Danışmağa son!

 Girişə haşiyə:

1930-cu ilin qan qoxuyan illəri. Gedən hara gedir, bilinmir. Niyə gedir, o da bilinmir. Daşa-divara söyəni də tuturlar. Həbs olunub aparılanların hara getdiyini, niyə aparıldığını belə soruşan yoxdur. Bax, o zamanlarda yazıçılarımızdan biri ortadan birdən-birə qeyb olur. Heç kim də qorxusundan soruşmur ki, bu adam hara itdi birdən-birə? Aradan 15 il keçir. Gedən yazıçı elə günlərin bir günündə də qayıdıb gəlir Vətənə. Və… işə çıxır. Yazıçıların Birliyinin kandarında onu görən başqa bir məşhur yazıçımız soruşur:

– Sən bu illər ərzində haradaydın?

– Sibirə sürgün həyatına göndərilmişdim.

– Niyə?

– Stalinə bir yerdə köpəyoğlu demişdim.

– Köpəyoğluna köpəyoğlu deyərlər də…

Qısa və ayaqüstü olan bu söhbət elə oradaca bitir. Hərə sakitcə başını aşağı salıb gedir işinin-gücünün dalınca. Axşam olur… Hamı gedir evinə…

Mərəkə də bundan sonra başlayır. Stalinə «köpəyoğlu» deyən yazıçını qara-qara fikirlər götürür: «Heç dəxli vardı? Mən bu sözə görə 15 il Vətəndən ayrı düşdüm. Yenə ağzımdan çıxdı o söz. İndi gedib hökumətə desə, mənim halım nə olacaq?!» İlan vuran yatır, Stalinə «köpəyoğlu» deyən yatmır.

Bu tərəfdə o biri yazıçımızın gözlərinə yuxu getmir. Onun da düşüncələrində narahatçılıq var: «Adamı «köpəyoğlu» sözünün üstündə 15 ildir sürgünə göndəriblər. Mən də o sözü təkrar bir də onun özünə deyirəm. İndi gedib hökumətə desə, mənim halım nə olacaq?! Bu dəfə də məni onun əvəzinə göndərməyəcəklərmi?»

Hər iki yazıçımız öz-özlüklərində qərar verirlər ki, səhər işə iş vaxtı başlamazdan öncə gəlsinlər və digərinə izahat versinlər ki, yanlış ediblər. Elə də edirlər. Səhər o başdan Yazıçılar Birliyinin qarşısına gəlirlər və… Stalinə «köpəyoğlu» deyən görür ki, «köpəyoğluna köpəyoğlu deyərlər» deyən də onu gözləyir. Yazıçılar heç nə demədən hər şeyi başa düşürlər və bir-birinə sarılıb ağlaşırlar – «Gör bu rejim bizi nə günə qoydu» deyə.

Azərbaycanda da vəziyyət fərqli deyil. Hətta 37-ci ilin o dəhşətli günlərində 3 nəfər üzə duran vardısa, 13 nəfər də üzə duranları lənətləyənlər vardı. Bu gün 37-ci il dəhşətlərindən dəhşətli hadisələr baş verir ölkədə. İndi insanların ailə yapısını dağıdırlar. O gün eşidirəm, məşhur bir cinayət işində adı keçən bir gəncin aktiv xanımını xüsusi xidmətin əməkdaşları tora salıblar və xanımı həyat yoldaşının müdafiəsindən kənarlaşdırmağa nail olublar. Bu xanım həddindən artıq aktiv idi və məndən baş verən haqsızlıqlara aydınlıq gətirmək üçün tribuna istəmiş, müsahibə vermək istədiyini demişdi. Mən müsahibə üçün cinayət işinin materiallarını istədim. Gətirdi. Bir neçə gün tanış oldum və dəhşətli qanunsuzluqların şahidi oldum. Mən xanımı müsahibə üçün redaksiyaya dəvət edəndə «gələ bilməyəcəyəm» dedi. Bu günlərdə eşitdim ki, həyat yoldaşından ayrılıb. Olacaq iş deyil…

Danışıqlarımıza, zarafatlarımıza diqqət edirlər. Bizi qara-qara izləyirlər. Gör redaksiya daxilində nə söhbətlər gedir: «Zarafatla da olsa hakimiyyətin yüksək çinlilərinin haqqında ehtiyatla danışmaq lazımdır.» Və… nə yazıq ki, hamımız bunu ciddiyə alırıq və qərar qəbul edirik ki, daha danışmaq olmaz. Qoy bu hakimiyyət «Azadlıq» meydanının qarşısından «Azneft» meydanına qədər 65 milyon manata yol çəksin, qoy bu iqtidar bu millətin bütün maddi və mənəvi sərvətlərini darmadağın etsin, qoy bu iqtidar millətin haqqı olan milyardlarla manatı bir-birinin cibinə otürüb, millətin diri övladlarının qətlinə fərman versin, amma biz səbrimizi, təmkinimizi qoruyaq, dilimizi dinc qoyaq, dilimizdən torbaya düşməyək. Hətta öz aramızda belə iqtidarın iri çinli məmurları haqqında «peşə etikası»na ziddi ifadələr səsləndirməyək. Dostlar deyir ki, «yerin də qulaqları var.» Hələ məni qınayırlar ki, «Sənə öfd olmur? Axı sənin otağının içinə qədər gətirmişdilər dinləmə qurğusunun yerləşdiyi «hədiyyə»ni?!» Düz sözə nə deyəsən? Bax elə İslam Partiyasının sədri həmin dilinin oduna düşməyibmi? Stalinə bir söz dediyinə görə adamlar Sibirdə 15 il çürüdülər, indi bu da burada bir söz deyib 12 verdilər getdi. Sözə görə həm də…

Razılaşdım. Əziz və hörmətli xüsusi xidmət orqanlarımızın əməkdaşlarına bəyan edirəm ki, bu gündən – yəni sizin qəzetimizi oxuduğunuz saatlardan artıq «Xural»ın redaksiyasında iri çinli məmurlarımızın şəninə toxunulacaq bir söz belə səslənməyəcək. Biz bu haqda qərar verdik. Ona görə də zəhmət olmasa qurğularınızı gəlin sökün, aparın. Bayırda-çöldə özünü həlak edənlərə də qıymayın, qoy başqa işlərlə məşğul olsunlar. Bura göndərməyə həvəsləndiyiniz adamları da yerindən dəbərtməyin. Onlar da burada bir şey eşitməyəcəklər.

Qurğularınızı yığışdırın!

 Hə, lap unutmuşdum – millətin bir-birinə sarılıb ağlaşması lazım həqiqətən də – «Gör bu rejim bizi nə günə salıb?» deyə…

O, başqa məsələdir ki, «Kişilər ağlamaz!»

“Xural” qəzeti,

il 9, sayı: 055 (464), 09 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button