Dəyərlər simvolu: Əbülfəz Elçibəy-YAZI MÜSABİQƏSİ

Şəxsiyyətlər haqqında yazmaq, danışmaq, fikir söyləmək maraqlıdır. Bir söz olaraq yox, əməli olaraq özünü təsdiq etmiş insanlar özləri ilə birlikdə cəmiyyəti də yüksəlişə doğru aparırlar. Belə insanlardan biri heç şübhəsiz 20-ci əsrin sonlarında bizim azadlığımıza, istiqlalımıza, milli yüksəlişimizə imzasını qoymuş Əbülfəz Elçibəydir. Bu saçlı-saqqallı böyük şəxsiyyət  uzaqgörənliyi, qorxmazlığı, səmimiyyəti, vətənsevərliyi, xarizmatikliyi, dürüstlüyü, yaltaqlara, saxtakarlara, rüşvətxorlara, hərislərə, talançılara nifrəti ilə seçilən yenilikçi, inqilabçı idi. Bütün bunlarla birlikdə onun ən böyük xüsusiyyəti isə özünəməxsus olan demokratlığı idi. Elçibəy adı və liderlik keyfiyyətləri ilə əsl xalq adamı olduğunu nümayiş etdirirdi. Elçibəy islam və şərq əxlaq sisteminin böyük bir hissəsini mənimsəmişdi. Yaşadığı cəmiyyətdə və siyasətdə bu əxlaqi dəyərləri qoruyurdu. Onu həmişə bir şey düşündürürdü:  Azərbaycan və Azərbaycanın gələcəyi. O, bu yolda sonuna qədər vuruşmuş və heç vaxt əqidəsindən dönməmişdir. U.Çörçill belə bir fikir söyləmişdir: “Siyasi xadim seçkiləri, dövlət xadimi isə xalqı düşünərək siyasət yeridir”. Buna əsasən deyilə bilər ki, Əbülfəz Elçibəy də əsl dövlət xadimi idi. O, istər dissidentlik dövründə, istərsə hərəkat və ya prezidentlik dövründə xalqın gələcəyini düşünmüş, bu istiqamətdə siyasət yürütmüşdür.

Əbülfəz Elçibəyin idarəetməsində hümanizm prinsipləri üstünlük təşkil edirdi. Müasir dövrdə dünya siyasətində islam, şərq əxlaq sisteminin prinsiplərindən istifadə edən siyasi lidərlər azdır. Əbülfəz Elçibəy dövləti idarə etmək üçün şərq fəlsəfəsində mövcud olan bəzi əxlaq  kateqoriyalarını siyasətə gətirmişdi. O Elçibəy müsəlman şərqinin filosoflarının və böyük mütəfəkkirlərinin dövlət başçısı haqqında fikirlərini, idarəçilik prinsipləri və nəzəri əsaslarını yaxşı bilirdi. O, Məhəmməd peyğəmbərin, N.Tusinin, Fərabinin, İbn Sinanın, İbn Qəzalinin, İmam Əlinin siyasi fikirlərini istifadə edirdi. İdarəçiliyindəki hədsiz ədalətlilik bundan doğurdu.  Elçibəy şərq filosoflarının fikirləri ilə qərbdə olan idarəetmə prinsiplərini çulğalaşdırmış və 70 il sovet rejimi əsarətində olan dövlətə yeni idarəetmə ruhu gətirmişdi. Dünya demokratlarından fərqli olaraq siyasətə əxlaq və ruh anlayışını da əlavə etmişdi. Bu, müasir dünya siyasətində yenilik idi. Qərb siyasilərini heyran edən bu özünəməxsusluq postsovet məkanında bizi ən ali demokratiya istəkli xalq məqamına yüksəltmişdi. Şərqi Avropa demokratiya institutunun prezidenti İrina Lasota qeyd edirdi ki, Elçibəy sovet imperiyasında tərkibi çox kiçik olan ən elitar liderlər qrupuna mənsubdur, bu məkanda onun adı nəinki hər yerdə tanınır, həm də böyük əfsanəyə çevrilmişdir. Lex Valensa da bu cür əfsanəyə çevrilmiş şəxsiyyət olmasına baxmayaraq, Əbülfəz Elçibəydən demokratiya dərsi ala bilərdi, Bu mənada Marqaret Tetçer Əbülfəz Elçibəyi “Qafqazın ən böyük demokratı adlandırmışdır”. Ə.Elçibəy unversal fəlsəfi-siyasi düşüncəyə malik bir şəxsiyyət idi. Onun özünün siyasi lider olaraq hərəkətlərindəki yumşaqlıq şərq fəlsəfəsinin əxlaqi dəyərlərindən  doğurdu, ümumilikdə isə hakimiyyəti zamanı sistemdəki yumşaqlıq özünün dediyi kimi siyasi sistemin demokratik siyasi rejimə hazır olmaması ilə ifadə olunmalıdır. Hansı ki, 1992-ci ilin 25 martında parlamentdə çıxışı zamanı dediyi sözlər prezident seçildiyi məqamdan 1 il sonra özünü göstərmişdi.

