DAK İdarə Heyəti Əjdər Tağızadəyə cavab verdi

dakxural.com-a “DAK Mətbuat Xidmətinin Əjdər Tağızadənin iddiaları ilə bağlı açıqlaması” daxil olub. Açıqlamada deyilir:

“Bildiyiniz kimi, Dünya Azərbaycanlıları Konqresi (DAK) bu il aprelin 18-də Türkiyənin İstanbul şəhərində XIII qurultayını keçirib. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı və Firudin Pərvizniya növbəti müddətə yenidən qurumun həmsədrləri seçilmişlər. 21 nəfər İdarə Heyətinə, 5 nəfər NTK-ya üzv seçilib. Son tədbirdə DAK Daimi Şurasının sədri Əjdər Tağızadə mandatını təhvil verərək İdarə Heyətinin üzvlüyündən və Daimi Şuradan çıxıb. Artıq təşkilatda fəaliyyət göstərmir.
Seçkilərdə mandata sahib olan 130 nəfər qurultay nümayəndəsi iştirak edirdi. Səsverməyə qatılan insanlar yetkin və müstəqil şəxslərdir, onları seçkilərdə kimsə məcbur edə bilməzdi.
1997-ci ildən fəaliyyət göstərən DAK indiyədək bir neçə dəfə parçalanıb. Bu illər ərzində təşkilata daxil olan və ayrılan çox insanlar olub. Təəssüf ki, bu şəxslərin çoxu qurumdan uzaqlaşandan sonra təşkilat haqqında həqiqətə uyğun olmayan informasiyalar yayıblar.
Əjdər Tağızadə də ötən gün mətbuatda DAK və S.Rüstəmxanlı ilə bağlı birtərəfli və qərəzli açıqlama verib. İrəli sürülən əsassız ittihamların çoxuna elə elektron mediada asanlıqla cavab tapmaq olar. İndiyədək keçirdiyimiz tədbirlər, toplantılarla bağlı xəbərlər internet resurslarında yerləşdirilmişdir.

Ə.Tağızadə iddia edir ki, guya DAK-da cəmi 3 güneyli var. Qalanları isə Güney məsələsindən xəbərsiz, bu məsələdə heç bir xidməti olmayan təsadüfi şəxslərdir. Nəzərinizə çatdırırıq ki, İdarə Heyətinin 21 üzvündən 7-si – Firudin Pərvizniya (həmsədr), Babək Muğanlı (DAK-ın Güney Azərbaycan nümayəndəliyinin başçısı), Nurəddin Qərəvi (“Ana Dili” dərgisinin baş redaktoru), Eldar Qaradağlı (DAK-ın Avropa təmsilçisi), Ağrı Qaradağlı (GAMOH başqanının müavini), Həcər Koç (Avstraliya dərnək başqanı), Babək Tağızadə (dərnək başqanı) güneyli soydaşlarımızdır. DAK-ın dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə güneyli üzvü var. Qeyd edək ki, uzun illər quruma rəhbərlik edən 3 şəxsdən də ikisi (F.Pərvizniya və Ə.Tağızadə) Güney Azərbaycandan olmuşdur.

Güneyli tələbələr və mühacirlər daim qurumla əlaqə saxlayır, problemləri ilə bağlı S.Rüstəmxanlıya müraciət edirlər. Onların təhlükəsizliyini nəzərə alaraq, adlarını açıqlamırıq.

Ə.Tağızadə son qurultayda keçirilən seçkiləri “şou” adlandırır. Əgər belə idisə, nə üçün tədbirdə, yaxud da dərhal sonra belə bir açıqlama yaymadı? Qurultaydan 20 gün sonra ittihamlar irəli sürülməsi düşünülmüş qərəzdən xəbər verir.

