Dedilər, tətilə gedib…

Əvəz Zeynallı

«Məcnun dərd əlindən dağa çıxdı, dedilər yaylağa çıxıb»…

Maraqlı təəssüratdır. Guya bizimki tətil oldu. Təbii ki, işin formalitesini hesaba qatmıram. İnsan hər zaman rahatlığı və firavanlığı istəyir. Və ya harada bir az rahat yaşam tərzi oldusa, orada özünü xoşbəxt hiss edir. Bunun ömrü 1 həftə olsun, ya 1 əsr – əslində, fərq etməz.

Amma daxili tələbatlar var ki, özünü, ətrafını, bölgəni, dünyanı saran məsələlər var ki, bu, səni bir an da rahat buraxmır. Təsəvvür edin…

…Türkiyədə seçkilərdən çıxan hökumət qarmaqarışıqlıq içində çabalayır. CHP və DTP and içib deputat kimi fəaliyyətə başlamır. Onlar həbsxanada qalanlar üçün və deputatlığı Türkiyə MSK-sı tərəfindən ləğv edilən həmkarlarını müdafiə üçün bunu edirlər… Türkiyə qaynayır… Səhər, günorta, axşam, gecə canlı yayınlar… Millət yatmır danışır, dərdləşir, problemlərdən çıxış yolları axtarır…

…Türkiyədə yer yerindən oynayır. «Fənərbaxça» futbol klubunun əfsanəvi başqanı Əziz İldırım həbs edilir. Onunla birlikdə daha 40 nəfər… Bu, birinci dalğadır. Hələ 2-ci və 3-cü dalğanın da olacağını bildirirlər. Türkiyə yerindən hop deyə qalxır. Respublikanın tarixində bu miqyasda həbs dalğası hələ yaşanmayıb. Türkiyənin ən güclü və qüdrətli ailəsinin ən  qüdrətli üzvünü – hətta dövlətin belə baş edə bilmədiyi İldırımı həbs etmək ölkənin altını üstünə gətirib. Hamı danışır, dartışır, idman cameəsi bir-birini qırır… Gecənin gec saatlarına qədər alovlu proqramlar yapılır…

…Bu tərəfdən Azərbaycan qarışıb. Bir iş adamını günün günorta çağı iş başında qətlə yetiriblər. Bir-birinin ardından bəd xəbərlər gəlir. Dartışmalar, ziddiyyətli məlumatlar bir-birini əvəz edir. Yox, burası Türkiyə deyil. Burada heç nəyi heç yerdə dartışmırlar. Qəzetlər qapalı, televiziyalar əsarətdə…

…İqtidarın qoluzorlu balaları insanları günün günorta çağında döyür, şillələyir, qapazlayır, heç Kim də bunun ölçüsünü götürmür. Vətəndaş biləndə ki, onu döyən kiminsə oğludur, dərhal ərizəsini geri götürüb başına dəyən qaPazın yerini sığıllamaqla məşğul olur. Bu haqda da kimsə danışmır, dartışmır. Ölkənin qəzetlərinin səhifələri, kanallarının isə efirləri hakimiyyətin dar dalanlarına tuşlanıb. Onlar bu millətin hələ canlı yayınlara və adam kimi yaşamağa hazır olmadığına inanırlar…

…Antaliyada isə hər tərəf cənnət kimi. Türklər Antaliyanı həqiqətən cənnət kimi düzəldiblər. Əslində isə heç nə fövqəladə deyil. İnsan var, insana hörmət var, təbiət var və təbiətdən adam kimi istifadə var. Vəssalam. Sadəcə, olanları etmək, insanları normal qarşılamaq və onlara insan kimi qulluq göstərmək – elə mənim anlamımda cənnət kimi şeydir.

***

Bizi bu qədər və bunlar düşündürürdü. İnsan heç bir zaman təkbaşına xoşbəxt ola bilməz. Mən rahatamsa, qardaşım rahat deyilsə, necə ola bilər? Yaxınlarım, qohumlarım bərbad gündədirlərsə, mən necə xoşbəxt ola bilərəm? Həmvətənlərim, azərbaycanlılar ağır durumda yaşayırlarsa, mən bunların içindən çıxsam nə olar, çıxmasam nə olar? Türk milləti dünyadakı pozitiv istiqamətləri əldən veribsə, dünya və onun gələcəyi birilərinin əllərində isə və bizdən də öz məqsədləri naminə istifadə edirlərsə, necə xoşbəxt ola bilərəm? Mən insanam, ailəm, ətrafım, yaxınlarım, qohumlarım, millətim və dünyam var – bu mənada, insan tək halında xoşbəxt ola bilməz. Ətrafında, dünyada, ideoloji dünyasında baş verənlər birbaşa onu bağlayır və o, həm də dünyadan sorumludur.

«Məcnun dərd əlindən dağlara çıxdı, dedilər bəxtəvər yaylağa çıxıb» misalında olduğu kimidir həyatımız. Deyirlər, istirahət gedibsən. Amma bizə istirahət yoxdur. Hər yerdə iş, hər zaman iş. Elə Antaliyada da…

…Mənim isə öz dərdlərim var. Mən Antaliyanın və Türkiyənin ən gəzimli yerlərini gəzmişəm, görmüşəm, orada oxumuşam, yaşamışam, bilirəm oraları. Qısqanmıram, yox, Türkiyə də mənim Vətənimdir. Ora üçün də can verərəm. Amma məni dəli edən bir şey var ki, axı biz də belə edə bilərik. Daha gözəl, daha qəşəng yerlərimiz var. İnsanlarımız həlim və qonaqpərvərdir. Nədən Türkiyədən buraya bir turist gələndə anadan olduğuna peşiman olmalıdır, amma biz oraya gedəndə elə bil cənnətə düşürük? Nədən onlar insana xidmət etməyi əladan əla bacarırlar, amma biz bu qədər qonaqpərvər ola-ola gələni də, gedəni də yeyirik?! Nədən biz Səttarxanın nəvəsindən Astaradan Bakıya qədər 200 manat rüşvət alıb, soydaşlarımızı canından bezdiririk, amma Türkiyədə, İranda 100-lərlə kilometr avtomobil sürərkən qarşımıza bir bəni-adəm çıxmır?!

Nədən?!

Axı biz daha yaxşısını edə bilərik!

 

…Bu da bizim taleyimizdir. Ondan qaçmaq olmaz!

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button