Dağıdılan dəmir yolları!

Azərbaycan Dəmir Yolları “Qapalı” Səhmdar Cəmiyyətinin “Açıq”ları…

Əslində, bizim cəmiyyətdə baş verən neqativ hadisələrə bu qədər həssas reaksiya verməyimiz heç də «debil» sosialist ideyasına köklənməyimizdən irəli gəlmir. Biz “hər kəs kasıb olaraq bərabər olsun” demirik. Heç bir varlıya da aqressiyamız nəinki yoxdur, əksinə, onun bu halından çox sevinirik. Lakin bizim üçün «halal insan» prinsipi var. Haqq kəsmədən, istismar etmədən halal yaşam tərzi olan insan da bizim – bəli, məhz bizim olan Azərbaycanın Vətəndaşıdır. Bu millətin hər nəfərini sevirik. Əgər sevməsəydik, uğrunda fədailik edib, mütəşəkkil hücumçular tərəfindən minlərlə manat cərimə ödəməyi əyilmədən, sınmadan, ən başlıcası isə sapmadan qarşılamazdıq. Lakin biz də insanıq. Hərdən özümüzün–özümüzə “davammı”, “tamammı” deyə suallarımız olur. Amma anındaca “davam” deyə düşünürük. “Xural” Sənin, hətta qəzet köşkünün yanından keçərkən almayıb, lakin baxıb ötən Oxucunun qəzetidir. Sənin hərdən hətta qəzet almağa belə pulunun olmadığını bizdən yaxşı kim bilə bilər, Əziz Oxucu. Keçək mətləbə…

Tarif Şurası bir çox sahələrlə bərabər, Azərbaycan Dəmir Yolları QSC-nin də müraciətini nəzərə alaraq gediş haqlarını bir necə dəfə qaldırdı. Cəmiyyət rəsmisi bu prosesi zərurət kimi sırımağa çalışsa da, sonucda dəyən vətəndaşa dəydi. Artıq Azərbaycan vətəndaşı tappaturupun balta sapı olduğunu nəinki bilir, hətta şüurlu şəkildə ağrısını dərk edir. Necə ola bilər ki, bədəvi ərəb (Sitat Muəmmər Qəzzafinindir – red.) dərketmə qabiliyyətini inkişaf etdirir, biz, Şərqə ilk demokratiya dərsi keçmiş xalq bu hisslərimizi bərpa prosesini başlada bilmirik?

“Yumurta inqilabı”…

Super nazirlər kimlərdir?

Artıq az qala 20 ildən bəri ölkənin idarəçiliyi gündəmimizə «dünənimizin və bu günümüzün nazirləri» adını beş əllə qoruyub saxlayan bir qrup insana tapşırılıb. Ölkə başçısının “yumurta inqilabından” sonra bizdə belə bir qənaət yarandı – deməli, istənilsə hər şey yumurta kimi, yəni qaydasında ola bilər. Amma məhz istənilsə… İstəniləcəkmi?

Bilirik ki, ölkə sıravi və super nazırlərin inhisarındadır. Kimdir sıravilər? Özlərini tabeçiliyində olanların mütləq ağası hesab edənlər – Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və s. Bəs onda super nazirlər kimdir? Özlərini nəinki tabeçiliklərində olanların, hətta olmayan nazirliklərin belə ağası hesab edənlər – Fövqəladə Hallar Nazirliyi (Vergilər Nazirliyi, Gömrük Komitəsi, Sərhəd Xidməti, Dəniz Gəmiçiliyi İdarəsi və s.), Nəqliyyat Nazirliyi (Azərbaycan Dəmir Yolları QSC) və s. Super nazirlərin səlahiyyətləri yalnız digər nazirliklərin inhisarı ilə məhdudlaşmır, bu sıraya bir neçə rayon icra hakimiyyəti başçıları, deməli, rayonlar da daxildir. Bu barədə bir az sonra…

Səlahiyyəti verən kimdir?

Prezidentmi?!

Görəsən, bu səlahiyyəti onlara verən kimdir? Prezidentmi? Sanmırıq. Bəs onda?