Onu da qeyd edək ki, qurultaydan sonra Ə.Tağızadə DAK-ın Bakı ofisində S.Rüstəmxanlı ilə görüşüb, qurumla sağollaşıb. İrad və etirazlarını o zaman niyə dilə gətirmirdi? Əgər DAK-ın fəaliyyəti qane etmirdisə, niyə 20 gün öncəyədək təşkilatın rəhbərliyində qalmışdı? İllər ərzində etirazını nə üçün bildirməyib və susub?

Güney Azərbaycan DAK üçün prioritet məsələlərdən biridir. Dəfələrlə S.Rüstəmxanlı Güney problemini beynəlxalq qurumlarda, Milli Məclisdə və əli çatan digər kürsülərdə səsləndirib. İddia edildiyinə görə, guya Sabir Rüstəmxanlı DAK-ın fəaliyyətinin İrana qarşı olmadığını deyib. Halbuki, çıxış mətni fərqlidir. Həmsədr mətbuat konfransında qeyd edib ki, nizamnaməyə görə, DAK ancaq İranla mübarizə təşkilatı deyil. Yəni Güneylə yanaşı, başqa istiqamətlərdə də fəaliyyəti var. Unutmaq olmaz ki, DAK diaspor təşkilatıdır və tək güneylilərin deyil, dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı təmsil edir.

Konqres İrandakı fars şovinist rejiminin 35 milyondan çox soydaşımıza qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, orada insan haqlarının pozulması, qurumaqda olan Urmiya gölü ilə bağlı dəfələrdə bəyanat yaymışdır. DAK-ın elə bir tədbiri olmayıb ki, orada Güneylə bağlı çıxışlar olmasın. Güney Azərbaycandakı son durum adı ilə dəfələrlə “dəyirmi masa”lar, simpoziumlar keçirilib. Hətta bu tədbirlərin bir neçəsi ilə bağlı İran Azərbaycana nota göndərdi. Məsələ ilə bağlı DAK-ın 2013-cü il avqustun 22-də keçirdiyi mətbuat konfransında elə Ə.Tağızadə özü bu barədə mətbuata açıqlama verib. Fəaliyyəti olmayan bir təşkilata görə nota verilərmi?
Bundan əlavə isə son bir ildə DAK çərçivəsində Strateji Araşdırma Mərkəzi (SAM) fəaliyyət göstərir . Güney Azərbaycanda vəziyyətlə bağlı aylıq hesabat hazırlanır və digər çalışmalar edilir ki, bu işlərin yükümlüləri də Quzeylə bərabər həm də Güneyli olan aydınlarımızdır.
DAK olaraq Ə.Tağızadənin ittihamlarını əsassız sayır, onun bir zamanlar müqəddəs adlandırdığı təşkilata qarşı böhtandan çəkinməyə dəvət edirik. Uzun illər birgə fəaliyyət göstərdiyi şəxslər və təşkilat haqqında yalan informasiyalar yaymağın heç kimə faydası və xeyri yoxdur. Bu cür xoşagəlməz addımlar ən azı uzunillik əməkdaşlığa yaraşmaz.

Məsələyə münasibətlə bağlı DAK İdarə Heyəti üzvlərinin fikirlərini nəzərinizə çatdırırıq.

DAK İdarə Heyətinin üzvü, Avstraliya təmsilçisi Həcər Koç:

