“Crocus City Hall” işi: 17 min tacikistanlı Rusiyadan deportasiya edilib

Yayımlandı: 7 Avqust 2024 13:03

Nazir deyir ki, vətəndaşlar müxtəlif səbəblərdən qovulurlar

Bu ilin altı ayı ərzində Tacikistanın 17 min vətəndaşının Rusiyadan deportasiya edildiyi bildirilir.

Bu barədə Tacikistanın əmək, miqrasiya və məşğulluq naziri Gülnora Xasanzoda məlumat verib.

Onun sözlərinə görə, bu rəqəm 2023-cü ilin bütün ili ilə müqayisədə çoxdur.

Ümumilikdə ötən il ərzində Rusiyadan çıxarılan taciklərin sayı 11 mindən çox olub. 2024-cü ilin ilk altı ayı ərzində isə ölkədən deportasiya edilən taciklərin sayı 17 134 nəfər təşkil edib. Vətəndaşlar müxtəlif səbəblərdən qovulurlar. Əksər hallarda isə bu, əcnəbilərin ölkə ərazisində yaşayıb çalışmaq icazəsi verən yaşayış möhlətinin müddətinə əməl etməmələridir. İndi Rusiyada buna çox diqqət yetirirlər. Deportasiya müddəti hələ başa çatmamış bəzi vətəndaşlar da Rusiya ərazisinə buraxılmır. Bu qaydalar bütün əcnəbi vətəndaşlara şamil edilir”, – nazir deyib.

Rusiyada taciklərin kütləvi deportasiyasına bu ilin martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror hücumundan sonra başlanılıb.

Terror hücumunda 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

Terror törətdiyi bildirilən 6 nəfərdən 4-ü Tacikistan vətəndaşıdır.

Dalerjon Mirzoev, Murodali Racabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduniyə qarşı “mütəşəkkil dəstənin tərkibində terror aktı törətmək” ittihamı irəli sürülüb.

Terrordan sonra Rusiyada yerli əhalinin, həmçinin də dövlət qurumlarının tacik mühacirlərə qarşı münasibətinin kəskin dəyişdiyi bildirilir.

Rusiyadakı taciklərin iş yerlərində hücum və diskriminasiya (ayrıseçkilik) obyektinə çevrildiyi deyilir.

Onların hətta ksenofob (əcnəbi qorxusu) qruplaşmalar tərəfindən hədə-qorxuya məruz qaldıqları qeyd olunur.

Daha öncə Dövlət Duması miqrasiya qanunvericiliyində islahatların aparılması ideyasını dəstəklədiyini bildirib. Parlamentin aşağı palatasının mətbuat xidməti ölkədə miqrasiya proseslərini tənzimləyən mövcud qaydaların təkmilləşdirilməsi məqsədilə baş nazir Mixail Mişustinə sorğu göndərdiyini bildirib.

Həmçinin Dövlət Dumasına Rusiya iqtisadiyyatının tibb və təhsil kimi bəzi sahələrində əcnəbi işçilərin işə götürülməsini qadağan edən qanun layihəsi təqdim edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button