DAK 22 may hadisələrini yad etdi

Sabir Rüstəmxanlı: “Bu hərəkat bir daha dünyaya göstərdi ki,

türklər bu rejimlə barışmır və belə fikirləri də yoxdur”

Azərbaycan Atatürk Mərkəzində DAK-ın Azərbaycan Nümayəndəliyi 22 may hadisələrinin 5-ci ildönümüylə bağlı elmi-praktiki konfrans keçirdi. Tədbir Güney Azərbaycanda 2006-cı ilin may hadisəsələrini özündə əks etdirən videoçarxın nümayiş etdirilməsiylə öz işinə başladı. Sonra DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anadan olması və Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalı “Eurovision” mahnı müsabiqəsində birinci yeri tutması münasibətilə təbrik etdi. Eyni zamanda DAK həmsədri Sabir Rüstəmxanlıya 65 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. Daha sonra o, konfransı açaraq bildirdi ki, Azərbaycan türklərinin bu şəkildə kütləvi aksiyalar keçirməsinə səbəb illər boyu onlara qarşı edilən təzyiq və təhqirlər olub: ““İran” qəzetində türklərin hamam böcəyinə bənzədilməsi isə bu təhqirlərin kulminasiya nöqtəsi oldu. Belə ki, “2006-ci ildə “İran” adlı dövlət qəzetində Azərbaycan türkləri hamam böcəklərindən bəslənmiş bir millət kimi təqdim olundu. Nəticədə mayın 22-də Güney Azərbaycanın müxtəlif şəhərlərində millətimiz ayağa qalxdı. Bundan sonra aksiyaçılar müxtəlif adlarla təhdid edildi, öz dədə-baba yurdlarından çıxmaları üçün hər cür təzyiqi göstərdi. Ümumiyyətlə, aksiyalarda iştirak edən 10 nəfərdən çox Azərbaycan türkü hakimiyyətin güc strukturlarının açdığı atəş nəticəsində həlak oldu, yüzlərlə insan yaralandı, minlərlə azərbaycanlı həbs olundu. Onların bir çoxu hazırda həbsdədir, bəziləri barələrində açılmış “cinayət işi” ilə bağlı hələ də inqilab məhkəmələrində süründürülürlər. Eləcə də onlarla insanın taleyindən xəbər yoxdur. Hadisələrdən 5 il keçməsinə baxmayaraq bu hadisə güneylilər tərəfindən hər il qeyd olunur”.

