Daşqın Ağalarlı yazır: “Elçibəy kimin qurbanı oldu?”

Daşqın Ağalarlı Pənah Hüseyni sərt sözlərlə tənqid etdi: “Bugünkü “Əliyevlə ortaq idiniz” ittihamının baş sorumlusu təəssüf ki, Bas nazirimiz idi…”

Sabiq hərəkatçı, Elçibəy hakimiyyətinin üzvü Daşqın Ağalarlı redaksiyamıza 4 iyun hadisələri ilə bağlı düşüncələrini göndərib. xural.com yazının önəmini və mövzunun aktuallığını nəzərə alaraq, onu Oxucularımıza təqdim edir:

May ayınnn 3-cü ongünlüyündə Bas nazir Pənah Hüseynovun İngiltərə səfəri gercəkləşdi. Bu səfərdə Ermənistanın Baş naziri ilə İngiltərə Baş naziri Con Meycorun vasitəçiliyi ilə çərçivə müqaviləsi imzalanmalı idi. Dağlıq Qarabağda ermənilərə mədəni muxtariyyət verilməsi, erməni dilində təhsil, din sərbəstliyi və s. nəzərdə tutan bu müqavilənin imzalanması təşəbbüsü Rusiyanı özündən çıxarmısdı. Azərbaycandakı emissarları  vasitəsilə “xəyanət” dedi-qodusu yapdırır, “Hərbi Şura” deyilən antimilli qurumun işinin güclənməsinə çalışırdi.

Eyni zamanda bir qədər əvvəl Ermənistanla atəşkəs müqaviləsi imzalamış Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev də Bakıdakı pozuculuq, sabotaj fəaliyyətini genişləndirmiş, bu işə çoxlu sayda insan və maliyyə cəlb etmişdi. Naxçıvanın iqtisadi potensialının artırılması üçün Türkiyənin “EXIMBANK”-ından alınan 200 milyon dollarlıq kredit də əsasən bu işə xərclənirdi. Eyni zamanda Əli Ömərov, Şadman Hüseyn, Samur Novruzov, Arif Rəhimzadə kimi deputatlar və Nemət Pənahlı da Sürət Hüseynovun ətrafına toplanır, onu hərbi çevriliş törətməyə sövq edirdilər. Çox maraqlıdır ki, erməni-rus qüvvələrinin iyun ayının 15-dən etibarən Kəlbəcərdən çıxarılmasına dair qrafikin Ermənistanın da imzalamasına nail olmuş, Dağlıq Qarabağ ermənilərinə mədəni muxtariyyət verilməsinə razı olmuş hakimiyyətə “xain” damğası vurmaq istəyən S.Hüseynov rəhbərliyindəki “Hərbi Şura” deyilən qanundankənar qurum Ermənistanla atəşkəs və dostluq müqaviləsi imzalamış H.Əliyevlə birgə çıxış edirdi. Təkcə bu fakt çevriliş planlarını yapanların gercək niyyətlərinin haradan qaynaqlandığını göstərir.

H.Əliyevin emissarları əhali arasında təşviş və dedi-qodu strategiyasını genişləndirir, bunun üçün əhalinin aclığa sürüklənməsinə çalışırdılar. Bakı Çörək zavodlarından çörək mağazalarına daşınan çörəklərin pulunun sürücülərə artıqlamasıyla ödənilib, çörəklərin Xəzər dənizinə axıdılması faktları bizə sonralar məlum oldu. Bu işə rəhbərlik edənlərdən biri əslən Ordubad rayonundan olan biznesmen, Qoçəli adlı adam sonralar etdiyi əməlin xəyanətindən dolayı xəstə düşmüş, günlərini  ağlayaraq Allaha yalvarmaqla keçirmişdi… Məncə o adam hələ də sağdır.

Nəhayət, bəlli 4 iyun qiyamı başladı. Gəncədə hökumət quvvələri müəmmalı uğursuzluğa düçar oldular. Baş nazir istefa verdi. Məsələyə Türkiyə Prezidenti S.Dəmirəl müdaxilə etdi. O, H.Əliyevin Bakıya cağrılması və hakimiyyətdə yer almasının vaciblyi təklifi ilə çıxış etdi. Prezident Elçibəy koalisiya üçün üstünlüyü AMIP sədri E.Məmmədova verdi, lakin E.Məmmədovun ətrafi da artıq H.Əliyevdən direktivlər alırdı (Sonradan göründüyü kimi AMİP-in yarısından çoxu Əliyev gələn kimi onun tərəfinə, az sonra isə YAP-a keçdi).

