Demokratik inqilabın şəkli

Razi Abasbəyli

 «Mən dünyada Cənubi Qafqazdan vəhşi yer təsəvvür edə bilmirəm». Bu açıqlamanı ABŞ-ın Türkiyədə və Azərbaycanda sabiq səfiri olmuş Ross Uilson dünən verdi. Daha sonra Avropa Şurasının İnsan Haqları komissarı Tomas Hammerberq 2009-cu ildən bəri rastlaşmadığımız çox əhatəli bir hesabat açıqladı. Bu sənəddəki məqamlar sərtliyi və tövsiyədən çox tələb xarakterli olmasıyla seçilirdi.

Dünən daha bir sərt bəyanata Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Ketrin Eşton müəlliflik etdi. O, çox net şəkildə «münasibətlər Bakının demokratiya sahəsində uğurlarından asılı olacaq» deyib.

Elə bu bəyanatlardan cəmi bir gün əvvəl ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ölkəsinin səfirləri arasında ilk dəfə çox sərt bəyanat verdi.

Bu da Avropanın və ABŞ-ın mövqeyi.

İndi isə bir qədər də geriyə qayıdaq. Sentyabr ayının ilk günündən etibarən məşhur «Vikiliks» saytı Azərbaycanla bağlı şok sənədlər açıqlamağa başladı. Ayboyu biz bu sənədləri oxuduq və tirajladıq. Şərhlər və münasibətlər soruldu. Tək bir yerdən səs gəlmədi. Rəsmi Bakı susdu. Yalnız onu dedilər ki, yalandır. Amma bu qeyri-səmimilik uzun sürmədi. «Vikiliks» Ermənistanla bağlı şok sənədlər açıqlamağa başladı. Rəsmi Bakının bütün təmsilçiləri bir ağızdan «böyük həqiqətdir» dedilər. Deməli, bununla da dolayı olaraq bəlkə də kafalarına yetmədiyindən təsdiqçi oldular. Amma yenə də proses davam edir.

Eynən Azərbaycan quruluşlu dövlətlərdə olduğu kimi. Azərbaycan hökuməti deyilənlərə ya sükutla cavab verir, ya da bunu şər-böhtan adlandırır. Məsələn, bir zamanlar Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov «Human Rayts Voçt» təşkilatını ermənilərə işləməkdə ittiham edirdi. Daha sonra isə cənab Novruzov bu təşkilatın Ermənistan haqqında açıqladığı hesabatını «tam obyektiv» kimi qiymətləndirdi.

Amma Azərbaycan ətrafında böyük bir proses artıq başlayıb. Hələ unutmamış «Vikiliks»in əsas hədəfində olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovun durumuna diqqət edin. BBC Beynəlxalq Həvəskar Boks Assosiasiyasında rüşvət qalmaqalı ilə bağlı açıqlama verdi.

Sizcə bütün bunlar eyni vaxta təsadüfənmi düşdü? Güman etmirəm. Düşünürəm ki, ABŞ və Avropa Azərbaycandan nəsə istəyir. Bu, demokratiyadırmı? Onu əminliklə deyə bilmərəm.

Amma Azərbaycanın dünyaya, Avropaya, ABŞ-a, hətta Türkiyəyə verə biləcəyi çox strateji, geosiyasi rıçaqları var.

Amma dünya bizim ölkəmizdə demokratiyanın bərqərar olması üçün istəklərində bizim iqtidardan nə qədər səmimidir, onu müəyyənləşdirmək çox, amma çox çətindir. «Xəzərdə qaz ehtiyatlarımızın həcmi artır» deyəndə demokratiya yada düşür? Bəlkə doğrudan da ABŞ Cənubi Qafqaza gəlir? Avropa da onu qabaqlamaq üçün daha çevik tərpənmək istəyir? Amma bütün hallarda bu ölkədə siyasi risk aşağı düşməlidir. Azərbaycanda bir vətəndaş cəmiyyəti qurulmalıdır. Bunu isə ABŞ və Avropa istəməyə bilməz.

Və bunu onlara kim vəd edir? İndiki Azərbaycan müxalifətimi?

…Cavab vermək o qədər çətindir ki…

Və bu çətin suala cavab axtaran dünya İlham Əliyevdən daha çox islahatlara getməyi rica edir, rica edir. Aradabir həm də tələb kimi danışır. Seçimi olmadığı üçün İlham Əliyevlə işləməyə məhkum olur.

Azərbaycanda isə sözün bütün mənalarında aşağılar təşkilatlanmış və ayaq üstədirlər.Yuxarıların isə bəzən şəxsi maraqları, bəzən bağlı olduqları hakimiyyət maraqları, bəzən  cəsarətsizlikləri, bəzən də etimadsızlıqları böyük bir prosesin qarşısını alır.

Həm də Azərbaycanda müxalifət partlamış minadan ətrafa səpələnmiş əsgərlər kimi inildəməkdədir. Hərəsi bir yandadır. Bu mina illərdir ki, ortada partlayır – Azərbaycan hakimiyyəti ilə ABŞ və Avropanın maraqları arasında…

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button