Dəyişilməyənlər

Nurəddin Xoca

Tarix təkrar olunmağı sevir. Amma heyf ki, əvvəl faciə kimi, sonra isə məzhəkə formasında. Bunu mən deməmişəm, ulular deyib. Elə biz də – nədən yazsaq, bütün bunlar dünənin təkrarıdır. Buyurun, elə bu günlərdə antikorrupsiya adı altında bir reklamlı kampaniyaya start verilmişdi. Nə oldu? Bir-iki xırda-para məmur tutulmaqla hər şey köhnə axarına döndü. Bax bu məzhəkədir. Çünki H.Əliyevin zamanında bir-iki sanballı məmur tutular və bu hadisə elə əhatə olunardı ki, hamı bəh-bəh deyərdi. O, əsl faciə idi. Ona görə də deyirəm ki, indi farsdır…

Nə oldu? Nə isə dəyişdimi? Əsla. Bütün bu korrupsiyanın, rüşvətin, monopoliyanın akulaları rahat öz işlərində. Bunumu gözləyirdi xalq? Əsla. Yoxsa gömrükdə daha rüşvət almırlar? Vergilər Nazirliyi daha haqq yığmır? Xəstəxanalarda pulsuz üzünüzə baxırlarmı? İnstitutlar, universitetlər əsl rüşvət ocağı olaraq qalmırmı? Bəlkə mən səhv deyirəm. Kim əksini sübüt etsə üzr istəməyə hazıram.

Amma bir şeydə səhvim var. Hər halda dəyişiklik var. Əvvəl bir manat alırdılarsa, indi üç alırlar. Bu qədər bəsit.

Hər bir dövlətin təməli ədalətdir. Bəzi uğurlu istisnalar (pul yoxdursa) olmaqla heç bir dəyişiklik yoxdur. Köhnə hamam, köhnə tas. Bu gün ədalət ədalətsizliyə qulluq edir, qanunsuzluq məhkəmə zallarında hökm sürür.

Artıq elə bil ki, biz də buna öyrəncəliyik. Xalq rüşvətə etiraz etmir. Xalq rüşvətin əndazəsini aşdığına etiraz etmir. Hamı bilir ki yuxarılar üçün qanun ayrıdır, aşağılar üçün ayrı. Bütün çıxan qanunlar sadə adamlar üçündür. Adi bir faktı deyim.

Bizim Anayasamızda yazılıb ki, dövlət dilimiz Azərbaycan dilidir. Bütün dövlət qulluqçuları bu dili bilməlidir. Bütün məmurlar bu dildən istifadə etməlidir. Amma bu yaxınlarda keçirilən “Az inkşaf eləmiş dövlətlərin forumu”nda baş nazirimiz möhtərəm Artur Rəsizadə rus dilində çıxış edirdi. Lap SSRİ-nin gur vaxtlarındaki kimi. Onda başa düşürdük, rüs imperiyasının bir hissəsi idik və buna məcbur idik. Bəs indi? Dövlətin ikinci adamı nədən Anayasaya məhəl qoymur? Özü də beynəlxalq aləmin qarşısında. Baş nazir belə edəndən sonra biz başqalarından nə istəyə bilərik?

Bəs SSRİ illərindən qalmış xalqın əmanət kassalarındakı pulları? Halal zəhmətlə qazanılmış kəfən pulları, dar gün üçün yığılmış pullar. Onlar nə oldu? Niyə qaytarmırlar? Görün nə deyirlər? Qaytarsaq inflyasiya böyüyər. Yalançının… A kişilər, dəvəni karvanı ilə yeyirlər, milyonları bir gecədə səpələyirlər bu zəhrimar böyümür. Elə bizim qocaların kəfən, dərman pulları ilə böyüyəcək? Cəhənnəmə böyüsün. Bəs onda bizim o tərifli iqtisadi möcüzəmiz nə oldu? Deyəsən, o pullar da bunların iştahalı vaxtlarına düşüb. Basıb onu da yeyiblər. İndi də bu bəhanələrlə başımızı aldadırlar.Yoxsa ac Tacikistan, “Borjomi” ilə dolanan Gürcüstan qaytarır, neft və milyonlar ölkəsi Azərbaycan yox?! Deyəsən, torbada pişik var axı! Vallah, adam bilmir gülsün, yoxsa ağlasın.

İ.S. Bu arada sizə bir gülməli xəbər verim. Biz “Xural”ı Prezident Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehtiyevin avadanlıqları ilə çıxarırıq. Bəli, təəccüblənməyin. Artıq bu avadanlıq məhkəmə icracıları tərəfindən siyahıya alınıb və baş redaktor Əvəz Zeynallıya saxlanılması üçün təhfil verilib. Dünənə qədər bizim olan artıq bizim deyil.

Əslində elə deyəsən, dünənə qədər bizim olan bu Vətən də bizim deyil. Çünki biz artıq 21-ci əsrdə bu “Vətən” deyilən torpaqlarda qul kimi bir qarın çörəyə möhtacıq. Qulun isə Vətəni olmur.

“Xural” qəzeti,

İl: 9, sayı: 021 (429), 05 – 11 iyun 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button