Daha bir həbs olunan məmur, “Mən heç kəsdən rüşvət almamışam”,- dedi

“Mədəni korrupsiya” işi üzrə keçmiş nazir müavininə 8 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edib.

Bayramov heç bir maddə ilə özünü təqsirli bilmədiyini deyib. Sitat: “Mən nazir müavini olsam da, imza səlahiyyətim olmayıb, maddi-məsuliyyətli şəxs olmamışam. Nazirliyin bütün maliyyə hesabatları yoxlanılıb, problem olmayıb. Sonradan mənə verilən ittihamlar dəyişdirildi, rüşvət ittihamı verdilər. Mən heç kəsdən rüşvət almamışam”.

Prosesdə hökm oxunub. Hökmə əsasən, R. Bayramov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdə həmçinin qeyd edilib ki, R. Bayramovun istintaq dövründə üzərinə həbs qoyulan əmlakları dövlət hesabına müsadirə edilib. Özünün və yoldaşının “KapitalBank”da olan bank hesabının üzərinə qoyulan həbs isə götürülüb.

Qeyd edək ki, prokuror R. Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Rafiq Bayramov və Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Zakir Sultanovun cinayət işi ayrıca icraata ayrılıb. 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button