Çıxdım xəcalətdən daha

Babalıq

Kimsə qoy söz açmasın bir kəlmə rüşvətdən daha,
Bəsdir, insaf eyləyin, bezdim bu söhbətdən daha.

Ay kişi, sən vicdanın, məmur da rüşvətsiz olar?
Öyrənən zad, ay tövbə, çıxmaz rəzalətdən daha.

Haqq-ədalət istəsən, mütləq rəvac ver rüşvətə,
Çünki rüşvət alidir hər cür həqiqətdən daha.

Ağzı ilə quş tutur saqqalbuxaq qart-qurd xoruz,
Kənd, şəhər çoxdan “yatıb”, səs bəm gəlir kənddən daha!

Min manat aylıqla milyard sərvətı kimlər yığıb?
Eyləyir təftiş qurum: çıxdıq müsibətdən daha.

Özgə söhbətdir bu ki, kimdən ibarətdir qurum,
Guya kəsmir ağlımız aşkar siyasətdən daha?

Əlqərəz nisbət götür: qurd fermaya olmuş müdir,
And içib çəkmiş tamah ətdən və kotletdən daha.

Hər qurumçün bir qurum lazımdı təsis eyləmək.
Ölkə olsun bir qurum, çıxmaz nəzarətdən daha.

Rüşvət qoy bir yana, gəl özgə şeydən gap salaq,
İnhisarmış bətdəri min-min şərarətdən daha.

Ay canım, rüşvət nə şey: mən vermişəm, sən almısan,
İnhisar salmış bizi ardan və ismətdən daha.

Harda ki var inhisar, olmaz o yerdə gün-güzar,
Milləti kim qurtarar dərddən, səfalətdən daha?

Un nazir, banan nazir, kartof-soğan, qənd-yağ nazir,
Hər biri bir qulp tutub, söz açma mərfətdən daha.

Bir oliqarx istəsə, bir Tac-Mahal təzdən tikə,
Qoy şikayət etməsin heç kimsə qiymətdən daha.

Harda kim bir yol çəkir – bir qol qoyur, milyon çəkir,
Fayda yoxdur millətə neft adlı sərvətdən daha.

Milli Məlis – inhisar, məslək, vəzifə – inhisar,
Xan gəlir, firon gəlir yüksək cəmiyyətdən daha.

Anti rüşvət… çox gözəl, kaş hər kəsə olsun şamil,
Amma ki, yan ötməsin həm ali heyətdən daha.

Hər xanın öz taxt-tacı, şahdan baratı varsa da,
Düşmənə hərb açmarıq, əl çək bu niyyətdən daha.

Qız-gəlin qalmış girov, düşmən həqarət eyləyir,
Hansı üzlə dəm vuraq namus və qeyrətdən daha?

Arsız-arsız gəl duraq şandan-şərəfdən dəm vuraq,
Bıkdım artıq, bəy baba, bıkdım bu adətdən daha.

Ad, təqaüd xətrinə satmış ziyalım məsləki,
Düşdü məddahlar tamam hər yerdə hörmətdən daha.

Şou-biznes əxlaqı pozmaqda öncül yerdədir,
Cırlaşıb ekran-efir kefdən, ziyafətdən daha.

Bir Babaliq vardı ki, güldən hörərdı şerini,
Həcvə salmış meylini, yazmır məhəbbətdən daha.

Mənsə aşkar söylədim, millət nədən zillət çəkir,
Xalqa anlatdım bunu, çıxdım xəcalətdən daha.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button