Dağıstan aeroportunu tutmaq çağırışları yayan Telegram kanalı bloklanıb

Telegram sosial media platforması “Utro Daghestan” kanalını bloklayıb. Bundan bir neçə gün öncə qəzəbli kütlə antisemit şüarlarla Dağıstanın paytaxtı Mahaçqalada aeroporta basqın ediblər.

Kanal oktyabrın 28-29-da İsraildən qaçqınların, əsasən, müsəlmanların yaşadığı Şimali Qafqaz regionuna yerləşdirilməsi haqda saysız məlumatlar və aeroportu tutmaq çağırışları yayıb.

Oktyabrın 29-da gecə azı min nəfərlik bir kütlə aeroporta girərək İsraildən reyslə gələn sərnişinlərin şəhərə daxil olmasını önləməyə çalışıb. 20-dən çox adam yaralanıb, onlarla şəxs həbs olunub.

Təl-Əvivdən gedən təyyarədə hansısa İsrail vətəndaşının olması, yaxud hansısa sərnişinin xəsarət alması haqda məlumat yoxdur.

“RIA Novosti” oktyabrın 30-da aeroportda azı 60 nəfərin saxlandığını xəbərləyib.

Rusiya Yəhudi İcmaları Federasiyasının başçısı Ravvin Aleksandr Boroda oktyabrın 30-da bəyanatında qeyd edib ki, insident “bizim multikultural və çoxmillətli dövlətimizin təməlinə zərbə vurub”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller (Matthew Miller) deyib ki, Vaşinqton insidenti pisləyib. O, oktyabrın 30-da jurnalistlərə deyib ki, insidentin videolarına baxanda basqın ona “poqrom” təsiri bağışlayıb.

“Rusiya hakimiyyətini bu zorakı etirazları açıq şəkildə pisləməyə, iştirak edən hər kəsi məsuliyyətə cəlb etməyə, Rusiyada israillilər və yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırırıq”, – Miller vurğulayıb.

İsrail-HƏMAS müharibəsi fonunda regionda bir sıra şəhərlərdə yəhudilərə qarşı etirazlar keçirilib.

Kreml bu iğtişaşda xarici müdaxiləni ittiham edir, heç bir dəlil olmadan Ukraynanın əli olduğunu deyir.

Ukrayna isə ittihamı rədd edərək bildirib ki, Rusiyanın Xarici İşlər Nazirliyi “məsuliyyəti xəstə adamdan sağlama yönəltməyə çalışır”. Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Facebook-da yazıb ki, Mahaçqaladakı hadisələr Rusiya elitası və cəmiyyətində dərin kök salmış antisemitizmi əks etdirir.

Birləşmiş Ştatlar da hadisələrdə Ukraynanın əli olmasına dair Rusiyanın ittihamını rədd edib. “Onların Ukraynanı ittiham etməsinə dair şərhlərini görmüşəm. Absurddur”, – Miller vurğulayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button