Dərdin batmanla gəldiyi yer – Fövqəladə Hallar Nazirliyi!

Mən bu qisası yerdə qoymayacam!

 Su altında qalan şəhid qəbri!..

 Sanki gestapodur. Hamını və hər kəsi yoxlayırlar. Birinin sualına cavab verməmiş digəri eyni sualı verir – haradan gəlmisən, kimin qəbuluna yazılmaq istəyirsən? Prezident Aparatından fərqli olaraq burada hər kəs birinci ilə – Kəmaləddin Heydərovla görüşmək istəyir. Qəribədir, illər uzunudur fövqəlnazir idarəçiliyində elə bir forma tətbiq edib ki, onun rəhbərlik etdiyi sahədə ikinci şəxs anlamı yoxdur. İllər öncə dostlardan birinin söylədiyi kimi: “Azərbaycanda nə olursan ol, sadəcə birinci ol, lap hamam müdiri olsan belə”.

İçəridə sifətində azca təbəssüm olan bir şəxs belə yoxdur.

 Sevinc niyə qaçıb görəsən bizdən?

İçəridə kifayət qədər adam var. Daha çox müxtəlif rayonlardan gələnlərdir. Ləhcəsindən Aran zonasından olduğunu ehtimal etdiyim bir kişi iki sətir şeiri zümzümə edirmiş kimi dayanmadan söyləyirdi:

 Sevinc niyə qaçıb görəsən bizdən?

Kədəri basmışıq bağrımıza biz.

 – Ağsaqqal nə olub, deyəsən, şeirin arxasını düzüb-qoşa bilmirsən?

 Nə vaxt xahiş etdim Ulu Öndərdən?

Anam dul arvaddır, bəlkə …

 Doğrusu, kişinin həmən cavab verməsi, şeiri söyləyərkən sifətinin mimikası o qədər məzəli oldu ki, gülməkdən özümü güclə saxladım. Həm də bu qədər kədərli insanın içərisində gülməkmi olar?

– Bunumu özünə dərd edirsən?

– Yox, dərd hələ bundan sonra olacaq.

– Nə olub?

– Sənin nə dərdin var?

– Bura kefindən gələnmi var?

– Onu düz deyirsən. İkinci ildir ki, evim başıma uçub. 8 nəfərlik ailə ilə həyətdəki tövlədə qalırıq. Yazmadığım, getmədiyim, qapısını döymədiyim yer qalmayıb. Görəsən, dünyada İmişlinin icra başçısından da yalançı adam varmı?

– Var, onu ora təyin edən.

– Qələmi sınaydı. Uçan evlərin, qəzalı vəziyyətdə olanların hamısının evinə baxış keçirdilər. Gəlib mənim də evimə baxdılar. Keçmiş kolxoz sədrimiz var, kolxozu elə o dağıtdı. İndi də yuxa qulağı sulayır. Onu salıblar qabağa. Heç kolxoz olan vaxtlarda da camaatın ondan xoşu gəlməzdi. İndi yenə də haradan çıxdı meydana, bilmirəm. Birinci özünə ev tikdirdi, sonra da qohum-əqrəbasına. Axırda da Bikəyə.

– Ona niyə?

– Axı axşamlar ora yığışırlar, birdən ev başlarına uçardı.

 Mən bu qisası yerdə qoymayacam!

 Kənarda kimsə ilə danışmayan ağ saçlı qadın gözlərini bir nöqtəyə dikib, səsi eşidilmədən öz–özünə nə isə danışırdı. Hərdən də başını qaldırıb əsəbi şəkildə:

– Ay bala, nə oldu, bizi qəbul edəcəklər? – deyə əldə-ayaqda fırlanan mühafizəçilərə suallar verirdi.

Nimdaş geyimli ağbirçək bir qadın da mühafizəçilərin tutuquşu kimi əzbərlədikləri suallara candərdi cavab verib, gəlib həmin qadının yanında dayandı. Öz-özünə danışan həmin qadının hərəkətlərini bir az gözaltı süzəndən sonra:

– Sənin nə dərdin var bacı – deyə soruşdu. Burada hər kəsi yalnız dərd birləşdirmişdi.

– Sabirabaddanam, ötən il Kür daşanda kəndimiz qaldı suyun altında. Birtəhər canımızı qurtardıq. Kaş qurtarmayaydım. Gözlərim kor olaydı…

Yana–yana ağlayır. Onun daxili yanğısı mənə də sirayət edir. Dinləmək üçün bir az da yaxınlaşdım. Davam edir:

– Özümüz canımızı qurtardıq, bəs ölümüzü çıxarıb hara aparaydıq? Bədbəxt balam onsuz da yaralı idi…

– Yenə də səsi qırılır. Gözlərindən axan yaş deyildi, sanki ürəyinin qanı idi, yanaqlarından süzülürdü. Əməlli-başlı kövrəlmişdim.

