Dəmir yolçuların rəhbərlərinin də hamamları var

Dövlət Dəmiryol İdarəsinin rəisi Arif Əsgərov

Son vaxtlar dövlətin lap təpəsində olan insanlarla bağlı gələn informasiyalar olduqca məzəli, bir az da təəccüblüdür. Ən maraqlı məqam isə bu şəxslərin öz xidməti sahələrində məhz mənzilə xas məkanları yaratmalarıdır. Belə məkanlardan ən çox diqqəti çəkən isə hamamdır. Əslində, hamam insan sağlamlığına xidmət edən bir məkandır. Onun olması çox vacibdir. Lakin mənzildə. Azərbaycan məmuru deyəsən, xidməti məkanını da mənzilinə bənzətməyi çox sevir. Hamamla bağlı gələn informasiyalar yaddaşlarda daha çox Azərbaycan Sov.İKP MK-nın unikal sabiq Baş Katibi Əbdürrəhman Vəzirovu canlandırır. Ə.Vəzirov Qarabağ müharibəsinin kəskinləşən zamanında nədənsə diqqəti daha çox kütləvi hamam tikməyə yönəldirdi. Sanki hər bir problemin açarı məhz hamamın çatışmazlığında idi. “Bizə xamam lazımdır” – deyən Vəzirovun gec də olsa “müdrik məsləhətlərinə” əməl edən rəhbərlər artıq var. Ötən saylarımızın birində bu məsələ ilə bağlı yazının dərcindən sonra redaksiyaya daimi Oxucularımız tərəfindən çoxlu sayda maraqlı məlumatlar daxil olmağa başlayıb. Belə məlumatlardan biri də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov və onun birinci müavini Əlirza Süleymanovla bağlıdır. Məlumatda bildirilir ki, cənab A.Əsgərovun və Ə.Süleymanovun da xidməti sahələrində ən müasir şəkildə quraşdırılmış hamamları var. Hətta məlumatda o da öz əksini tapıb ki, restoranlara getməyi o qədər də çox sevməyən cənab Əsgərov dostlarla olan məclislərini istirahət otağında keçirməyi daha çox sevir. Ə.Süleymanovla bağlı söylənilənlər isə daha çox təbəssüm yaradır. O qədər də qalın saçları olmayan cənab Süleymanov hamam otağına hətta saç qurutmaq üçün fen belə quraşdırtdırıb. Dəyərli Oxucuların diqqətinə çatdırmağı özümüzə borc bilirik ki, cənab Ə.Süleymanov ANS-də hər bazar günü efirə gedən “Qulp” verlişində tez-tez hakimiyyəti kəskin tənqid edən, hətt ayrı-ayrı məmurları ələ salan akademik Nizami Süleymanovun qardaşıdır. Araşdırmalarımızı davam etdirəcəyik.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button