Daşdəmir

Zərdüşt Əlizadə

Ayağını uzadanda, yorğanının uzunluğunu unutma

Rusiyanın Ukraynaya təcavüzü başlayanda güman edirdim ki, “mütərəqqi Qərb” bu zavallı xalqa vargücü ilə kömək edəcək. Niyə? Çünki Ukrayna əslində Rusiya ilə Qərb arasında başlamış ciddi savaşın qurbanı idi. Hələ 2021-ci ilin sonunda RF-nin XİN başçısının müavini cənab Ryabkov Qərbə yazılı ultimatum vermişdi: “Sobirayte manatki i von k qranitsam NATO 1997-qo qoda”, yəni “şələ-külənizi yığışdırıb NATO-nun 1997-ci il sərhədlərinə itilin”.

Qərb bu hədəyə etinasız yanaşmışdı, görünür, onların psixoloqları qəhrəman-şəhər Leninqradın küçə xuliqanı Vovanın daxili aləmini düzgün təhlil edə bilməmişdilər. Təbii ki, Putin, lap elə bizim Rüstəm bəyin və Məşədi İbadın qonaqlığında Həsən bəy kimi, bu “mübhəm sükutu” özü üçün ağır təhqir saymışdı və qərara almışdı ki, eşşəyə gücüm çatmasa da, qoy palanı döyəcləyim, yəni zəif Ukraynaya hücum edim.

Foto: Meydan TV

Sizin də daima insanlarda və dövlətlərdə şərəf və ləyaqətin mövcudluğuna ümid bəsləyən bəndəniz güman etmişdi ki, Qərb və ilk əvvəl ABŞ, təcavüz qurbanı Ukraynanı azğın təcavüzkar qarşısında yalnız qoymayacaq. Məhz buna görə elə ilk andan Ukraynanın labüd qələbəsi barədə öncəgörməmi açıqlamışdım, hərçənd ki, onların arasındakı gerçək hərbi, iqtisadi və bəşəri qüvvələr nisbəti barədə aydın təsəvvürüm var idi. Məni hətta televiziyada izlədiyim türk kanallarında təqaüdə çıxmış türk generallarının Ukraynanın basılacağı barədə xəbərdarlıqları belə ayıltmamışdı. Zənn etmişdim ki, Qərb siyasətçiləri qəhrəman ukraynalı əsgər və zabitlərin əli, qanı və canı hesabına qudurmuş Rusiyanı cəzalandırmaq fürsətini əldən verməyəcək.

Heyhat! Müharibə iki ildən artıq müddətdə davam edir. Bu müddət ərzində Qərb və ilk əvvəl ABŞ min oyundan çıxıb ki, tək Rusiya deyil, həm də Ukrayna zəifləyib bihal olsun. Qərbin ikiüzlü mövqeyini açıq tərzdə müharibənin başlamasından sonra amerikalı diplomatların “Ukraynanın məğlubiyyətinə yol verməmək, Rusiyanın qələbəsinə imkan yaratmamaq” şüarından anlamaq olardı. Bu əndrəbadi cümləni adam dilinə tərcümə etsək, “qoy bir-birini mümkün qədər çox qırsınlar” alınar. Bu məqsədə çatmaq üçün ABŞ döyüşən Ukraynaya hərbi və maliyyə yardımını “çay qaşığı” ilə və böyük fasilələrlə verir. Bütün dünya bilir ki, ABŞ-ın hərbi anbarlarında “duza qoyulmuş” minlərlə tank və təyyarə yatıb köhnəlir, onların qiyməti sıfra yaxındır, bil-əks, onların saxlanmasına və sonradan məhv edilməsinə yüz milyonlarla dollar xərclənir, lakin buna baxmayaraq möhtərəm mister Bayden bu silahı Ukraynaya vermir. Konqresdə vicdanlı insanlar da var, məhz onlar 2022-ci ildə “Lend-liz” qanunu qəbul edib prezidentə konqresdən icazəsiz Ukraynaya istədiyi qədər izafi sayılan silah -sursat göndərmək səlahiyyəti verdilər. Bayden camaatı cırnatmamaq üçün bu qanunu imzaladı, lakin onun bir il qüvvədə olduğu müddətdə Ukraynaya “lend-liz”lə bir güllə belə göndərmədi.

Bayden və konqres 2023-cü ilin oktyabr ayından ta 2024-cü ilin aprel ayına kimi Ukraynaya hərbi və maliyyə yardımını tam kəsdilər. 6 ay Ukrayna ordusunun topları demək olar ki, susdu, hər atılan 10 rus mərmisinə 2-3 mərmi ilə cavab verdi. Rus ordusu indi yenə hücumdadır, Ukrayna ərazisini tutur, onun sənaye və enerji obyektlərini məhv edir.

