Çox yaşa, padişahım!

Razi Abasbəyli

Daşıyıb apardılar. Redaksiyanın bütün əmlakını, kompüterləri, printerləri, skaynerləri, telefon aparatlarını bir yük maşınına yığıb apardılar. Amma apara bilmədikləri o qədər şey var idi ki…
Apara bilmədiklərini sayacam indi. Ramiz Mehdiyev üçün yazıram bu yazını. Əminəm ki, bu yazını akademik oxuya bilməsə də, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov oxuyub rəhbərinə məruzə edəcək. Bunu çox istərdim. Və Nərimanov Rayon Məhkəməsinin icraçılarının apara bilmədiklərini yazıram. Diqqətlə oxuyun:
– Tam 14 ildir ki, Bakı şəhərində kirayələrdə yaşayıram. 37 kirayə mənzil dəyişmişəm. Bakının Hövsan kəndindən «İçərişəhər» metrosunun yaxınlığına qədər hər yerdə kirayədə, səfalət içində yaşamışam. Yaşadığım həyatda bu ölkənin ən iri bankında işlədiyim günlər, ən ağır şəraitli gecə növbəsində fəhlələlik etdiyim sutkalar olub. BU VİCDANLI HƏYATI MƏNDƏN APARA BİLMƏDİLƏR.
– Təhsil aldığım zamanlarda yaşadığım bütün iztirabları, kasıbçılığı və buna baxmayaraq, oxuduğum iki ali təhsil ocağındakı nümunəvi bir tələbə olduğumu fəxrlə deyirəm. Bu gənclik illərində iki dəfə həbs olundum. Səbəbi çox sadə idi – azadlıq istəyirdim. O azadlığı ki, sözümü, düşündüyümü demək üçün susmurdum. Buna görə də məni cəzalandırdılar, iki dəfə həbsə aldılar. Yaşadığım tələbəlik illərimə görə Tanrıma minnətdaram. Çox şərəfli günlər idi. ONU MÜSADİRƏ EDƏ BİLMİRSİNİZ. ONU HEÇ BİR MƏHKƏMƏ İCRAÇISI MƏNDƏN ALA BİLMƏDİ.
– Ali təhsilimi başa vurmamış, məni kasıbçılıq üzündən təhsil haqqını ödəyə bilmədiyimə görə hərbi xidmətə apardılar. Atam Biləcəri Çağırış Məntəqəsində mənim aylarla qəzetlərdə məqalə yazıb topladığım qonorarımı bir həmyerlim olan «voentorq» işçisinə vermişdi. Məni Bakıdakı bir hərbi hissəyə düşürəcəkdilər. Atamı yola salandan sonra həmin «fırıldaqçı»dan pulları geri aldım. Hərbi xidmətimi Harami düzündə, Füzuli rayonunda davam etdirdim. Yaralandım. Kəşfiyyat tapşırıqlarını yerinə yetirdim. Və hərbi xidməti başa vurmaq ərəfəsində atam xəbər tutdu ki, mən Bakıdakı hərbi hissələrdə xidmət etmirəm. BUNU MƏHKƏMƏ İCRAÇLARI MƏNİM ƏLİMDƏN ALA BİLMƏZLƏR!
– Hərbi xidməti başa vurub geri dönən ilk gündən qəzetlərdə yazılar yazmağa başladım. Sadalayım biləsiniz – «Bakı Həftəliyi», «Azadlıq» qəzeti, baş redaktor Qənimət Zahid. «Bizim Yol», «Milli YOL» qurucularından biri mən! «Bizim Soy» – təsisçisi və baş yazarı bəndəniz. Ara-sıra da indi ağlınıza gələn ən azad qəzetlər. Bu qəzetlərdə mən nə düşündümsə, nə yaşadımsa yazdım! DÜNƏN MƏHKƏMƏ İCRAÇILARI BUNU MÜSADİRƏ EDƏ BİLMƏDİLƏR!
– Və sizin üçün ən maraqlı məqamı yazıram. Lütfən diqqətli olun! Bir qəzeti bağlaya bilərsiniz. Başqası çıxacaq. Bir azad söz deyəni həbs edə bilərsiniz, başqası deyəcək. Birini öldürə bilərsiniz, başqası doğulacaq! Azərbaycan analarının bətnini heç bir məhkəmə icraçısı müsadirə edə bilməyəcək! Bu millət sizin düşündüyünüzdən də möhtəşəmdir! Məsləhətim budur ki, daha amansız olun! Daha çox əzin! Daha çox susdurun! Amma bir ingilisin, fransızın, italyanın, amerikalının qarşısında beynəlxalq öhdəlik deyib yumşalmayın! Müsadirə edə biləcəyiniz nə varsa, götürün! AMMA GÖTÜRƏ BİLMƏDİKLƏRİNİZİ DƏ HESABLAYIN!
– Əmin olun ki, Qarabağı bizdən müsadirə edən, alan erməniləri də məğlub edəcəyik. Yuxarıda yazdım axı. Başağrısı olmasın! Deyəcəklərimiz o qədər çoxdur ki. Məmməd Əmin Rəsulzadəni tarixdən silməyə çalışın. Elçibəyi aşağılayın! Hər şeyə qarşı çıxın! Necə ki, biz inadına azadlıq mübarizəmizdən çəkinmirik, siz də bir addım geri çəkilməyin! AMMA BİZİ BU GÜN MÜSADİRƏ EDİN! SABAH 100 İL KEÇSƏ DƏ HAQQIMIZI GERİ ALACAĞIQ! ÖZÜNÜZ GERİ VERƏCƏKSİNİZ!
Çox dəyərli siafarişçi! Biz bizə qarşı savaşanlarla savaşmaqdan zövq alırıq! Lütfən, bizə bu miskin varlıqları göstərmə! Zövqümüzü korlama! Hamını amansız et! İcraçılarını əlində silah, dilində zəhər, gözlərində qəzəblə üstümüzə yolla! Biz papağında canımız Azərbaycanın gerbi olan hər kəsə dövlətçilik üçün sayqı göstərməyə borcluyuq, bunu bacararıq! Çünki bu dövləti 20 il öncə biz qurduq! Amma onlardan kimsə «soyuqdan dondum», «ayaqlarım ağrıyır», «mən bunu istəmirdim, bizi qınamayın» deyib də zavallı görkəm alanları üstümüzə yollama! AMANSIZ OL! Qanun SƏNSƏN!

Çox yaşa, PADİŞAHIM!

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button