Nəqliyyat naziri Ziya Məmmədovun respublikanın bütün nəqliyyat sektoruna nüfuz etmək imkanları olmasa da (Dəniz Gəmiçiliyinə FHN Kəmaləddin Heydərov, Hava Nəqliyyatına isə prezidentlə şəxsi münasiətlərinə görə Cahangir Əsgərov yaxın buraxmırlar – Red.), bir zamanlar rəhbərlik etdiyi Azərbaycan Dəmir Yolları QSC-ni kiməsə güzəştə getmək istəmir. Əslində, ADY QSC-nin nəinki rəhbərliyi, hətta ən kiçik çaplı məmuru da bu inhisardan çox məmnundurlar. ADY QSC-dəki etibarlı mənbəmiz bildirir ki, mətbuatın diqqətini yalnız bayramdan-bayrama əlavə qatar qoşmaqla cəlb edən bu qurumda ciddi, həm də çox ciddi proseslər baş verir. Belə ki, nəqliyyat naziri Ziya Məmmədovla Prezidentin iqtisadi məsələlər üzrə köməkçisinin birgə işbirliklərinin olması haqda nə yazılıb, nə də danışılıb. Əslində isə belə deyilmiş. Prezidentin köməkçisi ADY QSC-yə öz adamını – İnzibati Binaların və Qurğuların Təmiri-Tikintisi Departamentinə rəis təyin etdirdiyi Çingiz Məmmədovun vasitəilə bu qurumda baş verən ən xırda detalı belə nəzarətdə saxlamağı bacarır – ən azından, Çingiz Məmmədov yaxın ətrafına belə deyir. ADY QSC-nin sədri Arif Əsgərovun birinci müavini Əlirza Süleymanovun isə nəqliyyat nazirinin qurumda ən etibarlı adamı olması, hətta cənab Məmmədovun bu təşkilatda “kassir”i funksiyasını yerinə yetirməsinin koridorlarda söylənilməsi əslində bu şəxslər arasında işbirliyindən daha çox ciddi mübarizənin olmasından xəbər verir. Bəli, mübarizə var. Lakin səlahiyyət uğrunda deyil, bir qruplaşmanın digərindən daha çox qazanmaması uğrunda. Bəs onda sual oluna bilər ki, hər gün ölkənin birinci şəxsi ilə təması olan bir kəsin adi şöbə müdiri ilə nə ilişikləri ola bilər?

Çingiz Məmmədov necə milyoner oldu?!

Heç kimə sirr deyil ki, paytaxtda və regionlardaki dəyəri milyonlarla manatla ölçülən villalar, müxtəlif təyinatlı müəssisələr məhz ayrı-ayrı dövlət məmurlarına məxsusdur. Bilgəhdə, Nabranda və s. yerlərdə tikilən villaların da sən demə, “sponsoru” da ADY QSC-nin İBQTT departamentinin rəisi məhz Çingiz Məmmədovdur. Mənbə bildirir ki, Çingiz Məmmədov “yuxarı gedir” adı altında sildiyi pulların və inşaat materiallarının sayəsində özü də əsl milyonerə çevrilib. Onun özünə məxsus doğulduğu Şabran rayonunda, Nabran qəsəbəsində, paytaxtın Bilgəh, Mərdəkan qəsəbələrində, Vorovski adlanan ərazidə və s. yerlərdə möhtəşəm villaları var. Hətta paytaxtın Xətai rayonu ərazisindəki ona məxsus bina evinin ətrafını da zəbt etməklə əsl saray təəssüratı yaradıb. Çingiz Məmmədovun tabe olduğu məmurlara xidmətləri bununla yekunlaşmır. Mənbə bildirir ki, respublika ərazisində həcmindən asılı olmayaraq fəaliyyət göstərən bütün vağzallar, hətta dəmir yoluna aid olmayan nəinki inzibati, yaşayış binalarının fasadlarının təmiri, yenidən qurulması da Çingiz Məmmədova tapşırılır. Belə ki, mənbə onu da qeyd etdi ki, təmir-tikinti adı altında görülən işlərdən əldə olunan külli miqdarda vəsait qəribə də olsa, hesaba yatırmaq yolu ilə deyil, nəğd pulla ödənilir. Ayda iki dəfə departamentə daxil olan külli miqdarda vəsaitin bir hissəsini isə işi təşkil etdiyi üçün özündən yuxarıya çatdıran Çingiz Məmmədov, ADY QSC-nin rəhbərliyinə verdiyi hesabatda daha fərqli və daha böyük rəqəm söyləməklə ciddi rəqəmlərlə hesablanan vəsaiti hər ay mənimsəyir. Departament rəisi gözəl bilir ki, kimsə cəsarəti çatıb ondan rəqəm soruşmayacaq. Lakin Çingiz Məmmədovun özfəaliyyəti bununla yekunlaşmır. Yaşayış binalarının divar daşlarının üzünün cilalanması və divarların rənglənməsi prosesində də Çingiz Məmmədov ciddi maxinasiyalara yol verməklə külli miqdarda vəsaiti mənimsəyir. Belə ki, divarların rənglənməsi üçün ayrılan rənglər satılır. Əvəzində isə Çingiz Məmmədov tabeçiliyində olan yük maşınları vasitəsilə daş karxanalarından daş tozu gətirdərək tərkibinə yapışqan vurmaqla adi su ilə qarışdırılıb divara çəkməklə missiyasını bitmiş hesab edir. Proses elə sürətlə həyata keçirilir ki, kimsə nə baş verdiyinin fərqində olmur.