“Mən bu müsahibələrdən öncə Sabır bəyə xitab, bır açıq məktub yazmaq istəmişdim. Çünki belə söhbətlərı Əjdər Tağızadədən gözləyirdim. Amma xəstəliyim araya girdi və təəssüf ki, bu söhbətlər mətbuatda açıldı.
Qurultayın zamanı çox limitli olduğu üçün bunları müzakirə etmədən və gələcək dövrdə vəzifələr və planlarımız danışılmadan, hər kəs ayrıldı və bu boşluğumuzdan dolayı dost və düşmən demədən Əjdər bəy bütün yoldaşlıq və əməkdaşlıq prinsiplərını yıxaraq Sabır bəyə ihanət etməyə başlamış.
Şübhəsiz, bu üslub mübarizə insanına yaraşmır və ancaq düşməni sevındirir!
DAK müqqəddəs bir milli qurum olaraq tanınmış və elə də yoluna davam etməlidir. Onu dirək dövlətlər qarşısına çıxarmaq çox böyük səhv olar. Əjdər bəy Güney hərəkatında aktiv qurumlara sığmayınca DAK fəlsəfəsi və amaclarına bulanıq yanaşması üzücüdür.
Məncə dünya çapında bız DAK olaraq Dünya Azərbaycanlılarını bütöv bir mıllət kımı təqdım edə bilsək, inanılmaz başarıya naill olmuşuq. Özü dem0şkən Güney dünyada İran adlanır və DAK beynalxalq bir təşkilat kimi dünya Azərbaycanlılarının məsələsini qaldırır. Bundan müqqəddəs amac nə ola bilər kı?
Təbii ki, bu yolda başarı, böyük təşkilatçılıq gərəkir!
DAK-ın içində tarixçimiz , şair və yazarlarımız, siyasət simaları, milli sənət və dövlət xadimləri dünyanın hər yerindən qatılmalıdır.
Nə demək, quzeydə yaşayanların sayısı çoxuydu?!
Əjdər bəy o qədər yetkili olduğu halda birlik yolunda istər güneylilərin içində, istər quzeydə, nə addımlar atmış?
Bu qurultayın maddi sıxıntılardan dolayı ən böyük yetərsizliyi müzakirələrin aşırı limitli olmasıydı. Və Əjdər bəy bu hərəkəti ilə DAK-ın sıxıntılarını daha da artırdı və milli mücadiləyə qayğısız olduğunu ortaya qoydu. Yazıqlar olsun!”

GAMOH başqan yardımçısı, DAK İdarə Heyətinin üzvü Ağrı Qaradağlı:
“Mən hər zaman birlikdən yana olmuşam və yenə də birliyi sağlamaq üçün əlimdən gələni edəcəyəm! Zatən mən qurultayda öz çıxışım zamanı DAK-in fəaliyyətlərini Güney Azərbaycan məsələsində yetərsiz olduğunu bildirdim və haqlı olaraq tənqidimi elədim. Amma bu, o demək deyil ki, bir və ya bir neçə şəxsi ittiham altına aparmalıyıq. Təəssüf olsun ki, bəzi dostlar hər hansı bir təşkilatdan ayrıldıqdan sonra etik qaydaları pozaraq həqarətə yol verirlər və bu tamamilə yalnışdır, arada bir sorun varsa hamımızın sorunudur. Və bunu həll etmək də bizlərə düşər!
Mən belə hesab edirəm ki, Azərbaycanda yaşayan Güneylilərin statusları əgər Sabir bəyin gücü əsasında olsaydı, bu məsələ çoxdan həll olardı və bu məsələnin həlli üçün də Sabir bəyin əlindən gələni etdiyini düşünürəm.
Bu məsələlərin ortaya tökülməsi mənim fikrimcə yanlışdır və bu işlər sadəcə İran rejimini sevindirir, Əjdər bəy həqiqətən də Güney üçün fəaliyyət göstərmək istəyirsə artıq kimsədən asılı durumda deyil. İstər təşkilat yaratsın, istərsə də biriləri ilə birləşsin və işini görsün, başqalarını ittiham etməsin.
İstəyirəm bizlərdə elə bir güc olsun ki, təşkilatlara səssiz gəldiyimiz kimi səssiz getməyi də bacaraq, yəni hər bir təşkilatda istefa ola bilər. Amma bu istefalardan sonra elə davranmamız lazim ki, düşmanlarımız sevinməsinlər və sui-istifadə etməsinlər!”

