Çovdarova “brilliant gül buketi” bağladan DYP polkovniki – Müşfiq Rəhimov

Abbas Abbasovu həbsdə olan MTN generalına bağlayan DYP polkovniki…

Abbas Abbasov

 

Baş nazirin sabiq müavini, hazırda Rusiyada yaşayan Abbas Abbasovun adı yenidən ölkə mediasının diqqətini çəkməyə başlayıb. Bu dəfə vurğu onun biznes ortaqlarının kimliyi üzərinə salınıb.

Belə ki, bugünlərdə “Reytinq” qəzeti Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasovun qohumluq əlaqələri ilə bağlı maraqlı iddialarla çıxış edib. Qəzetin yazdığına görə, Abbasovun Azərbaycandakı biznesini yönləndirən əsas şəxslərdən biri 2010-2015-ci illərdə 77 saylı Astara Seçki Dairəsindən deputat olmuş və son seçkilərdə adı YAP-ın namizədlər siyahısından çıxarılmış sabiq deputat, “Diplomat-1” şirkətinin sahibi Aslan Cəfərovdur: “Aslan Cəfərov uzun illər ölkəyə gətirilən uşaq qidalarının və bezlərinin monopolisti olmaqdan əlavə, həm də Abbas Abbasovun biznes ortağı – onun Azərbaycandakı bütün açıq-gizli obyektlərinin əsas idarəedicilərindən biridir və ona göstərilən bu etimad da çox yaxın qohumluq əlaqələrindən qaynaqlanır. Belə ki, Abbas Abbasovun kiçik oğlu Vüsal Abbasov Aslan Cəfərovun bacısı qızı ilə ailə həyatı qurub”.

Qəzet xatırladır ki, cütlüyün toyu 2009-cu ilin oktyabrında “Buta” sarayında olub. O vaxt mətbuat Abbas Abbasovun kiminlə qohum olduğunu araşdırmaq istəsə də, yalnız o deyilmişdi ki, baş nazirin sabiq müavini oğluna mərhum dostu Hacı Vaqifin nəvəsini alıb.

Qəzet bildirir ki, bu qohumluq Aslan Cəfərovun 2010-cu ildə Astaradan deputat “seçilməsinə” kömək eləsə də, Abbas Abbasovun Azərbaycan hakimiyyəti ilə 2013-cü ildə yollarının ayrılması onun qohumu və biznes ortağının da “qələminin qırılmasına” gətirib çıxarıb. 2015-ci il seçkilərində Aslan Cəfərovun adı YAP-ın deputat siyahısından çıxarılıb və təkrar parlamentə düşməsinə imkan verilməyib.

Qəzetin yazdığına görə, Abbas Abbasov qohumu Aslan Cəfərovun vasitəsi ilə cənub zonasında kifayət qədər nüfuz sahiblərindən sayılan Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-qeydiyyat şöbəsinin rəisi Müşfiq Rəhimovla da biznes ortaqlığı qura bilib. İddialara görə, “üçlüyün” Azərbaycandan başqa Dubay, Türkiyə və Rusiyada böyük biznes şəbəkəsi mövcuddur.

Maraqlıdır ki, Müşfiq Rəhimovun adı bir müddət əvvəl məlum “MTN olayları” zamanı mətbuatda Akif Çovdarovun himayəsində olan şəxslərdən biri kimi çəkilirdi. İddia olunurdu ki, M.Rəhimov “MTN-dəki məlum qrupla əlbir xüsusi avtomobil nömrələrinin biznesinə girişibmiş və bu biznesinə toxunulmaması üçün Akif Çovdarova illik haqq verirmiş”.

Onun Çovdarova hətta dəyəri bir neçə min dollar olan “brilyant gül” suveniri hazırlatdırıb hədiyyə etdiyi də deyilirdi.

Əgər bütün bu iddialar doğrudursa, onda belə anlaşılır ki, Abbasovun “MTN-dəki məlum qrupa” çıxışını təmin edəcək etibarlı bağı da varmış.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button