Conson, Moskva ilə 'pis sülh' razılaşmasına getmək üçün Kiyevə təzyiqlərdən qorxur

Consona görə, belə bir addım uzunmüddətli fəlakətə gətirib çıxara, həm də Putin tərəfindən yeni eskalasiya dalğasına səbəb ola bilər

Müharibə kontekstində Kiyevə aktiv şəkildə dəstək verən Böyük Britaniyanın baş naziri Boris Conson Moskva ilə “pis sülh” razılaşmasına getmək üçün Kiyevə təzyiqdən qorxduğunu bildirib.

Onun fikrincə, belə bir addım uzunmüddətli qlobal fəlakətə gətirib çıxara bilər.

“Həddindən artıq çox ölkə deyir ki, bu, lazımsız Avropa müharibəsidir… və buna görə də Ukraynanı bəlkə də pis sülhə məcbur etmək üçün təzyiqlər artacaq”.

Boris Consonun fikirincə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada istədiyinə nail olmasına icazə vermək beynəlxalq təhlükəsizlik üçün təhlükəli olacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirib çıxaracaq.

“Şübhə yoxdur ki, Ukraynada baş verənlərlə bağlı dünyada bir qədər yorğunluq əmələ gəlib, amma fikirləşirəm ki, onlar qalib gələcəklər. Bu, onların ölkəsidir. Onlar bunun üçün mübarizə aparırlar və lazımi dəstəyə ehtiyacı var”, – Conson deyib.

Britaniyanın baş naziri vurğulayıb ki, indi ukraynalıları pis sülhü qəbul etməyə təşviq etməyin vaxtı deyil, bu onları öz ərazilərinin böyük bir hissəsindən imtina etməyə sövq etməkdir.

Conson təkrar olaraq bildirib ki, belə bir vəziyyət Putin tərəfindən istədiyi anda yeni bir eskalasiya dalğasına səbəb olacaq.

Boris Consonun bu dedikləri Ukrayna ordusunun ölkənin şərq bölgələrində Rusiyanın böyük hücumunun qarşısını almaqda davam etdiyi bir vaxta təsadüf edir.

Rusiyanın hərbi təcavüzü başlayandan bəri Boris Conson iki dəfə Ukraynaya səfər edib.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button