E.Məmmədov koalisiya üçün Konstitusiya quruluşumuzun dəyişməsini, Prezidentin formal səlahiyyətlərə və təmsilçilik haqqına sahib bir yetkisiz fiqur olmasını istədi. Təbii ki, ona rədd cavabı verildi.

S.Dəmirəl Prezident Elçibəyə təzyiqini davam etdirirdi. Elçibəy onun Bakiya dəvət olunmasına bir şərtlə razılıq verdi ki, o, Baş nazir təyin olunacaq və dərhal Elçibəylə birgə mətbuat konfransı keçirəcək, qiyamın ölkə müstəqilliyinə qəsd planı daşıdığını bəyan edəcəkdi.

H.Əliyev Baş Nazirliyə deyil, Parlament sədrliyinə iddiasını irəli sürdü, yalnız bu halda deyilən bəyanatı verməyə razı oldu. Artiq iş işdən keçmiş, vaxt uduzulmuşdu. Dəmirəlin Elçibəyə davamlı telefon etməsini və məsləhətlərinə (əslində basqısına) davam etməsini də nəzərə alsaq, Elçibəy buna da razılıq verdi. İsa Qəmbər Parlament sədrliyindən istefa verdi və yerini H.Əliyevə güzəşt etdi…

Bundan sonrası Azərbaycanda yeni epoxanın başlanğıcı oldu.

Demokratik Dövlətin totalitarizmlə, demokratiyanın diktatura ilə, insan hüquqlarının repressiyalarla, vətəndaş cəmiyyətinin bütün sahələrdə dövlət nəzarətinin və monopoliyanın güclənməsi ilə əvəzlənməsi prosesi başladı.

Keçmis DTK generalı olaraq H.Əliyev qorxu və şayiə texnologiyalarını işə saldı. Saxta separatizm görüntülərinin yaradılması, saxta “dövlət çevrilişinə cəhdlərin” planlanması”, “dağılmaqda və parçalanmaqda olan ölkənin xilaskarı” obrazının yaradılması və daha neçə-neçə qorxulu planlar gerçəkləşməyə başladı. Hələ kövrək olan və yeni yaranmaqda olan vətəndaş cəmiyyətinin bütün atributları kosmetik don geyindirilərək məhv edilməyə doğru gedirdi. Azad mətbuat, azad söz dəhşətli imtahan qarşısındaydı və sonralar çox dəhsətli qurbanlarını da verdi.

Proqressiv qanunlar yerini bir adamın hakimiyyətinin qüvvətlənməsinə, repressiya aparatının güclənməsinə xidmət edən qanunlara verdi.

1990-cı ildə komendant saatı şəraitində keçirilən Parlament seçkisi 1995-ci ildə kecirilən “seçki”lərlə müqayisədə nümunə sayılacaq qədər fərqli olmuşdu.

“Xarici İnvestisiyanın qorunması üzrə Dövlət Komitəsi” ləğv edildi. Rüşvet və “şapka” verməyə razı olmayan investorlar ölkədən qovuldu. Xeyli sayda regional layihələr donduruldu.

1994-cü ilin oktyabr və 1995-ci ilin mart siyasi şouları nəticəsində yüzlərlə insan öldürüldü, minlərlə insan həbsə atıldı.

(Haşiyəyə cıxıb onu qeyd edim ki, bir il yarım ərzində ölkə həbsxanalarındakı insan sayı 7.000 (yeddi min)dən 40.000 (qırx min)ə yaxınlaşdı. Bunların böyük bir qismi siyasi həbslər idi.

Ən dəhşətli zərbələrdən biri də iqtisadi sahəyə dəydi. Azad ticarətin tədricən monopoliyalara bölünməsi və hər sahənin bir məmura, bir Əlyev ailəsi fərdinə tabe etditrilməsi prosesi başladı.

