Çürüyən əsgərlə Qarabağı xilas edə bilərikmi?

Gözün aydın olsun Vətən, bir oğlun daha öldü!

Gözün aydın olsun düşmən, bir düşmənin daha öldü!

Allahın adı ilə!

Bir neçə gün əvvəl xəbər verildiyi kimi Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (çavuş) Eldar Qədiroğlunun bədənində çürümələr baş vermişdi. Səbəb isə burnunda aparılan cərrahiyyə əməliyyatı olub. 19 yaşlı hərbi qulluqçunun atası bu sözləri deyir: “Hərbi xidmətini Mingəçevirdə yerləşən “N” saylı hərbi hissədə çəkən Eldar manqa komandiri vəzifəsinə qədər yüksəlir. Bu ilin may ayında isə qəfildən çavuşun səhhətində problemlər yaranır. Tənəffüs sistemindəki problemi aradan qaldırmaq üçün iyunun 29-da Bakıya – Hərbi Hospitala yola salınır. Hospitalda olan müddətdə bütün dava-dərmanı öz pulumuza aldırıblar. Sonra oğlumun burnunda uğursuz əməliyyat aparıblar. Ona nəfəs yolunun tutulması diaqnozu qoyuldu. Oğlum əməliyyat olundu və bu əməliyyat çox uğursuz alındı. Əməliyyatdan sonra əsgərin sifəti şişməyə başladı. Şiş çəkilmədiyinə görə, elə hospitalın həkimləri onu Mərkəzi Klinik Xəstəxanaya aparmağı məsləhət gördülər. Həmin klinikada oğlum Türkiyədən gələn cərrah tərəfindən əməliyyat olundu. Əməliyyata 1875 manat pul ödədik….”
29 sentyabr tarixində isə xəbər verildi ki, bəs həmin əsgər Dövlət Hava Limanında dünyasını dəyişib. Xəbəri oxuduqda çox pərişan oldum, amma demərəm ki, mənim üçün gözlənilməz oldu. Çünki Azərbaycan Silahlı Qüvvələrində xidmət edən əsgərlərin intihar etməsi, öldürülməsi, bu cür çürüməsi adi qarşılanmalıdır. Hərbi xidmətdə olanlar bunu məndən daha yaxşı bilərlər.
Türkiyəyə getmək üçün Hava Limanına gətirilən hərbi qulluqçumuz elə oradaca dünyasını dəyişib. Əvvəlcə onu vətənə tapşıran atası, indi isə onu vətən torpağına tapşırır.
Bundan ötrü məsul şəxslər və bəli, məhz onun ölümünə səbəb olanlar əllərini vicdanlarına qoysunlar. Əlbəttə ki, əgər vicdanları varsa. Müalicə pulunu belə, öz cibindən verən atası ordu sıralarına sağlam oğul göndərir, o, xəstələnir və yardım edən olmur. Atasının əl-ayağa düşüb canfəşanlıq etməsinə rəğmən.
Sonuncu dəfə Silahlı Qüvvələr Günündə də (26 iyun) hər dəfə olduğu kimi, parad keçirilmiş və nəyə qadir olduğumuzu nümayiş etdirmək üçün “Azadlıq” meydanında silah-sursatımız, texnikamız, arsenalımız nümayiş etdirilmişdi. Bəs, görəsən, əsgərlərimizdən xəbər tuturlarmı?
Söz düşdükdə deyərik ki; əsgər, vətənin və ana-bacılarımızın qeyrətini qoruyur. Hərbi vətəndaş mülki vətəndaşdan üstündür. Çünki o, həm vətəni, həm özünü, həm də, mülkü vətəndaşları (xalqını) qoruyur. Qışın soyuğunda və yayın isti cırhacırında vətənin səngərində durub qeyrət çəkir.
Amma bizə gəldikdə, biz bir əsgərimizi qoruya bilmirik, əsgərimizi qoruya bilmiriksə, ana-bacılarımızı necə qoruyacağıq?
Qarşıdan isə Müstəqillik Günü gəlir. Çürüyən əsgərimizi xilas edə bilməyən bizlər görəsən, Qarabağı nə vaxtsa xilas edə biləcəyikmi? Bu Müstəqillik Günü üçün də tədbirlər hazırlayıblar. Görəsən, kim çıxıb bu hadisədən ibrət alacaq və bundan sonra ordumuzla maraqlanmaq üçün məsul şəxsləri məsuliyyətə səsləyəcək?
Əsgərin dünyasını dəyişdiyi gün və o günün səhəri isə iki xəbər oxudum. Sən demə, həmin gün Müdafiə nazirimiz general-polkovnik Səfər Əbiyev Cənubi Koreya Respublikasının Azərbaycanda akkreditə olunmuş hərbi attaşesi, briqada generalı Hakyang Parkı qəbul edib. Və Səfər Əbiyevin oğlu prokurorluqda vəzifə alıb – keçmiş Milli Məclisin spikeri Murtuz Ələsgərovun oğlunun köməkçisi olub! Nə gözəl! Qarabağ müharibəsində iştirak belə etməyən, əsgərlərə və orduya həmişə biganəliyi ilə seçilən cənab general-polkovnik Səfər Əbiyev təkcə general Hakyang Parkı deyil, bəlkə də Qarabağın bir daha geri qaytarılmayacağını, ordumuzun artıq, bundan sonra daha da pis vəziyyətə düşəcəyini, hərbi qulluqçuların hər gün xidmət zamanı təhqir ediləcəyini, orduda rüşvət və korrupsiya hallarının daha da artıb-çoxalacağını, vətən oğullarının bundan sonra daha tez-tez çürüyüb öləcəklərini də qəbul edib.
Daha sonra əsgərin ölümü ilə bağlı “maraqlı” xəbərlər işıqlandırıldı. Nə bilmək olar, bəlkə çox söz-söhbətlər meydana gələcək, amma o əsgər bir daha dövrana gəlməyəcək!
Rəhmətlik Baba Pünhanın bu sözləri yadıma düşür: “…gecə-gündüz yeri səngər, vətənin qeyrətini qoruyan əsgər. Yağı tülkü, sən hünərvər, yağı güclü, sən oğul-ər, gücünü düşmənə göstər, elə göstər ki…”

Bu əsgər bala isə üzünü xalqa göstərdi, vicdanlarımız kimi, ordumuz kimi, Qarabağımız kimi, siyasətimiz kimi çürüyən üzünü… Əsgərimiz var, təmas xəttində – atəşkəs pozulduğu üçün dünyasını dəyişir. Əsgərimiz də var ki, üzünün çürüməsi səbəbiylə və səhlənkarlıq ucbatından. Görəsən, Vətən üçün hansı daha çox ağırdır?
Allah rəhmət eləsin!

Qasımbala Səfərov

 P.S. Əsgərlərimizə ibadət üçün icazə, sağlamlıq, bol qida, saz silah, ürək-dirək, müharibə əmri, vətən sevgisi… “verməyin”, nazir balalarına vəzifə-mənsəb verin!

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button