Çoxhadisəli roman

Cəlil Cavanşir

turkustanli_celil@yahoo.com.tr

Elxan Xanəlizadənin “Yol” romanı haqqında

Müəllif və onun “Yol”u

Elxan Xanəlizadə 1980-ci ildə Füzuli rayonunda anadan olub. 1997-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə magistr dərəcəsi alıb. 2003-2005-ci illərdə Milli Ordu sıralarında zabit kimi xidmət edib. “Yol” romanının nəşrinə qədər müəllif dövri mətbuatda çıxış edib və ispan dilindən tərcümələr edib. 2006-2010-cu illərdə “Azad Azərbaycan” radiosunda aparıcı və redaktor vəzifələrində çalışıb. 2010-cu ildə “İnRadio” internet radiosunu yaradıb. Müəllifin ilk irihəcmli əsəri olan “Yol” romanı 2009-cu ildə CBS mətbəəsində nəşr olunub. Romanın audio versiyası isə Azərbaycanda səsləndirilsə də, yüksək keyfiyyətlə Türkiyədə hazırlanıb. Azərbaycanda müxtəlif müəlliflərin audio kitabları hazırlansa da, “Yol” ilk peşəkar audio-kitabdır. Hal-hazırda bir neçə xarici ölkədə çapına hazırlıq gedən kitab ölkəmizdə müəllifinə demək olar ki, uğur gətirməyib. Nəşrindən sonra kifayət qədər reklam olunsa da, nədənsə “Yol” ədəbi-tənqidin diqqətindən kənarda qalıb. Oxucuların da kitaba bir o qədər diqqət göstərdiyini təəssüf ki, deyə bilməyəcəm. Kitab bazarı ilə müqayisədə, “Yol”un qiyməti kifayət qədər bahadır. Yüksək tərtibat və keyfiyyətlə hazırlanan audioversiya ilə birgə satışa çıxarılan “Yol” orta statistik Oxucunun büdcəsinə uyğun deyil. Müəyyən qədər diqqətdən kənarda qalmış hesab etsək də, romanın bir əsas özəlliyi var: “Yol”un audio versiyası Azərbaycanda ilk peşəkar audio-kitabdır.

“Yol”un mövzusu

Əsərin qəhrəmanı təxminən 1 əsrə qədər yaşamış, 2 böyük müharibəyə, məhrumiyyətlərə, sosial və hüquqi bərabərsizliyə şahid olub. Qəhrəmanın söhbətləri əsasında qələmə alınan kitab ənənəvi və axıcı 1 dillə yazılıb. Kitabın audio-versiyasını dinləmək üçün 1 qutu siqaret, 3 fincan tünd kofe və 5 saat vaxt mənə kifayət edib. Birbaşa kitabı oxumaq istəyənlər isə narahat olmaya bilərlər, çünki kitab çox səlist və axıcı dildə yazılıb. Qısa vaxt ərzində kitabı oxuyub bitirmək mümkündür. Romanı oxuduqca (dinlədikcə) hiss edirsən ki, müəllif universitet illərini boşa keçirməyib, xüsusilə Azərbaycan dilinin sintaksis imkanlarını yüksək səviyyədə mənimsəyib. Kitabda çox nadir hallarda dil qüsurlarına, redaktə xətalarına rast gəlmək olar. Dilimizin poetik imkanlarından az istifadə etsə də, müəllifin öz dilini yüksək səviyyədə bilməsi, dilə qarşı böyük sevgisi hiss olunur. Əsər İbrahim İmanov adlı qəhrəmanın söhbətlərindən ibarətdir və müəllif əsərdə heç bir yeni texnikadan və əndrəbadi strukturdan istifadə etməyib. Əsərdə İbrahim İmanovun etdiyi 60 söhbət toplanıb. Qəhrəman əsər boyu müxtəlif cəmiyyətlərə, müxtəlif çətin və gərgin vəziyyətlərə düşsə də, öz simasını, əyalət insanın səmimiyyətini və qətiyyətini itirmir. İnam və ümid onu müxtəlif çətin şəraitlərdə ruhlandırır və demək olar ki, məğlub durumlara düşən qəhrəman hər zaman qalibdir. Həyatın amansız zərbələri, çətinlikləri qarşısında o öz insani keyfiyyətlərini qoruya bilir. Bütün çətinliklərə rəğmən İbrahim İmanov mətin və güclüdür. Müəllif “Yol” romanında oxşar talelərin, oxşar həyatların peşəkar ümumiləşdirməsini aparır. Əsərin dili və strukturu ənənəviçilikdən xilas ola bilməsə də, ötən yüzilliyin hadisələrinə müəllifin yeni və müasir baxışı var. Sovet dövründə qorxu mexanizmi üzərində qurulmuş cəmiyyətə müəllif yeni baxış sərgiləyir. Müharibədə Sovet ordusuna qarşı döyüşmək zorunda qalan qəhrəman Fransada həyatının ən maraqlı kəsimini yaşayır. Fransa onun xatirəsində əbədi olaraq iz buraxır. Müharibədən sonra müxtəlif çətinliklər yaşayan qəhrəman sürgünün və məhbəsin dadını, Qarabağ savaşının acı gerçəklilklərini də görür. Əsərin ana xətti qəhrəmanın əzablı və çətin taleyi olsa da, Sovet dövrünə, II Dünya Savaşına və Qarabağ Savaşına yazıçı münasibəti hiss olunur. Eyni zamanda müəllif Güney Azərbaycan mövzusunu da gözardı etmir.

