CPJ “AbzasMedia”ya münasibəti qisas adlandırır

Yayımlandı: 12 İyun 2024 22:48

Təşkilat jurnalistlərin həbs müddətinin uzadılmasından məyus olduğunu deyir

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Azərbaycan məhkəməsinin “AbzasMedia”nin 6 jurnalistinin həbs müddətinin bir daha uzatmasından məyus olub.

CPJ-nin Nyu-Yorkdakı Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib ki, CPJ Azərbaycan hakimiyyətinin “AbzasMedia”nin 6 jurnalistinin əsassız həbsini bir daha uzatmasından dərin məyusdur və ittihamları tənqidi reportajlara qarşı qisas sayır:

Azərbaycan hakimiyyəti həbsdə olan bütün “AbzasMedia” əməkdaşlarını dərhal azad etməli və ölkədə hazırda oxşar ittihamlarla üzləşən 13 jurnalistə qarşı ittihamları ləğv etməlidir”.

Jurnalistlər Azərbaycanın Qərblə diplomatik çəkişmələrinin qurbanı olmamalıdırlar”, – deyə Gülnoza Səid əlavə edib.

Jurnalistləri Müdafiə Komitəsi, Mənbə: https://www.humanrightscareers.com/ səhifəsindən screenshot edilib

İyunun 12-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və layihə rəhbəri Məhəmməd Kekalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini üç ay uzadıb.

İyunun 11-də “AbzasMedia”nın jurnalisti Nərgiz Absalamovanın həbs müddətini üç ay, ondan bir gün əvvəl isə jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti müvafiq olaraq bir və iki ay uzadılıb.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlar da Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham olunur.

Bu maddənin sanksiyasında 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adları çəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, “AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

“AbzasMedia”dan sonra “Kanal 13” internet kanalı, “Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran “meclis.info” saytının rəhbəri də qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib.

Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button