Həsən Əliyevin evinin fasadı necə boyandı?..

Mərhum Heydər Əliyevin qardaşı mərhum akademik Həsən Əliyevin bir vaxtlar yaşadığı binanın fasadı da məhz həmin daş tozu ilə rənglənib. Sual oluna bilər ki, hətta prezident qohumlarının yaşadığı binaların təmirinə belə barmaqarası baxan Çingiz Məmmədova bu cəsarəti verən kimdir? Həmən söyləmək olar ki, onun güvəndiyi daha böyük mənsəb sahibləri.

Mənbə onu da bildirir ki, ölkə prezidenti cənab İlham Əiyevin təmir-tikinti işlərindən sonra qatılacağı açılış öncəsi daxili işlər naziri Ramil Usubovun məhz təhlükəsizlik məsələsi ilə əlaqədar binanın tavanındakı dəliyin tutulması tapşırığına Çingiz Məmmədov qəribə də olsa ”mən yalnız bir nəfərin tapşırığını yerinə yetirirəm” deyə etiraz edib. Hadisədən ciddi şəkildə əsəbiləşən nazir Çingiz Məmmədovu həmən həbs etmək əmri verib. Bir az kənarda işlərə nəzarət edən prezident köməkçisi Əli Əsədov Çingiz Məmmədovun aparıldığını gördükdə həmən nazirin qoluna girərək ondan adamının azad edilməsi xahişini edib. Mənbə onu da bildirir ki, azad olunan Çingiz Məmmədov ciddi təhqir olunmaqla yanaşı, ona “bir də həddini aşsan…” deyərək barmaq silkələnib.

Çingiz Məmmədovun qulları…

Çingiz Məmmədov rəhbərlik etdiyi departamentin təmir-tikinti meydançalarında çalışan fəhlələrdən yalnız şəxsiyyət vəsiqələrinin surətlərini yığdıraraq işə cəlb edir. Heç bir əmək müqaviləsi imzalanmadan “işə götürülən” fəhlələrə qul prinsipi ilə günəmuzd əmək haqları verilir. Əmək haqlarının azlığından, işin olduqca ağırlığından gileylənənlərə isə cavab bir olur: “paltarını dəyiş və rədd ol”.

Departamentdə rəsmi fəaliyyət göstərən, vəzifəsindən asılı olmayaraq əksər işçilər isə artıq uzun müddətdir ki, 4 saatlıq işin əmək haqlarını – 70, 80 manat alırlar. Belə ki, Çingiz Məmmədov işçilərin əksəriyyətinə gündəlik iş vaxtının 4 saatlıq rejimə keçirilməsi ilə bağlı xahiş ərizələri yazdırmaqla, onları öz imzaları vasitəsilə özündən asılı hala salıb. Əslində isə əksər işçilər Çingiz Məmmədovun əmri ilə hətta bazar və bayram günləri də işləyirlər. Həm də 8 saat deyil, Çingiz Məmmədovun istədiyi qədər. Bəs onda sual olunur ki, yerdə qalan 4 saatın pulu hara və kimə gedir? Hər halda idarənin qarovulçusuna getməz.

Bundan başqa, departament rəisi qoyulan tapşırıqları yerinə yetirənə qədər işçilərlə mehriban davransa da, iş təhvil veriləndən sonra işçiyə çatacaq azacıq məbləği də ona vermir. Verilsə belə, həftələrlə süründürərək bezdirlir ki, biçarə fəhlə ona çatacaq kiçicik məbləğlə belə razılaşır, yerdə qalan vəsait isə yenə mənimsənilir. Heç bir rəsmi müqaviləsi olmayan departamentdə lağla “boyevik” adlanan fəhlələr həftələrlə ADY QSC-nin qarşısında dayanıb Çingiz Məmmədovu gözləyirlər. Lakin görsələr belə ona yaxınlaşmaq çox zor işdir. Özünü çox böyük və toxunulmaz hesab edən Çingiz Məmmədov bunu nə fəhləyə, nə də qul işlədən iş icraçısına heç cür bağışlamaz. Digər tərəfdən, departament rəisinin silahlı cangüdəni biçarə fəhlənin soyuqdan, ağır iş rejimindən, tozdan xəstə olan sinəsini yumruqu ilə “oxşayaraq”  həmən kənara itələyir. Çingiz Məmmədov isə işi keçdiyi zamanlarda “bala” dediyi fəhlənin vurulub kənara atılmasını “görmür”.

Ucardakı “Heydər Əliyev Mərkəzi”ni kimlər tikir?

“X” Analitik Qrupu

“Xural” qəzeti
il: 9, sayı: 015(423), 17-23 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button