Demokratik diktator

Könül Alı 
Mən nə torpaqlarının 20 faizdən çoxu düşmən tapdağında olan ölkədə prezidentin oğlunun, heç olmasa cəbhəyə yaxın hərbi hissədə deyil, Bakı kəndində hərbi xidmət çəkməsindən yazacağam, nə də ümumilikdə satın alınmış ölkə mediasının hakim ailəyə və bir qrup məmurun təbliğat mexanizminə çevrilməsini şərh edəcəm.
Zatən, bunu “məmə deyəndən pəpə deyənə” hər kəs bilir.
Niyə də şərh edim ki? Cəbhəyə kasıbın balası gedər, prezidentin, məmurun balasının səngərdə nə işi var axı?”
Deyilmi?
Ölkəmizdən, önun ən böyük bəlasından, “avtoritarizm” adlı xəstəliyə mübtəla olmasından, “dikta”nın nə olduğundan yazacağam.
Dünyadan baxınca, çıl-çıraq kimi alışıb yanan paytaxtımız, hələ əsrin əvvəllərindən ən böyük neft maqnatlarının diqqətini cəzb edəcəkqədər qara qızılımız var.
İllərdir, metal borularla dünyaya axıdılan neftimizin bahalaşması, ucuzlaşmasından söz düşəndə,  “bizə nə”, – deyib köks ötürməkdən başqa çarəmiz yox kimi görünür.
Sözün əsl mənasında kədərlənərək, köks ötürərərk qeyd edək ki, ölkəmiz dünyada rüşvətxorluq, korrupsiya, seçki saxtakarlığı, son olaylar icabı ilə hətta sutenyorluqla ad çıxardı.
Bəs bu vəziyyətdə ölkəni gözləyən gələcək nədən ibarətdir?
Bu sistem ölkəmizə nə verəcək? İstər avtoritar, istər tam olaraq diktator bir rejim, patoloji hamiləlik keçirən qadınlar kimi xəstə, zəif, iradəsiz tərəfdaş toplayacaq (övlad doğacaq).
Özləri də bunu yaxşı bilir. O üzdən hövlanak referendumlar, növbədənkənar seçkilər keçirib, hakimlik müddətlərini “Ana Yasaya uyğun olaraq”, “qanuni” yolla uzatmağa, hər an öz içlərindən yıxılacaqları qorxusu ilə hakimiyyətlərini möhkəmləndirməyə çalışırlar.
Tək kəlimə ilə siyasi hakimiyyətlərini uzatmaq üçün Ana Yasamızı zorladılar. Susduq. Susmalıydıq, çünki qorxuruq. Avtoritar idarəetmənin mövcud olduğu ölkələrdə xof mövcuddur. Parodoksal durumdur və insanda ikrah doğurur.
Diktatorluğun hökm sürdüyü məmləkətdə demokratik quruluş təbliğatı apararaq gözlərə kül üfürülməsi isə bir ayrı dərddir.
…kütlə gözlərini bərəldib sovrulan külü gözlərinin selikli qişasına hopduraraq könüllü şəkildə kor olmağa meyillidir.
Bizimkiləri ataq bir kənara, belə bir təhlil aparaq. Latınca “dictator”  dilimizə diktator olaraq keçən kəlmə kimə aid edilə bilər?
Hər cür zorbalıqla hökuməti yönəldənə, bütün siyasi gücləri bir əldə toplayana diktator deyirlər.
“Diktator kimdir”, – deyə özünüzə sual versəniz, bilin ki, bütün mümkün  gücləri öz əlində cəmləyib, heç kimlə hesablaşmadan ölkənin yönətilməsində ən əhəmiyyətli qərarları təkbaşına verənə deyilir.
Bu siyasi münasibətə (political attitude) nümunə olaraq  Azərbaycanda  şahidlik etdiyimiz bir tarixi rüsvayçılıq (political corruption) var. İçtimai rəyi satın almağa hesablanmış bazarlıq, bir də beynəlxalq ictimaiəti çaşdırmaq, ələlxüsus da çirkablarına bulaşdırmaq üçün böyük oyunlar, kürü, daş-qaş, xalça, neft, qaz, nəğd pul və nəhayət, sütenyorluq təklif edərək xeyirlərinə susdurmaq.
Həmin bu sadaladığım əməlləri törədənə də, diktator deyilir.
Basqıçı, istismarçı, şəxsi mənafe savaşından, hakimiyyəti itirmək qorxusundan vətəndaşa tətbiq edilən zorakı davranışın əslində adı nədir?
Ümumiyyətlə, diktatorluq siyasətdə tətbiq olunan  bir idarəçilik çeşididir ki, bunu da həyata keçirənə dikta deyilir.
Diktator rejimləri xalq hakimiyyətlərini qiyam, yaxud saxta seçkilərlə ələ keçirən, yaxud atadan oğula ötürülərək mənimsəyən eqoist sistemə deyilir. Təsvir etmək nə qədər asandırsa, “dictator” un tərifini açıqlamaq bir o qədər sıxıcıdır.
Daha anlaşılan dildə anlatmağa çalışaq ki, diktatorun tərifini əzbərləyib, öz ölkələrində mövcudluğunu inkar edənlər də söz tapmasın. Məsələn, belə bir rəvayət danışaq:
“Biri varmış, biri yoxmuş. Keçmişdə deyil, elə iyirmi birinci əsrin astanasında bir Odlar Diyarı adlanan ölkə varmış. Odlar Diyarının yeraltı sərvəti dünyaya nam salmış, əhalisindən başqa hər kəs, hətta dünyanın o biri başındakılar belə bu sərvətin xeyirindən nəsibini almışdı. Əlahəzrət padşah satmış, savmış yerin altından fontan vuran qara qızılı, yatırmış mala-mülkə, daşımış qütblərə, kor qoymuş Odlar Diyarının saray xəzinəsini. Sonra da bir bilsəniz, nə etmiş. Ayıbını üzünə vuranları heç sevməmiş, illah da qorxmuş onlardan. Ki birdən kor olmuşların gözlərinə məlhəm, dili kəsilmişlərin dilinə çarə olarlar. Tüpürüb əlinə atmış zindana bunları. Daha sonra isə xəlvətdə, aşkarda onun ayıblarını yazan bütün mirzələrin qələmini alindən almış, qapatmış qəzetlərini. Ölkəni açıq zindana çevirib, ailə hakimiyyəti quraraq davam etmiş səltənətinə”.
Siz bir düşünün, sizin dövlət başçınız da bu rəvayətdəki kimi millətə divan tuturmu?
Belədirsə, diktatormuş, deyilsə, nə mutlu sizlərə…
Bastainfo.com

Əlaqəli məqalələr

1 şərh

  1. Xalq qorxmur. Ümumiyyətlə xalqın hissləri olmur. Sadəcə cəmiyyətin institutları dağıdılıb, siyasi şüuru kütləşdirilib. Azərbaycan xalqı təm mənası ilə dövlətçiliyin nə olduğunu bilmir. Anlasa ki, əslində onun istəyi ilə hər şey dəyişə bilər hər vəchlə istəyini yeridər. Bax bunu alıblar xalqdan. Hərənin öz arzusu var amma xalq olaraq nə istədiyimizi bilmirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button