Əbülfəz Elçibəyi dünya liderlərindən fərqləndirən bir xüsusiyyət də onun qorxmazlığı idi. O, dünyanın tanınmış diktatorlarını, zülmkar liderlərini birbaşa, açıq şəkildə tənqid etmişdir. Yerindən və millətindən asılı olmayaraq, bütün diktatorları lənətləyirdi. O, S.Hüseyn, İ.Kərimov, S.Niyazov, N.Xuruşov, M.Qorbaçov, Ayətullah Xomeyni kimi diktatorları tənqid etmişdir. Əbülfəz Elçibəy böyük ideyaların daşıyıcısı və aparıcı lideri idi.

Kütlə psixologiyasının ən böyük təsnifatını verən Fransız sosioloqu Qustav Lebon qeyd edir ki , başçıların müdafiə etdikləri ideya və can atdıqları məqsəd nə qədər sərsəm olsa da, onların inamını heç bir məntiqi dəlil sarsıda bilməz. Nifrət və təqib onlara heç bir təsir gostərmir, daha da onları qızışdırır, şəxsi manafe, ailə – onlar hər şeyi qurban verməyə hazırdırlar, onlarda özünü qoruma instinkti o dərəcədə itir ki, yeganə can atdıqları öz ideyalarıdır. Ə.Elçibəyin Azərbaycanın azadlığı, istiqlalı, bütövlüyü və xoş gələcəyi uğrunda mübarizədə necə çarpışdığına, əziyyətlərə qatlaşdığına şahid oluruq. Onun əsas özünəməxsus bacarığı insanların birliyini, bütövlüyünü təmin etməyi bacarması idi. 1988-1993-cü illərdə istiqlalçi və demokratiya tərəfdarlarını bir yerə yığmağı bacardı. 1997-ci ildə Bakıya dönüşü zamanı milli qüvvələri, demokratik düşərgəni və bütünlükdə müxalif quvvələri arxasınca aparmağı bacardı. Amma ən böyük arzusu olan Azərbaycanı bütövləşdirməyə, demokratiyanı bərqərar etməyə, Azərbaycanı firavanlaşdırmağa fani həyat imkan vermədi.

Elçibəyin dini-fəlsəfi, siyasi, ideoloji fikirləri humanist, bəşəri insanpərvərliyi təcəssüm etdirirdi. Elçibəy millətçi idi, amma bu, nifrət doğuracaq bir millətçiklik deyildi. Elçibəyin millətçiliyi şovinizmdən, ifrat millətçilik və faşizmdən uzaq millətçilik idi. O, haqq millətçisi idi. Haqq carçısı olan bu adam sonuna kimi də haqq yolu ilə getdi:

Orda bir yol var, uzaqda, o yol bizim yolumuzdur.

Dönməsək də, varmasaq da, o yol bizim yolumuzdur.

Ceyhun Nəbi

 

“Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button