Neft Müqavilələri üzrə Konsorsiumun işi dayandırıldı, alver başladı…

Bütün bu baş verən və bundan sonralar da verəcək ağır, repressiv, depressiya, siyasi erroziya, dövlətçiliyin məhv edilib bir ailənin maraqlarına tabe etdirilməsi prosesində devrilən Elçibəy hakimiyyətinin heçmi günahı yox idi?…

Əlbəttə, var idi və bu səhvlər bəzən bağışlanmaz həddə idi. Amma bir fərq var ki, Elcibəy bir dövlət başçısı olaraq əsasən xoş niyyətinin, təcrübəsiz komandanın, xeyli sayda namərd və romantik kadrlarının qurbanı olurdu. Özü tam səmimiyyətlə təşəbbüsə və inkişaf projelərinə açıq idi…

Milli Hakimiyyət (Elçibəy hakimiyyəti qısaca belə adlanır və bunu haqq etmişdi) sanki özünüqoruma instinktindən uzaq idi. Böyük əksəriyyət inanmaq istəmirdi ki, kimlərsə namərdcəsinə onları devirmək xəyalına düşə bilər. Müharibə cəbhəsində ciddi uğurlar əmələ gəlmişdi və ədalətli sülhə yaxınlaşılmışdı. Ordu və Daxili işlər sistemi islahata doğru gedirdi. Hüquq mühafizə sistemi, məhkəmə sistemi növbəti Parlament seçkilərindən sonra yeni və tam ədalətli simasını alacaqdı. Professional və vicdanlı kadrların axtarışı və işə cəlb edilməsi prosesi gedirdi. Xaricdə təhsil alan gənc kadrların ölkəyə dönmələri gözlənilirdi ki, dövlət idarəçiliyinə yeni nəfəs gəlsin…

Amma nə yazıq ki, bəzi çox böyük vəzifələrdə nadan davranış və nadan idarəetmə də az deyildi. MN, DİN, MTN, Ali Məhkəmə, Baş Prokurorluq daha “qabaqcıl” durumda idi. Qiyama qarşı uğursuzluq baş verər-verməz P.Hüseynov “mütləq Qoca (H.Əliyev -D.A) dəvət edilməlidir…” deyə-deyə Prezident Sarayında aktiv Əliyev təbligatçısına çevrilmişdi. Bugünkü “Əliyevle ortaq idiniz” ittihamının baş sorumlusu da, təəssüf ki, Bas nazirimiz idi…

Azərbaycanın Baş naziri Pənah bəy Dövlət Katibi olduğu dövrdə də Baş nazir kimi bir neçə dəfə qiyam edəcəklərini acıq-aşkar bildirən adamlarla məxfi görüslərdə iştirak etmiş, onların aldıqları ciddi direktivlər nəticəsində aldadıcı oyunlarına inanmışdı. Daha doğrusu, aldanmışdı. Gəncə ətrafindan gələn ciddi məlumatlara dırnaqarası baxmasının bir səbəbi də bu aldanışlar idi. Hökumət başçısı kimi Pənah bəyin ətrafinda, bir neçəsi Baş nazirin müavini sifətiylə şübhəli, korlanmış reputasiyaya malik, Rusiyaya casusluq edən, H.Əliyevə açıq-aşkar simpatiya göstərən kadrlar əksəriyyət təşkil edirdi.

H.Əliyevin sonralar hakimiyyətini möhkəmləndirmək ücün istifadə etdiyi Neft Müqavilələrinin imzalanması lüzumsuz olaraq ləngidilirdi.

Prezident Elçibəyin manevrlərə açıq olmaması da ciddi təhdidə çevrildi. Bu, əsasən Rusiya ilə münasibətdə özünü göstərirdi….

Prezident Əbülfəz Elçibəyin Finlandiyaya, Helsinki Aktını imzalamaq üçün etdiyi rəsmi səfəri nəzərə almasaq, bir Prezident kimi ikinci rəsmi səfərini Rusiyaya etmişdi. Rusiyada onu Baş nazir Yeqor Qaydar, Xarici İşlər naziri Andrey Kozırev, Moskvanın Meri Qavriil Popov və digər çox yüksək ranqlı dövlət xadimləri qarşılamışdı ki, bu, o vaxtlar Rusiya üçün alışıq bir durum deyildi. Prezidentlər – Elçibəylə Yeltsin protokolda göstərildiyi kimi 30 dəqiqə yox, 65 dəqiqə təkbətək görüşmüşdülər. Prezident Yeltsin Elçibəyi Azərbaycan türkcəsində salamlamış, Prezident Elçibəy isə salamlaşmadan sonra bütün danışıqlar boyu ana dilində danışmışdı. Nümayəndə heyətinin üzvü, Baş nazirin birinci müavini Abbas Abbasovdan fərqli olaraq Rusiya Prezidenti bu halı gülüşlə deyil, ciddi qarşılamışdı və bunun üçün 2 professional tərcüməçinin xidmətindən istifadə etmişdi…

