Daha bir siyasi məhbus intihar edə bilər-SOS!

Növbəti siyasi məhbusun “intiharı” planlaşdırılır…

Dostlar, xəbəriniz varmı Mehman Qələndərovun müəmmalı ölümündən sonra həbsxanada olan növbəti siyasi məhbusun “intiharı” planlaşdırılır. Bu barədə məlumatı mənə bu gün həbsdə olan digər bir siyasi məhbus, Azel.tv saytının baş redkatoru Əfqan Sadıqovun yaxınları verdi. Az sonra adı çəkilən jurnalistin özünün həbsdən bununla bağlı müraciəti yayıldı.

Əfqan Sadıqov müraciətində bildirir; “Kürdəxanı İstintaq Təcridxanasında sənədlərimin içərisində mənim haqqımda yazıblar, “Əfqan Sadıqov təcridxanaya gətirildiyi gündən qoyduğumuz qaydaları pozur, dustaqların arasında hakimiyyət əleyhinə təbliğatlar aparır, məmurları təhqir edir, dustaqları rəhbərliyin üstünə qaldırır və nəhayət, gələn gündən intihara meyllidir”.
Bütün bu yazılanların hamısıyla razıyam, düzdür. Amma “intihara meylli” sözünün hansı məqsədlə yazıldığı aydındır. Bu, gələcəkdə mənə qarşı törədiləcək sui-qəsdin bu gündən qaranta alınmasıdır. Yəni gələcəkdə məni nə zaman öldürmək istəsələr dilləri uzun olsun, desinlər ki, “onsuz da biz yazmışdıq, xəbərdarlıq etmişdik ki, Əfqan intihara meylli idi”.

P.S. Mənim planım yaşamaq, mübarizəni ölüncəyədək davam etdirmək, əzilən, haqları hər addımbaşı tapdanan, hüquqları əllərindən alınan vətəndaşlarımızın yanında olmaq, onları müdafiə etməkdir.
Azərbaycanda normal, xalqa xidmət edən, özünü düz aparan hakimiyyəti görməyincə, xalqımızı vicdansız, xəyanətkar, quldur, vampir, ermənipərəst, insanlara torba tikən məmurlardan təmizləməyincə öldürməsələr ölən deyiləm! ƏFQAN SADIQOV”

Gəlin, nisbətən az xatırlanan, az müdafiə olunan siyasi məhbusları daha çox müdafiə edək. Unutmayaq ki, Mehman Qələndərov da az xatırlanan, müdafiə olunan, hələ üstəlik bir çoxları tərəfindən həbsdə olarkən sağlığında siyasi məhbus kimi qəbul olunmayan şəxs idi. Acı nəticəsini bilirsiniz…

Gəlin, növbəti Mehman Qələndərovların olmaması üçün daha az xatırlanan və müdafiə olunan Əfqan Sadıqov kimi nahaqdan şərlənib həbs olunan siyasi məhbusları uca səslə müdafiə edək!

Oqtay Gülalıyev

Hüquq müdafiəçisi

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button