“Vlasovçu” azərbaycanlı və Avropa

9 yaşında anasını, daha sonra ögey anasını itirən qəhrəmanımızın təhsil illəri də uğurlu deyil. 1939-cu ildə, 20 yaşında orta məktəbin 5-ci sinfini bitirən qəhrəmana 6-cı sinifə getmək nəsib olmur. Onu hərbi xidmətə çağırırlar. O, General Vlasovun komandanı olduğu 130-cu diviziyada xidmət edir. Vlasovun Sovetlərə xəyanəti və almanların tərəfinə keçməsi İbrahimin taleyini dəyişir. Polşaya keçən diviziyanın tərkibində qərar verməkdə çətinlik çəkən, narahat azərbaycanlı balası İbrahim də var idi. “Vlasovçulara” almanların pis münasibətini görən İbrahim qorxu içində də olsa, qərar verir: “Qaçmaq!” 5 ay “vlasovçu” olduqdan sonra 3 dostu ilə bərabər diviziyanın yerləşdiyi şəhəri tərk edir. Əvvəlcə İsveçrəyə, sonra isə Fransanın Marsel şəhərinə gəlir. Həyatın çətin sınaqları, yalanlar, aldanmalar, məhrumiyyətlər onu Fransada qarabaqara izləyir. Lakin müəllif bu çətinliklərin içərisində qəhrəmana sevmək, həyatını dəyişmək üçün şərait yaradır. Parisdə fransız-sovet partizanları ilə işləyir. Eyni zamanda, Parisdə yaşadığı dönəmdə yəhudi qızı ilə evlənib Nyu-Yorkda yaşamaq imkanı olsa da, qəhrəman qələbədən sonra SSRİ-yə qayıdır. Avropada gizlənə-gizlənə müharibənin sonunu gözləyən “vlasovçu”nu SSRİ-də daha böyük sıxıntılar gözləyir. Müəllif minlərlə sovet vətəndaşının acınacaqlı taleyinin rənglərini öz yaradıcı təxəyyülü ilə qarışdıraraq İbrahimin portretini yaradır.

Düşərgə… vətən… sürgün…

Müharibənin bitməsi ilə İbrahimin növbəti çətinlikləri başlayır. Vlasovun komandanlığında düşmən tərəfinə keçən bütün sovet əsgərləri kimi o da vətənində etimadsızlıqla qarşılanır və 2 il məşəqqətli düşərgə həyatından sonra 1947-ci ildə vətənə qayıdır. Ailə qursa da, hərdən Fransadakı sevgilisi, onu Nyu-Yorka qədər aparıb çıxarmaq imkanı olan Eteli unuda bilmir. Fransadan Etelin yazdığı bir məktub onu sovet DTK-sının üzücü sorğu-sualları ilə qarşı-qarşıya qoyur. İlk övladının sevincini dadmamış antisovet təbliğatı apardığına görə həbs olunur. Yalançı şahidlərin köməkliyi ilə boynuna qoyulan suçla məhkəməyə çəkilir. “Troyka” İbrahimi “vətən xaini” elan edir və Qazaxıstanın Qaraqanda vilayətinə 15 illik sürgünə göndərir. Beləliklə, doğma torpağında rahatlıq tapmadan yenidən əzab-əziyyətli qürbət yolçuluğu başlayır. İbrahimin timsalında minlərlə sürgün qurbanın sürgündəki yaşantılarını, çətinliklərlə mübarizəsini müəllif bircə cümlə ilə açır. “…“Dözmək, dözmək, sonadək dözmək!” – bu bizim çoxumuzun devizi olmuşdu.”
Stalinin – “xalqlar atasının” ölümü minlərlə insana azadlıq gətirir. Mərkəzi Komitə minlərlə günahsız insan kimi ona da bəraət hökmü çıxarır…