Sonradan bəlli olduğu kimi Prezident Yeltsin təkbətək görüşdə Elçibəydən bir demokrat-dissident olaraq onu Müstəqil Dövlətlər Birliyində (MDB) kommunistlərlə tək buraxmamağı, heç olmasa MDB-yə assosiativ üzv olmağı xahiş etmişdi. Əvəzində, Elçibəyin istəyi üzərinə Azərbaycanla ikitərəfli müqavilələrin imzalanması üçün ciddi dəstək verəcəyini bəyan etmişdi…

Prezident Yeltsin bu istəyi numayəndələrarası göruşdə və birgə mətbuat konfransında da bəyan etmişdi. Prezident Elçibəy Rusiya Prezidentinin bu tələbinə rəsmən razılıq verməsə də, “yox” da deməmişdi və Boris Yeltsin bunu perspektivdə baş tutacaq razılıq kimi qiymətləndirmişdi…

Bildiyimiz kimi, H.Əliyev hələ Prezident səlahiyyətlərini icra edərkən Azərbaycanı MDB-yə üzv etdi. Hakimiyyət komandasının bir neçə ciddi üzvü Azərbaycana yönəlik Rusiya təhlukəsini önləmək üçün Elçibəydən MDB-yə tamhüquqlu deyil, assosiativ üzv olmağa razılıq verməyi xahiş etmişdi (İsa Qəmbər, Vahid Əhmədov, Hikmət Hacızadə və s.). Elçibəyin inadı bizə çox baha başa gəldi…

Dövlət çevrilişi prosesi 3 oktyabr 1993-cü ildə H.Əliyevin ekstremal şəraitdə keçirilən seçkilərdə Prezident “seçilməsi” ilə başa çatdı və o tarixdən sonra H.Əliyev öncə hegemoniyasının, sonra isə Əliyev dinastiyasının qurulması və möhkəmlənməsi prosesinə start verdi.

Hələ 1993-cü ilin iyul ayında, Ermənistanla cəbhə xəttində ağır durum hökm surərkən 53 özünümudafiə batalyonunun ləğivi (nizami ordu quruculuğu bəhanəsiylə) sərhəd rayonlarımızın dalbadal işğalı, bir çox hallarda bir güllə belə atılmadan işğalı ilə müşayiət olundu. Əslində, H.Əliyevin bu qərarı başqa şeyə xidmət edirdi…

Qiyam prosesində sonradan önə keçən, Elçibəyin də dəvəti uzərinə Bakıya gələn H.Əliyev bir tərəfdən polkovnik S.Hüseynovla gizli danışıqlar aparır, digər tərəfdən də Rusiyada olan emissarları və dostları vasitəsilə Boris Yeltsindən onun Azərbaycana rəhbərliyini tanımağı xahiş edirdi. Lakin Yeltsin onu inadla rədd edir, keçmiş Prezident Ayaz Mütəllibovun Azərbaycan rəhbərliyinə qayıtmasında maraqlı olduğunu bəyan edirdi. İranla da ciddi danışıqlar aparan Əliyev İranın istəyi üzrə Konstitusiyaya Azərbaycan bir İslam Dövləti olması barədə bənd salacağını vəd etmiş, beləliklə İrandan tam dəstək almışdı.

Amma Boris Yeltsin H.Əliyevə heç cür razılıq vermir, ona inanmadığını açıq-aşkar bildirirdi. Əliyev isə özünün  Rusiyaya daha sədaqətli övlad olduğunu bütün həyatı boyu sübut etdiyini, Yeltsinin istənilən şərtini yerinə yetirməyə hazır olduğunu bildirirdi. Beləliklə,Yeltsin ondan Dağlıq Qarabağ ətrafi 5 rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) girov buraxmağı, Əliyevin vədlərini yerinə yetirməsi müqabilində bu rayonların geri qayıdacağını şərt kimi önə sürmüşdü. Əliyev də bunu indiki halda yerinə yetirə bilməyəcəyini anladığından, cəbhə xəttində mudafiənin əsasən özünümüdafiə batalyonlarının həyata keçirdiyini bildiyindən əvvəlcə onların ləğvini həyata keçirdi (bildirdiyimiz kimi, nizami ordu yaratmaq bəhanəsiylə). Amma bəlli ki, idi belə ağır durumda nizami ordu quruculuğu yalnız paralel aparıla bilərdi…

dashqin

Daşqın Ağalarlı

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button