Çox hünər eyləmişik…

Babalıq

Çox hünər eyləmişik, bir də hicab etmədəyiz,
Həqiqətdən yan ötüb, haqqı sərab etmədəyiz.

Şəriətlə təriqətdir, mərifətdir həqiqət,
Bircə gül dərməmişik, amma gülab etmədəyiz.

Bu hicab söhbətinin heç yeridir, mollazadə?
Qarabağ ahı ilə bağrı kabab etmədəyiz.

Cihadın əcri qiyamətdə hicabdan da böyük,
Nə üçün təkcə hicab ilə «savab» etmədəyiz?

Əgər anlamsız olan qılsa namaz, batil olur,
Neyçün anlamsız uşaqları yatab etmədiyiz?

Yenə tay tutmadayıq saf dini zay mövhumata,
Gələcək nəsli xurafatla xarab etmədəyiz.

Görmüşük hər yarağı, bir qalıb saqqal darağı,
Hicab ilə onu da təşnə-sirab etmədəyiz.

Bu bəşər övladını Allaha vicdan aparır,
Niyə vicdanı atıb, Haqqa «xitab» etmədəyiz?

Düşmənin zurnasına bir çoxumuz dəm tuturuq,
Təfriqə qəsdi ilə şərhi-Kitab etmədəyiz.

Yüzümüz ac qarına cəddi-seyid səsləmədə,
Beşimiz tox qarına bəzmi-qutab etmədəyiz.

Nə dəyərsiz bəşərik, xaliqi yaddan çıxarıb,
Bizə zülm eyləyəni Tanrı hesab etmədəyiz.

Babalıq, Mirzə Cəlil, Sabir o vaxtdan top atıb,
Cəmi millət oyanıb, biz yenə xab etmədəyiz.

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button