DAK həmsədri Sabir Rüstəmxanlı dedi ki, 22 may hadisələri Azərbaycan tarixinin mühüm hissəsidir: “Bu hərəkat bir daha dünyaya göstərdi ki, türklər bu rejimlə barışmır və belə fikirləri də yoxdur. Onlar bu hadisələrlə millətin haqqını hər şeydən üstün tutduğunu və öz azdlıqlarından, ideallarından keçmək fikrində olmadıqlarını bir daha dünyaya bəyanladılar”. O, bu hadisələrə laqeyd yanaşdıqlarını təəssüf hissi ilə söylədi : “Mən çox istərdim ki, bu hadisələrlə bağlı elmi işlər götürülsün, məqalələr yazılsın. Geniş əlaqələr qurulsun. Amma bu gün cəmiyyətdə Cənub məsələsinə biganəlik var. Çoxları hesab edir ki, sərhədlər yoxdur deyə problemlər də həll olunub. Lakin güneylilərin hələ də içində bir qorxu hissi olduğunu görürük. Təkcə bir fakt deyə bilərəm ki, martın 24-də Türk Dünyasının ozanı Araz Elsəsin Bakıda konserti təşkil olunan zaman güneydən gələn soydaşlarımızın heç biri o konsertə qatılmayacağını dedi. Səbəb isə qayıdarkən yaşadıqları ölkədə onlara təzyiqlər olacağı ilə izah etmişdilər. Deməli, bu doğrudan da bir faciədir”. Sabir Rüstəmxanlı vurğuladı ki, Azərbaycanda bəzi siyasətçilər Güney Azərbaycan məsələsinə mövsümi şəkildə yanaşırlar: “DAK isə bu işi özünün əsas hədəfi hesab edir”. O, gəncləri bu məsələlərə aktiv yanaşmağa və Güney Azərbaycandan olan həmyaşıdları ilə mütəmadi əlaqə qurmağa çağırıb: “Bütöv Azərbaycana aparan yolda gənclər daha fəal olmalı, öz mücadilələrini davam etdirməlidirlər. Reallıq odur ki, biz iki yerə parçalanmışıq. Hər kəs bu işdə öz gücünü ortaya qoymalıdır. Azərbaycanın bütövləşməsi qaçılmazdır”.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə bildirdi ki, İran adlanan yerə doğru bir fırtına əsir. Ona görə də hazırda bu ölkədə ciddi hazırlıq işləri görülür. Yəni ərəb dünyasında baş verən hadisələrin İran adlanan yerə çatmasına az qalıb, yəni fars şovinist rejimi günlərini sayır. Ölkə daxilində də artıq qarşıdurmalar kəskin həddə çatıb. Onun sözlərinə görə, 22 may hadisələri zamanı Azərbaycan xalqı bir araya gəldi və fars irticası, şovinistləri arasında nə qədər məsafə olduğunu ortaya qoydu: “Eyni zamanda Türk Dünyasının, türk milliyyətçiliyinin varlığını, millətimizin bayrağını qaldırdı, “bozqurd” işarəsi tutaraq, “Haray, haray mən türkəm!” deyərək ayağa qalxdı. Ona görə də may hadisələri böyük bir hərəkat idi. Yəni modern, dünyəvi, sekular, milliyyətçi, türkçü, qadının, fəhlənin, bütün insanların iştirak etdiyi bir hərəkat idi. Burada təkcə tələbələr deyil, bazarlardakı satıcılar da, tacirlər də, fəhlələr də iştirak elədi. Hətta Təbrizi bəyənməyən Ərdəbil də qatıldı. Yəni bu hərəkata millət bütöv şəkildə qoşuldu, yerliçilik baş vermədi. Fars irticasının istifadə etdiyi şiəçilik də heç bir işə yaramadı. İrançılıq da heç bir işə yaramadı və bundan sonra da yaramayacaq“. Əjdər Tağızadə dedi ki, İran adlanan yerin nüvə silahına yiyələnməsinə dünya imkan verməyəcək. Eyni zamanda Azərbaycan türkləri də “köhnə dəyirman”ın öz oxu ətrafında cırıldaya-cırıldaya işləməsinə razı olmayacaqlar. Çünki dünya artıq modernləşib, internet əsridir, bu gün çox şey sosial şəbəkələrdə həll olunur. Ona görə də Azərbaycan Respublikasındakı gənclər də fəal olmalıdırlar.

Azərbaycan Respublikasının İran adlanan yerdəki keçmiş səfiri Əlyar Səfərli vurğuladı ki, Güney Azərbaycan məsələsinin kütləvi informasiya vasitələrində işıqlandırılmamasından narazıdır: “Təəssüf ki, radio və televiziyalarda xəbərlər efirə verilmir, qəzetlərdə məqalələr yazılmır. Əslində 22 may Səttarxanın, Xiyabaninin, Pişəvarinin davamıdır. Güney Azərbaycanın tarixində yeni bir mərhələdir və inanırıq ki, inqilabi hərəkat yenidən başlayacaq. Bir həftə əvvəl 3-4 nəfər yanıma gəlmişdi, onlar Təbrizdə camaatın hökumətə qarşı sərbəst danışdığını, istiqlal düşüncəsinin getdikcə hakim olduğunu, yeni qurumların yaradıldığını bildirdilər. Ona görə də Azərbaycan Respublikasında Güney Azərbaycanla bağlı təbliğat-təşviqat işlərinin aparılması, mədəni tədbirlərin həyata keçirilməsi çox vacibdir. Ancaq təəssüf ki, heç bir iş görülmür. Azərbaycan türklərinin düşmənləri rus, fars, erməni və kürdlərdir, onlara qarşı ciddi mübarizə aparmalıyıq. Onların Arazın hər iki tayında da təxribatlarının qarşısını almalıyıq”.