Borçalı Cəmiyyətinin sədri, DAK İdarə Heyətinin üzvü Zəlimxan Məmmədli:
“Əjdər Tağızadə əvvəl DAK-da Şura sədri olub, heç nəyə etiraz bildirməyib. İndi də oğlu DAK-da təmsil olunur. Onun söylədiklərinə təəssüf edirəm. Birincisi, DAK-ın digər qanadının sədri yeni İdarə Heyətində yer almaqla mahiyyətcə DAK-ın vahidliyinin təmini istiqamətində mühüm addım atıldı. Yeganə qurultay idi ki, alternativ qanadın rəhbəri Mirəşrəf Fətiyev də iştirak etdi, İdarə Heyətinə seçildi. Digər qiymətləndirilməli məqam siyasi qüvvələrin, Azərbaycan müxalifətinin qurultayda iştirak etməsi idi. Bu isə siyasi-ideoloji fərqliliklərə baxmayaraq siyasi sistemimizin ümummilli məsələlərdə bir arada olmasının nümunəsi olaraq müsbət təsirli hadisə kimi tarixə düşür. Üçüncü vacib məqam Türkiyənin diqqətinin Cənubi Azərbaycan məsələsinə yönəldilməsi oldu. İlk dəfə idi ki, DAK qurultayı Türkiyənin Bengiturk TV və digər Türkiyə kanallarında birbaşa yayımlandı. Bu hadisələrə görə əksinə DAK-ın qurultayını Ümumilikdə DAK tarixində irəliyə doğru atılan addımlarla əlamətdar olduğu qənaətindəyəm. Bunlar önəmli hadisələrdir. Əsas problem ondadır ki, DAK-ın qarşısına qoyduğu məqsədlərə çatması üçün büdcəsi yoxdur. Əgər biz Avropa institutlarına haqlı mövqeyimizi çatdırmaq istəyiriksə, bunün üçün yetərincə vəsait olmalıdır”.

DAK Qarabağ Nümayəndəliyinin sədri, İdarə Heyətinin üzvü Siyavuş Mustafayev:
“Bilirsinizmi, mən həmişə belə məsələlərin, incikliklərin, küsüşmələrin hər iki tərəfin iştirakıyla masa arxasında həll olunmasının, müzakirə olunmasının tərəfdarıyam.
Təxminən bir həftə əvvəl Sabir bəylə Əjdər bəy ikisi bir yerdə olanda mən Əjdər bəydən istefasının səbəbini soruşdum və Əjdər bəylə bu barədə söhbətimiz oldu.
Əjdər bəy emosional adamdı, ona görə də qızışanda nə danışdığının ağına-bozuna baxmır. Məsələn, deyir ki, DAK-da üc güneyli var. Mən DAK-da yeganə adamam ki, həm Güneyə, həm də Quzeyə aiddiyyatım var. Bir çoxlarının bildiyi kimi bizim əslimiz Güney Azərbaycanın Əcəbşer mahalındandır. Babam Səttərxanın dəstəsində vuruşub, sonralar isə məlum hadisələrdən sonra Naxçıvanda bizim nəslimizə Əcəbşer nəsli deyirlər.
Əjdər bəyə olan şəxsi münasibətimin müsbət olmasına baxmayaraq, onun müsahibəsinin bəzi məqamlarına toxunmaq istəyirəm. Bu arada onu da deyim ki, bu məsələdə Sabir bəyi də müdafiə etmək fikrindən uzağam. Hesab edirəm ki, Sabir bəyin buna ehtiyacı yoxdur. Demək istəyirəm ki, mən Quzeydən olsam da Əjdər bəyin dediyi kimi Güneydən bixəbər deyiləm və özümü DAK-da təsadüfi adam hesab etmirəm. Mən 2002- ci ildən DAK-ın üzvüyəm və qurultaylarına qatılıram. Əjdər bəydən soruşma istərdim ki, mən təsadüfi adam sayılırammı DAK-da?
Deyir ki, qurultayda irad bildirsəydim kimliyi bilinməyən insanlar mənə hücum edəcəkdi. Mən bu məsələdə Əjdər bəyin hansı arqumentə əsaslandığını izah etməkdə çətinlk çəkirəm. Çünki qurultayın gedişində Əjdər bəyə şəxsən yaxınlaşıb nə baş verdiyini soruşdum, o da “bəy, hər şey əladır” cavabını verdi.
Sonra deyir ki, siyahı əsasında seçki oldu. Bildirim ki, mən İdarə Heyətinə namizədliyimi özüm verdim və qurultay iştirakçılarından mənə səs vermələrini xahiş etdim, sağ olsunlar yekdilliklə mənə səs verdilər. Hesab edirəm ki, özünə inamı olan istənilən şəxs qurultay tərəfindən dəstəklənəcəyini bildiyi halda namizədliyini verə bilərdi. Deyir ki, Güneydən üç adam var idi.