Yenidən azadlıq, qəribə adlı övladlar…

Əsirlikdən qayıdan İbrahimin 4 il üzünü görmədiyi oğlu Məcnunun əvəzinə başqa bir uşağı bağrına basması, sonradan isə oğluna həmin istəklə görüşə bilməməsi əsərin bəlkə də ən təsirli səhnələrindəndir. Müəllif məhz bu səhnədə insan psixologiyasını tərpədə bilən priyomdan istifadə edir. Demək olar ki, bu səhnə əsərdə ən ciddi psixoloji məqamdır.
Sürgündən sonra sovet kəndində İbrahimin yeknəsək və sıxıcı günləri başlayır. Gecə-gündüz kolxozda çalışan İbrahim yetərincə övladlarına, ailəsinə vaxt ayıra bilmir. Çətinliklər içində yaşayan ailədə bir-birinin ardınca övladlar dünyaya gəlir. Bütün təpkilərə baxmayaraq, İbrahim övladlarına özünün istədiyi adı verir. Hətta qızı dünyaya gələndə, onu qınasalar da, qızına anasının adını yox, Məhbubə qoyur. “Aminist”ə düşüb sürgündən qayıtmasının şərəfinə Məhbubədən sonra doğulan oğlunun adını Aminist qoyur. Nəhayət, dördüncü uşaq dünyaya gəlir. İbrahim bu dəfə də orijinal bir ad tapır. Fransadakı həyatının və bəlkə də sevgilisi Etelin xatirəsini qorumaq üçün oğluna Paris adını verir. Müəllifin bu məqamın üzərində dayanması isə çox maraqlıdır.
Ömrünü zülm-zillət içində yaşayan İbrahimin övladları xeyirsiz çıxır. “Soyuqqanlı olan böyük oğlum əsgərlik müddətində evimizə cəmi 2 dəfə məktub yazdı. İkisində də pul istəmişdi…”

Talesiz qəhrəman…

Həyatın sərt şillələrinə alışan İbrahim qocalandan sonra da çətinliklər onu qarabaqara izləyir. Övladlarının soyuqqanlılığı, həyat yoldaşı Gülzarın birdən-birə yataq xəstəsinə çevrilməsi dərd üstündən dərd gətirir. Artıq övladlarının hamısını evləndirsə də, qəhrəman heç bir övladından və nəvələrindən razı deyil. Əsərin başlanğıcından İbrahimi izləyən uğursuzluq onu tərk eləmir. Həyat indi də onu övladları ilə imtahana çəkir.

Güney Azərbaycan, erməni hiyləgərliyi, “20 Yanvar” faciəsi, qaçqın həyatı…

Əsərin sonlarına yaxın təhkiyə xeyli sürətlənir. Məsələn, İbrahimin Fransa, sürgün və kənd həyatı daha geniş yazılsa da, romanın sonuna yaxınlaşdıqca müəllif hadisələrin nəqlini sürətləndirir. İbrahimin Şuşaya getməsi, Qarabağ probleminin başlanması, 20 Yanvar faciəsi, İbrahimin babalarının doğulduğu torpaq – Güney Azərbaycan haqqında söhbətləri maraqlı olsa da, qısa və ötəridir.
Bütün bu illərin “bəxşişi” nisgillər və çətinliklər onun həyatında dərin iz buraxıb. Artıq o yuxusunda Təbrizi, Laləzar xiyabanını görür. Ağır qaçqınlıq həyatı, dözülməz şərait, psixoloji sarsıntılarla çarpışdığı anda övladını – Məcnunu itirir. Bütün itkilər əslində İbrahim kişini müdrikləşdirir, möhkəmləndirir. Ən önəmlisi isə odur ki, İbrahim İmanov doğulduğu Füzuliyə qayıtmağa ümidini itirməyib. Çətinliklərin yora bilmədiyi qoca inamlıdır. Pafos dolu bir cümlə romanın qayəsini, adının daşıdığı anlamı açır. «Bu mənim yolumdur! Yolumdan dönə bilmərəm!»

Yekun

Müəllif qəhrəmanın söhbətlərini birnəfəsə dinlədiyi kimi, demək olar ki, birnəfəsə də qələmə alıb. Əsərin sonlarına yaxın müəllifin yorğunluğu, tələskənliyi, romanı tezbazar bitirmək istəyi hiss olunur. Əsər qəhrəmanın ölüm xəbərinin qəzetdə yayılması ilə bitir.

Ümumiyyətlə, Elxan Xanəlizadənin “Yol” romanını müxtəlif hadisələr haqqında yazılmış tələsik və ya çoxhadisəli roman adlandırmaq olar.

“Xural” qəzeti,

İl: 9, sayı: 022 (430), 12-18 iyun 2011-ci il

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button