Dərindən düşünəndə, Ukrayna xalqı və dövləti öz hakim siyasi sinfinin tamahkarlığının və kütbeyinliyinin acısını çəkir. Sovet dövründə hərbi sənayenin 40%-i Ukraynada idi. Müstəqilliyə çıxmış Ukraynanın hakim siyasi sinfi bu nəhəng sərvəti amansızlıqla talayıb satdı, cibini doldurdu, dövləti əliyalın qoydu. İndi əlini açıb Qərbə yalvarır. Mərmi nədir ki, bu qədər sadə sursatı belə özü istehsal edə bilmir.

İndi heç kəs, o cümlədən sizin həqir bəndəniz cəsarətlənib deyə bilməz ki, qəhrəman ukraynalılar rus işğalçılarına qalib gəlib vətənlərini qoruya biləcək. Hər şey Qərb siyasilərindən asılıdır. Vəziyyətdən hali adamlar deyir ki, ABŞ Ukraynanı artıq danışıqlara vadar edir. Putin rəsmən Rusiya ərazisi elan etdiyi torpaqları qaytarmaq istəmir. Atəşkəs hansı şərtlərlə əldə ediləcək, müəyyən deyil.

Düşdüyü ağır böhranlı vəziyyət Ukrayna cəmiyyətini silkələyib ayıltdı, indi məcburən silah və dron istehsalını genişləndirirlər. Müharibə başlayandan 700 min hərbi mükəlləfiyyətə cəlb edilə bilən vətəndaş başını götürüb Avropaya qaçıb. İndi Ukrayna orduya əlavə çağırış elan edib, onları geri qaytarmağın yollarını arayır. Fəqət rus ordusunun hücumu dayanmır, rus bombardmanı aman bilmir, Qərb isə bu faciəvi vəziyyətə soyuqqanlı baxır, öz siyasi oyunbazlığını davam etdirir.

Sizin həqir bəndəniz cavanlığında buna oxşar vəziyyət barədə Mixail Koltsovun “İspan gündəliyi” əsərində oxuyub, bilir. 1937-ci ildə faşist Franko mütərəqqi ispan hökumətinə qarşı qiyam qaldıranda və faşist dövlətləri Frankoya sılah-sursat və döyüşçü göndərəndə, Qərb dövlətlərinin başçıları öz bitərəfliyini elan etmişdi. Bütün dünyadan, Amerikadan və Avropadan antifaşistlər İspaniyaya axışıb orada döyüşürdü, SSRİ könüllü döyüşçülərini ispan xalqına köməyə göndərirdi, təkəbbürlü Qərb isə öz şərəfsiz oyununu aparıb “bitərəf”liyini qoruyurdu.

İndi heç kəs, o cümlədən sizin həqir bəndəniz cəsarətlənib deyə bilməz ki, qəhrəman ukraynalılar rus işğalçılarına qalib gəlib vətənlərini qoruya biləcək. Hər şey Qərb siyasilərindən asılıdır. Vəziyyətdən hali adamlar deyir ki, ABŞ Ukraynanı artıq danışıqlara vadar edir. Putin rəsmən Rusiya ərazisi elan etdiyi torpaqları qaytarmaq istəmir. Atəşkəs hansı şərtlərlə əldə ediləcək, müəyyən deyil.

Dünənə qədər Ukrayna rəhbərliyi deyirdi ki, “biz ölərik, cani Putinlə danışığa getmərik”. İndi Blinken Kiyevə gəlib, gitara çalır və oxuyur ki, “ABŞ-da seçkilərə qədər atəşkəs olmalıdır”.
Zelenski nə deyə bilər? “Adın nədir? Daşdəmir. Yumşalısan, yumşalı”.

Sözümün canı nədir? Özgə atına minən tez düşər. Ermənistan rus hərbi atına minib 30 il ayağının altını görmürdü. Hey onlara deyilirdi ki, qələbə sizin deyil, rusundur, anlamırdılar. 44 günlük müharibə anlatdı. İndi rusdan küsürlər ki, bizə müttəfiq olmadınız. Ay rəhmətliyin övladı, bu dəfə rus sadəcə sizin əvəzinizə döyüşmədi, bu səbəbdən məğlub oldunuz. Anlamırsınız ki, birinci müharibədə siz deyil, Rusiya qalib gəlmişdi?

Bu qəziyyədən hansı dərsi götürmək lazımdır?

1.Özgə atına minəndə, nə vaxt düşürəcəklər barədə düşünmək vacibdir.

2.Müttəfiq yaxşı şeydir, amma gərək cilovunu heç kəsin əlinə verməyəsən.

3.Suverenlik o deməkdir ki, öz işlərinin öhdəsindən özün gələ bilməlisən.

4.İosif Vissarionoviç Stalin demişkən, “Müvəffəqiyyətdən baş gicəllənməməlidir”.
Yəni ayağını uzadanda, yorğanının uzunluğunu unutma.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button