Dəyişin kadrlarınızı

Qaranlıq məqam

Bakir Həsənbəyli

Yenə də başlayıblar. Həftə sonu mənasız, düşük sujet xətti olan hind filmləri göstərirlər, həftə içi açılışlarda olur, təltiflər edir, mənasız titullar verirlər. Bunları başa düşmək olmur. Ya çaşqın vəziyyətdədirlər, ya da elə düşündükləri sadəcə budur. Adamlar nəyi, kimə və hansı formada təqdim edirlər, fərqində deyillər. Fərqin itməsi azalanı bir az da azaldır, çıxılanı isə ümumiyyətlə yox edir. Belə ictimai rəymi formalaşdırarlar? Ötən 20 ildə dünyadan müsbətə doğru nə isə əxz etmədinizmi? Bitmədimi?

Artıq önlərinə sipər etməyə də adam tapmırlar. Bir dəfə istifadə etdiklərini nə qədər iyrənc olsa belə təkrar-təkrar istifadə edirlər. Ərəb diktatorları dibi betonlanmış dirək kimi idilər. Necə aşırıldılarsa hələ də böyrü üstədirlər. Bunlar bunu görürlər axı. Elə ona görə də özlərini unutdurmaq üçün ayaqlarına toz olanları danışdırırlar. Yaltaq təkliflər, gic-gic əzələ nümayişləri. Sadəcə vaxt udurlar. Bir günü belə qazanc bilirlər. Daha demirlər ki, öz gicliyindən dədəsini söydürənlər, sizin dədənizin qurduğunu qoruya bilməzlər. Adam öz dədəsini söydürür və cıqqırı da çıxmır. Bunun üçün sizə hayqırmaqmı lazım? Dəyişin kadrlarınızı! Bir az da sıxışdırsan uzağı məhkəməyə verəcək. Bilmirəm, dədəsi söyülənin ürəyini hansı məhkəmə qərarı sakitləşdirəcək? Dəyişin, nə qədər gec deyil dəyişin kadrlarınızı. Dədəsinin qədrini bilənləri toplayın başınıza. Çıxmayan cana isə nə vaxtsa zaval dəyəcək. Hər şeyin bir sonu var. Maddiyyat nə vaxtdan ömrü uzadıb ki? Qapı itinə dönüb onu-bunu tutanların dədəsi sağdırmı,
bunlar da sağ qala? Yox. Bəs nə üçün əbədi həyat yaşayacaqlarına bu qədər əmindirlər?

Bir neçə il öncə adları səs-küylə həbs olunan DİN-in sabiq zabiti Hacı Məmmədovla əlaqədə hallanan şou-biznesin əməkdar və ya xalq artisti olmayan dul arvadı qalmadı. Bunlar bu tayfada nə görüblər axı? Bəlkə bir arsız artistin “Heydər Əliyev adına Azərbaycan Respublikası” şüarı xoşlarına gəlib? Əcəbdir, vallah. Məhəmməd Əmin Respublika qursun, Əliyevlər yiyələnsın. Məhəmməd Əminin nəslində qalan üç-beş nəfərsə ac-yalavac yaşasın. Elçibəy hərəkat başlasın, Əliyevlər hakimiyyətə sahiblənib zövqi-səfa çəksinlər. Elçibəyin ailəsi pul tapmasın ki, işıq pulunu ödəsin. Prezident olanda qulaq asa-asa fərəqət vəziyyətdə durduqları, öləndə üstlərində səsləndirilən himnin sözlərinin müəllifi Əhməd Cavadın doğulduğu ev xaraba qalıb, bunlar qəbiristanlıqlarını da mavzoleyə çeviriblər. Üzeyirin doğulduğu günü bayram edirlər, vətənində ermənilər “cığatayı” oynayır. İlham Əliyev də hər bayramda “əgər sülh yolu ilə torpaqlarımızı almasaq, onda müaribə yolunu seçəcəyik” deyə bəyanat verir. Sülh yolu alınmır də, qardaşım. Nə dirəşmisiniz? Müharibə edin də! Edərsinizmi? Ay etdiniz ha. Qazilərə bir neçə il öncə sitəm etdiniz. Heç indi bilinmir kim başına harada nə çarə tapır. Evlərini yıxdınız, çıraqlarını söndürdünüz. İndi kimi göndərəcəksiniz – Faiq Ağayevi, ya Səməd Səmədovu? Hər şeyi ucuzlaşdırdınız. Qutsal olaraq millətin tutduğu hər şeyi adiləşdirdiniz. Yəqin Fələstinin də Röyası, Elza Seyidcahanı yox deyil. Amma mən inanmıram ki, oranın telekanalları Qüdsdən daha çox oranın röyalarını, elzalarını nümayiş etdirsinlər. Və ya Aygünlə Namiqin ayrılmasını ümumxalq hüzn gününə çevirsinlər. Əl çəkin bu mütrif tayfasından. Özünüzün etdiyiniz yetmədimi?

“Xural” qəzeti,

il 9, sayı: 039 (447), 22 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button