Mən tanıdığım Güneylilərdən Firudun bəy həmsədr, Həcər xanım Avstraliya, Eldar Qaradağlı, Babək Muğanlı Güney departamentinin sədri, Ağrı Qaradağlı və Əjdər bəyin oğlu Babək Tağızadə İdarə Heyətinin üzvü seçildilər.
Bir məsələdə Əjdər bəylə şərikəm. Deyir ki, “ey Güneylilər, özünüz öz ayaqlarınız üstündə durun. Atalar deyir ki, “Yüz mamaşa yığılsa da, güc doğanın başındadı”. Son hadisələr göstərir ki, Güneydə əgər 40 minlik stadiona 70 min gənc toplanaraq “Bozqurd” işarəsini göstərirsə onların nə Siyavuşa , nə Əjdərə, nə də bir başqasına ehtiyacı yoxdur.
Güneylilərdə indi 3 xətt var; birincilər müstəqil, bütöv Azərbaycan istəyən istiqlalçılardı. İkincilər deyir bizə dil, oxuma, yazma, televiziya, radio və s imtiyaz versinlər, biz İranın tərkibndə yaşayaq – bunlar federalçılardı. Son vaxtlar bir cərayan da yaranıb ki, bunlar deyir biz 50 milyonuq İran bizimdi, niyə parçalansın… İran Türk Cümhuriyyəti quraq, farslara da muxtariyyat verək tərkibimizdə yaşasınlar, bunlar da İrançılardı…
İndi DAK bunların biriylə əlaqə yaradır, o birilər küsür. Ona görə də DAK-ın cənub məsələsi çox həssaslıq tələb edir. Əjdər bəyi də başa düşmək olar. Atalar deyib “Uman yerdən küsərlər”. Amma elə məsələlər var ki, onu nəinki DAK, heç BMT də həll edə bilməz”.

DAK İdarə Heyətinin üzvü, Azərbaycan nümayəndəliyinin rəhbəri İsmayıl Ağayev:
” Əjdər Tağızadənin mənəvi haqqı çatmır ki, Dünya Azərbaycanlılarına dərs keçsin. DAK-da təmsil olunan insanlar ondan qat-qat üstündür.”

DAK İdarə Heyətinin üzvü, Güney Azərbaycan nümayəndəliyinin başçısı Babək Muğanlı:
“Belə müzakirələr xalqımızın xeyrinə deyil. Bütün iştirakçılar, mətbuat qurultayın yüksək səviyyədə keçirildiyinin şahidi olub. Budəfəki qurultay əvvəlkilərdən daha güclü idi. İrana işləyən bəzi qüvvələr iradlardan öz məqsədləri üçün istifdə edir. DAK-ın Güneylə bağlı tədbir keçirmədiyini iddia edənlər özləri ötən il keçridiyimiz tədbirlərdə azı yarım saat çıxış ediblər. Buna görə də hansısa fikri səsləndirəndə onu daha dərindən düşünmək lazımdır”.