– Balam şəhid olub. O daşqında bütün qəbiristanlıq da qaldı suyun altında. Su çəkilən kimi kəndə qayıtdıq. Birinci qəbiristanlığa qaçdım. Mənim evimi onsuz da Allah yıxmışdı. Seldə balamın da damı çökmüşdü. Ana üçün bundan dəhşətli nə isə varmı? Hər şeyimizi sel aparmışdı. İmkanım yoxdur ki, qəbirin üstünü təzədən düzəltdirim. Birtəhər torpaqla çökən yerləri düzəltmişik. Axı bu, şəhid qəbridir? Əgər etməsələr, mən bu qisası yerdə qoymayacam.

Bir az öncə içəri daxil olan nimdaş geyimli qoca qadın dayanmadan ağlayırdı. Deyəsən, öz dərdini artıq çoxdan unutmuşdu.

 Qardaş, pulumu verin də…

 Cavan bir oğlanın mühafizəçi ilə mübahisəsinə demək olar ki, hər kəs diqqət kəsilmişdi. Oğlan ciddi–cəhdlə içəri girmək istəyirdi. Mühafizəçinin hər dəfə “gözlə, əvvəl qəbula yazılmaq lazımdır” sözləri gənci lap hövsələdən çıxarırdı:

–         Ay qardaş, belə də iş olar? İşləmişəm, pulumu verin də.

Ona yaxınlaşıram.

–         İndi bayıra çıxaracaqlar, heç dərdini də deyə bilməyəcəksən. Bir az səbrli ol. Nə baş verib?

Oğlan sanki elə bu suala bənd imiş:

–         Daşqınlar zamanı evlər uçandan sonra Sabirabadın icra hakimiyyəti ilə Fövqəladə Hallar Nazirliyinin işçiləri evi uçanlara ev tikmək üçün işçi qüvvəsi axtarırdılar. Mən də hörgüçüyəm. Fikirləşdim ki, elə öz kəndimizdi, həm camaata kömək edək, həm  də balamıza 3-5 manat çörək pulu qazanaq. Kənddən briqada topladıq, başladıq işləməyə. Nəyi necə deyirdilərsə, elə də tikirdik. Əvvəllər pis deyildi. 10-15 gündən bir 50-100 manat verirdilər ki, hələlik bunu alın, axırda hesablaşarıq. Biz işi bitirib təhvil verdik İH-yə, onlar da Fövqəladə Hallar Nazirliyinə. Bir ildir, qalmışıq Bakı ilə Sabirabadın arasında, pulumuzu ala bilmirik. İH deyir artıq bizlik deyil, vermişik FHN-ə. Gəlirik bura, buradan da deyirlər biz pulu köçürmüşük İH-nin hesabına. Haqqınızı onlardan tələb edin. Prezidentə də, Mehriban xanıma da ərizə yazmışıq. Heç bir nəticəsi yoxdur. Hər iki ərizəni göndəriblər bura, buradan da Sabirabada. Belə hökumət olar?

 Bəs indi mən balamı necə saxlayım?

 –         Qardaş, sən Allah kim olursa-olsun, məni ən tez qəbulu olanın növbəsinə yazın. Mən də buranın işçisi olmuşam.

–         Harada işləyirdin? – ağzını gah kvadrat, gah da ellipis formasına salan mühafizəçi laqeydliklə təxminən 30-32 yaşlarında olan gəncdən soruşdu:

–         Pajarnıda (yanğınsöndürən – XuralTAC).

–         Bəs niyə çıxdın?

–         Çıxmadım, çıxartdılar. Adını da qoydular ki, nazirin əmri var, ixtisar gedir. Halbuki özlərinə sərf edənlər var ki, heç “şlankı” düz-əməlli tuta da bilmirlər. Nə var ki adamları var, tapşırıblar.

–         Gözlə.

–         Gözləyim ey, gözləməyinə, amma bilim ki, bir nəticəsi olacaq.

–         Onu mən həll etmirəm.

Gənc öz-özünə gileyləndi:

–         Bunların heç Allahdan qorxuları yoxdur. Bəs indi mən balamı necə saxlayım?

Artıq burası daha durulası yer deyildi. Hər tərəfdən dərd batmanla gəlirdi. Qapıdan çıxanda bir az əvvəl şeir deyən qoca ilə göz-gözə gəldik. Sanki məndən soruşurmuş kimi yenidən təkrarladı:

–         Nə vaxt xahiş etdim Ulu Öndərdən?

–         …

 XuralTAC

Redaksiyadan:

Fövqəladə Hallar naziri hörmətli Kəmaləddin Heydərov BBC-nin açıqlamalarından sonra mətbuat işçilərini hədəf götürdü və redaktorları hədələdi və dərhal sonra mətbuatda nazirlə görüşüb məsələlərə aydınlıq gətirmək təklifləri səslənməyə başladı. Fövqəlnazir bu təklifi qəbul edəcəkmi, etməyəcəkmi, o ayrı məsələdir, amma əməkdaşımızın Nazirliyin qəbul otağından, binasının qarşısından hazırladığı reportajda hər şey aydınca görünür. İnsanların dərdinə bu qədər laqeyd yanaşan, qəbuluna gələnləri küçələrdə mühafizəçilərinin hörmətsiz hərəkətləri ilə üz-üzə buraxan bir nazir redaktorlarla niyə görüşsün ki? Görüşsə nə dəyişər ki?

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button