Araşdırmaçı jurnalist Aydın Mədətoğlu bildirdi ki, Azərbaycan Respublikasının 28 may kimi bayramı olduğu kimi, Güney Azərbaycanın da 22 mayı var: “Ancaq təəssüf ki, üstündən 5 il keçməsinə baxmayaraq, özlərini müstəqil adlandıran televiziyalarımız bu hadisəni normal şəkildə işıqlandırmayıb”. Onun sözlərinə görə, Yaxın Şərqdə bir cəmiyyət sunamisi başlayıb: “Bu sunamidən ətrafdakı ölkələrin heç biri, xüsusilə İran adlandırılan məmləkət kənarda qala bilməyəcək. Bu gün İran adlandırılan məmləkət istər supergüclərin, istərsə də daxili qüvvələrin təzyiqi altında dəyişikliklər astanasındadır. Bu qaçılmazdır. Çünki İran molla rejimi tamamilə xalqın gözündən düşüb. Bu rejim sivil dünya ilə ayaqlaşa bilmir, ölkədə iqtisadi durğunluq və hətta geriləmə var, xalq kütləvi şəkildə yoxsullaşıb, milli münasibətlər gərginləşib, İran mərkəzli fars ideoloji sisteminə alternativ olaraq Azərbaycan mərkəzli türk ideoloji siyasi sistemi yaranıb və bu iki siyasi sistem qarşı-qarşıya gəlib, İranda mövcud ayrı-ayrı xalqların milli-siyasi təşkilatları yaranıb, Azərbaycan Respublikasında və xaricdə yaşayan Azərbaycan türkləri Güneydəki milli azadlıq hərəkatına bu və ya digər dərəcədə dəstək verir, islahatçılara olan inam tamamilə itib, toplumu mərkəzə bağlayan ideoloji-siyasi və məzhəbçi islam tamamilə iflasa uğrayıb, Azərbaycan Respublikasıyla Türkmənistanın müstəqil dövlət olmaları mühüm faktordur, İranı dəstəkləyəcək dövlətlər bugünkü dünya siyasətində zəifdir, qloballaşma və neoliberalizm millətlərarası sistemdə güclənib, Qərb-İran münasibətləri daha da kəskinləşib, müttəfiq orduları İrana qonşu olan dövlətlərdə yerləşdirilib və NATO qüvvələri Əfqanıstanda, Orta Asiyada və Yaxın Şərqdə yerləşdirilib, ABŞ və digər böyük dövlətlər İranda rejim dəyişikliyinə çalışır, bugünkü İranı terrorizmin qalası sayan, nüvə silahı əldə etməsinin qarşısını almağa və bu irticaçı terrorçu dövlətin xalqlarını xilas etməyə çalışan beynəlxalq güclər bu və ya digər dərəcədə fəaliyyətə keçib, Avropa Birliyi ölkələri İran qarşısında (İran insan haqlarına əməl etməlidir, İran İsrail-Fələstin məsələsinə qarşımamalıdır, İran terrorizmlə mübarizədə dünya dövlətləri ilə əməkdaşlıq etməlidir, İran nüvə silahından imtina etməlidir) qlobal tələblər qoyub”. Onun sözlərinə görə, Azərbaycan Respublikasının vətəndaşlarından fərqli olaraq, Güney Azərbaycandakı soydaşlarımız bütün tarix boyu özlərini türk adlandırıb: “Lakin son yüz ildir yalnız türk olmaq müstəqillik üçün yetərli olmayıb. Millətin özünü türk qəbul etməsinə baxmayaraq, fars düşüncəli bir sistem içərisində yaşayıb, bütün ağlını, zəkasını, əməyini və yaratdığı bütün maddi-mənəvi dəyərlərini farsların inkişafına