Dağıdılan və uçurulan heykəllər

Murad Köhnəqala

 Bil və agah ol!

 Hər gün ərəb dünyasından bir yeni xəbər alırıq. Bu dəfə Suriya haqda yazılan xəbəri oxuyanda qanım it qanına döndü. Hal-hazırda öz xalqını müxalifət adına qırdıran Suriyanın prezidenti Bəşər Əsədin heyfini atasının heykəllərindən çıxırlar. Tanınmış müxalifət nümayəndəsinin təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsindən sonra ata Hafiz Əsədin heykəllərini uçurmağa başlayıblar. Deyir, birinci ölkənin şimal-şərqində Haseke şəhəri yaxınlığında Amuda rayonundakı heykəlindən başlayıblar. Heyf, oğlu kişinin buradakı heykəlinə milyonlarla maya qoymuşdu, daha doğrusu, maya qoydurmuşdu.

Orda vəziyyət belədi, məsələn, Amuda rayonuna təyin olunan icra başçısına abadlıq üçün büdcədən milyonlar ayrılır. Lakin sənəddə yalnız ayrılan pulun miqdarı göstərilir, pul isə verilmir. Yazıq icra başçısı məcburdu, o ərəbdən, bu ərəbdən yığıb sənəddə göstərilən məbləğdə iş görsün. Birinci, başlayır özünə zalım bir polis rəisi axtarmağa. Bu saat Suriyada ən əzazil polis rəisini əl-əl gəzirlər. Polis rəisi ilə icra başçısı əlbir olub yerli əhalinin dərisini soyurlar. İnsan dərisi çox bahalı maldı. Həmin dərilərin gətirdiyi gəlirlə prezidentin atasına heykəl qoyur, yol çəkir, abadlıq işləri görürlər. Özü də təzə gələn icra başçısının, köhnə kadrları çıxarıb atmağa, qurulanları sökdürməyə, gəlirli obyektləri mənimsəməyə ixtiyarı var. Bəşərə bu iş metodu hazırda heykəlləri sökülən atasından yadigar qalıb. Atası həmişə oğluna deyərdi: “Ey oğul, bil və agah ol, məndən sonra hakimiyyət sənindi. Bir az özünü ağır apar, bardı, qumardı, nə bilim, mərc gəlməkdi – bunları bala-bala yığışdır. Sənə milyardlarla pul qoyub gedirəm, onu saxlamaq üçün hakimiyyət gərəkdi. Yaxşı başa düşürəm, bu qədər pul adama lazım olmur, lakin o pulları xalqa verəsi olsan xalq qudurar. Sən cavansan, belə şeyləri bilmirsən. Xalqı gərək ac saxlayasan ki, sənə itaət eləyib yaltaqlana.

Məsələn, qapıda saxladığın it yem vermədiyinə görə səni heç vaxt qapmaz, ancaq yem verdiyinə görə yaltaqlanıb böyür-başında quyruq bulayacaq. Həm də onu mütləq zəncirdə ac saxlamalısan. Zəncirsiz və tox saxlasan sözünə baxmaz, nəzarətdən çıxar, qayıdıb səni dişləyə də bilər. Xalqa heç vaxt üz vermək olmaz!  Nazirlərin üzünə gülmək qəti olmaz! Nazirin üzünə gülsən, qudurub hakimiyyəti əlindən almaq istəyəcək. Əsas polisdi, bacardıqca polisi  artır. Sənin hakimiyyətini birinci növbədə polis saxlayacaq. Polisin maaşını daima artır, qoy, gənclər polis olmağa həvəslənsin. Bir incə məqamı da yadında saxla, rüşvətsiz polis götürmək olmaz. Qoy, həm bəri başdan gözü kölgəli olsun, həm də xalqdan rahatca rüşvət almağı bacarsın. Sonra, polisi savadlanmağa qoymaq olmaz, əsas savadsız və qoldan qüvvətli gənclər lazımdı. Xalqı qorxu içində saxlamaq üçün polis də, xalq da savadsız olmalıdı. Qorxu içində yaşayan xalq heç vaxt sənin hakimiyyətinə güc eləyə bilməz. Ona görə ölkədəki təhsili bərbad vəziyyətə gətirmək gərəkdi. Qoy çoxlu universitetlər olsun, onsuz da valideynlər mal-qarasını satıb uşağını oxudacaq. Belə olanda uşaq oxudan valideynləri də öz əlində nökər kimi saxlaya bilirsən. Qazandığını yenə gətirib təhsilhaqqı adı ilə sənə verəcək. Həm uşağın özü, həm ata-anası qabağında nökərə dönəcəklər.

Mən bir dəfə demişəm, qoy hər tərəfə yazıb yapışdırsınlar. Bizim xalq dəvələrimiz kimi dözümlüdü!”

Məni yandıran bircə odu ki, sağ əlini yuxarı qaldıraraq xalqı salamlayan belə bir kişinin gülümsər heykəlini qədirbilməz xalq lingləyərək uçurub dağıdır.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. ay Murad , o Hafizəli Əsəd nə ağıllı adam imiş. Örgən gör, o heykəllərindən birini verəllərmi qabağımıza qoyaq dua eliyək, nəzir verək! tay onnnan yaxşı vəsiyyət olar, qızıl kimi sözlər deyib.Onsuz da müqəddəllərimiz hamısı elə ərəbdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button