayaz Mütəllibov Ali Sovetə qayıdanda onu març-murçla öpür. «Malış Faiq» o adamdır. Ali Sovetin qarşısında qurulan çadırların təşkilati işlərinin başçılarından biri də o adam idi. O vaxtlar Bakı kəndləri iki yerə bölünmüşdü. Bir hissəsi Hacı Zakir başda olmaqla Cəbhə tərəfdarları idi, bir hissəsi də «Qardaşlıq» cəmiyyətinin tərəfində idi… Onların həbs olunması da bununla bağlı idi. Həbs olundular, istintaqları aparıldı və buraxıldılar.

– İsgəndər Həmidov açıqlama verib ki, Çingiz Qənizadə Hacı Qalibi buraxmaq üçün pul alıb…

– Deyə bilmərəm Çingiz Qəniyev onun buraxılması üçün pul alıb, yoxsa yox. Ümumiyyətlə, mən inanmıram ki, AXC-nin kadrlarından kimsə pul, rüşvət alan olsun. Buna inanmıram. Ola bilər ki, İsgəndər bəy hirslənib bu sözü desin. Çünki Çingiz bəy də onun haqqında dediklərini sakit başla deməyib. Görünür, o da nəyəsə hirslənib. Amma mən bildiyim qədərincə belə deyil. Maştağa kəndində Ramiz adlı çox hörmətli bir oğlan var idi. Bu gün də kəndə gedib o məsələni soruşsanız hamı deyəcək ki , Ramizin düşməni Qalibdir. O vaxt Qalibgillə mübahisələri vardı. Dəqiq bilmirəm, amma deyəsən Qalibi Ramiz vurmuşdu. Onlar da Ramizi çayçıda çay içdiyi yerdə güllələmişdilər. Bu işin üstündə də Qalibgil həbs olunmuşdular. Sonradan onu başqa bir adam öz üzərinə götürdü, işi bağladılar getdi. Mən bu hadisənin belə olduğunu o vaxt eşitmişəm, daha da dəqiqləşdirmək istəyirsinizsə, Maştağaya gedə bilərik.

– Hacı Qalib adam öldürmək üstündə həbs olunub, amma başqa bir adam bu cinayəti öz üzərinə götürdüyü üçün azadlığa buraxılıb?

– Bəli. Bu baxımdan, Çingizin kimdənsə pul alıb-almamasına da ağlım kəsmir. Bəyin kimlərəsə belə məsələdə tərəfkeşlik etməsinə də ağlım kəsmir. Bunu dəqiqləşdirmək çox asandır. Ramizin güllələnməsinə görə Hacı Qalib tutulmuşdu, sonra da buraxdılar. Yəni DİN şübhəıli şəxs qismində onu həbs edir, istintaq və cinayətin sübutu prokurorluğun işidir.

– Çingiz Qənizadə deyir ki, o vaxt Elçibəy onu evinə çağırıb və deyib ki, «Bu İsgəndər məni lap boğaza yığıb. Bunun qabağına yalnız sən çıxa bilərsən»…

– Elə bir şey olsaydı İsgəndər Həmidovun özünə deyərdi Əbülfəz bəy. Əbülfəz Elçibəy heç kimdən qorxmayan, kifayət qədər cəsarətli adam idi, bunu hamı bilir. İstəsəydi bu sözü özü deyərdi. Bir daha 1992-ci ili yadınıza salın…

– Söhbət 18 may 1992-ci ildən gedir…

– 1995-ci ilə qədər camaat İsgəndər Həmidova nə cür münasibət bəsləyirdi? Milli Qəhrəman idi İsgəndər Həmidov… Hamı ondan nəsə gözləyirdi… AXC-nin kadrları içərisində DİN rəhbərliyinə daha kim keçə bilərdi? Kim? Təbii ki, bu suallara İsgəndər bəyin özü cavab versə daha yaxşı olar. Sadəcə mən şahidi olduğum hadisələrdən danışdım. Mənim İsgəndər Həmidova da, Çingiz Qəniyevə də hörmətim var. Bizim hər üçümüz bir həkatın içində olan adamlar olmuşuq, bir yerdə çətin yollar keçmişik. Neçə dəfə ölümün gözünə dik baxmışıq. Çingiz Qəniyev də kifayət qədər hünərli adamdır. Amma faktlarla istədiyin kimi oynamaq düz deyil. Həmdə bu suala rəhmətlik Elçibəy özü cavab verib. Yadınıza gəlirsə, ANS-də Mir Şahinin verilişində onun bir cümləsi var, “İskəndərin qorxusundan bayıra çıxa bilirdilər ki?..”

– Rövşən Cavadov məsələsi nə məsələdir?

– Bir şeyi bilirəm ki, Rövşən Cavadovun Banditizm və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi Nizami Musayevlə konfliktləri olub. Bunu düz deyirlər. O zaman Rövşən Cavadov öz adamları ilə DİN-ə giriblər – OMON-un komandiri olduğu üçün təbii ki, istədiyi vaxt DİN-ə daxil ola bilərdi – nazir orada olmayanda… İsgəndər Həmidov həmin vaxt öz kabinetində olmayıb. Bunu nəyə görə dəqiq bilirəm? Ona görə ki, həmin hadisədən 5 dəqiqə sonra ratsiya ilə mənə bələdiyyə polisinin müavini, həm də mənim «Boz Qurd»dakı müavinim Fəxrəddi Məmmədov xəbər verdi ki, «bəy, biz DİN-i mühasirəyə almışıq. Damların üstünə də snayperləri yerləşdirmişik». Rövşən Cavadov nazirin kabinetinə girib, tapançanın arxası ilə Nizaminin başından vurub. Soruşdum ki, bəs İsgəndər bəy? Dedilər ki, «bəyin özü burada olmayıb». Yəni İsgəndər Həmidovun özü orada olmadığı zaman bu hadisə baş verib. O vaxt da deyirdilər ki, bələdiyyə polisinin xüsusi təyinatlıları DİN-i mühasirəyə alıb. Bütün bunları təsdiqləmək üçün adlarını çəkdiyim insanlardan da soruşa bilərsiniz. Allah şükür sağ-salamat qalanları var.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button