sərf edib, ancaq nəticədə təhqirdən başqa heç nə əldə etməyib. Təbii ki, hər bir hərəkat üçün ilk növbədə ideoloji proqram olmalıdır. Bu proqramı həyata keçirəcək siyasi bir təşkilat yaradılmalı, bu siyasi təşkilat siyasi səfərbərlik elan edərək siyasi hərəkata başlamalıdır. Bütün bunların məcmusuna ideoloji siyasi düşüncə sistemi deyilir. Bu gün Güney Azərbaycan Milli Hərəkatını istiqamətləndirəcək belə bir düşüncə sistemi hələlik Arif Kəskinin irəli sürdüyü Azərbaycan mərkəzli türk düşüncə sistemidir”. Onun sözlərinə görə, hər hansı bir düşüncə sisteminə malik olmayan xalq və ya millət dövlətə sahib ola bilməz: “Ona görə də Azərbaycan mərkəzli türk düşüncə sistemi İran mərkəzli fars düşüncə sisteminə alternativ olmaqla Azərbaycan türklərini bir araya gətirə biləcək elmi-nəzəri sistemdir. Bu düşüncə sistemi millətə kim olduğunu, nə istədiyini, “nə etməli” və “necə etməli” suallarını cavablandırmağa, millətin qurtuluş yolunu, eyni zamanda Azərbaycan xalqının yaşadığı tarixi fəlakətlərin səbəbini göstərməyə çalışır. Bu nəzəri fikrə görə, Azərbaycan türklərinin tarixi fəlakətlərinin əsas səbəbi onların tarix boyu Azərbaycan türk kimliyinin yerinə farsların düşüncə, duyğu, hərəkət və strateji platformalarını qəbul edib, siyasi, sosial, iqtisadi və mədəni enerjilərini farslara sərf etmələridir. Ancaq Azərbaycanın qurtuluşu Azərbaycanı mərkəz qəbul edən duyğu, hərəkət və strateji platformaya sahib olmaqdan keçir. Bunun üçün “biz azərbaycanlıyıq, iranlı deyilik” fikri düşüncələrə hakim kəsilməli, siyasi,  sosial, iqtisadi, mədəni, beynəlxalq, geopolik və digər sahələrdəki təfəkkür və baxış sistemimizin əsas təyinedicisi Azərbaycan olmalı, Azərbaycanı mərkəz qəbul edərək harmonik bir bütünlük içərisində böyüməli, dərinləşməli və genişlənməlidir. İran mərkəzli fars düşüncə sisteminə alternativ olaraq yaradılan Azərbaycan mərkəzli türk düşüncə sistemi Azərbaycanı İranın bir parçası deyil, konkret əraziyə malik bir bütöv olaraq qəbul edir. Vətən adlandırdığı bu məmləkətin sahibi də onun qoruyucusu, uğrunda şəhid olmağı özünə şərəf bilən Azərbaycan türkləridir. Bir millətin iki vətəni ola bilməz. Bir insanı iki ana dünyaya gətirə bilməz. Güney Azərbaycan insanı bütün tarix boyu özünü fars deyil, türk olaraq qəbul edib və qondarma İranı deyil, real Azərbaycanı özünün vətəni sayıb”.

Bundan başqa, DAK həmsədrlərinin humanitar və mədəniyyət məsələləri üzrə müavini Xəzər Emin, 22 may hadisələrinin canlı şahidi olmuş Hakim Sadıq, Bütöv Azərbaycan Gənclər Təşkilatının (BAGT) sədri Ruslan İzzətli, gənclərdən Elvira Əsgərova, Aytən Rəhimli, Nahid Aslan və başqaları çıxış etdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button