DAK İdarə Heyətinin üzvü, ABŞ təmsilçisi Esmira Mədətova:
“Əjdər bəyin bu addımı nədən atmasını anlamış deyiləm. İstanbulda olarkən cıxış etdi və mandatını geri verdi. Dedi ki, bu gundən mən DAK-da yoxam. Mənə də maraqlı gəldi və gün ərzində Əjdər bəydən nədən bu addımı atdığını öyrənməyə çalışdım. Heç bir əsaslı arqument gətirmədi və yaxud gətirə bilmədi. İndi isə mediadan oxuyuram ki, Əjdər bəy birləşməni qəbul edib qurultaya gəlməyən və DAK adına heç bir statusu və səlahiyyəti olmayan 3-4 nəfərə qoşulub əks fəaliyyət və təbliğat aparır. Mən Əjdər bəyin xətrini çox istəyirəm və demək istəyirəm ki, DAK istər İranda olan soydaşlarımızın haqq və hüquqlarının pozulmasına, istərsə də diaspora məsələlərində qürbətdə yaşayan soydaşlarımızın həmişə yanında olub. Çox üzücüdür ki, bu cür anlaşılmazlıqlar baş verib və Əjdər bəy DAK-ı bəlli olmayan səbəblərdən gunahlandırır. Hər zaman demişəm və bir daha təkrarlamaq istəyirəm ki, DAK yeganə təşkilatdır ki, burada sən-mən deyil BİZ varıq. Bu təşkilatda müxalifət, iqtidar anlayışı yoxdur. DAK-da Azərbaycanın çox dəyərli insanları bir arada birləşiblər. Biz də gənclər olaraq onların iş praktikasından, həyat təcrübələrindən yararlanmağa calışırıq. Arzu edirəm ki, bu cur anlaşılmazlıqlara tez bir zamanda son verilsin. Təşkilatımızda barışıq, əmin amanlıq olsun”.

DAK-ın Polşa təmsilçisi, İdarə Heyətinin üzvü Nail Əhməd:
“Son günlər mediada Əjdər Tagızadənin DAK haqqında söylədiyi fikirləri görürük. Əjdər bəy DAK-da böyük fəaliyyəti olan insanlardandır, amma bu gün onun DAK-ın 13-cü birləşdirici qurultayından sonra DAK-ı yenidən ayırmaq cəhdi Əjdər bəyin DAK üçün etdiklərinin üstündən birmənalı olaraq xətt çəkir .Və bu da Əjdər Tağızadənin DAK -ı ayırmaq, parçalamaq istəyənlərə dəstəkdir”.

DAK İdarə Heyətinin üzvü Adil Minbaşı:
“Əvvəllər İran tərəfi belə qurultaylara qalmaqal yaratmaq üçün öz adamlarını yerləşdirməyə çalışırdı. Həm daxildə qarşıdurma yaratmaq, həm də DAK-ı iqtidarla vuruşdurmaq istəyirdi. DAK-ın son qurultayında Əjdər Tağızadənin oğlu İdarə Heyətinə seçilib. Hətta mənim namizədliyim verilən zaman bildirdim ki, daha çox gənclərə yer verilməsinin tərəfdarıyam. Əjdər Tağızadə son günlərə qədər ugurlardan danışıb, indi seçilmədiyinə görə bütün bu uğurları inkar edir. Amma axı adamın çıxışlarını qoyarlar qabağına. Bir müddət əvvələ qədər uğurlardan, keçirilən görüşlərdən danışırdı. Hələ Ukraynada keçirilən qurultayda ona bildirilmişdi ki, Cənubdan olan bəzi yoldaşlar onun adının olduğu yerə gəlmək istəmir. O da bununla razılaşmışdı, amma görünür, fikrini sonradan dəyişib. Mən buna təəssüf edirəm.”

Əlaqəli məqalələr

1 şərh

  1. Əjdər Tağızadənin fəaliyyətinə uzun illər nəzər yetirsəniz görərsiniz onun özü elə bir DAK- dır və həmdə sizin “DAK” olmayan illərdə, sizin onu seçmədiyinizə təbii baxıram!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button