Demokratiyaya zəng…

Mirzə Sakit

– Alo… alo… salam əleyküm! Demokratiya, ə bə nooldu, harda qaldın? Sənin evini Allah tiksin, gəl çıx da bə. Bu on beş ildə bir yol tapıb Azərbaycana keçmək nəmənə işdi, a qardaş, day biz öldük axı.

– Alo, ayə qalmışam Yalama gömrük-keçid məntəqəsində, nə illah eləyirəm, məni buraxmırlar. O Gömrük komitəsinin sədri var eee, nədi oo, kərə yağında bişən “rulet”ə bənzəyən Aydın Əliyev, deyir, sən Azərbaycan iqtidarının standartlarına uyğun gəlmirsən. Hökümət diktatura rejimi yaratdığından, mənə burada yer olmadığını deyirlər.

– Bıy, bıy… alo, fu, fu, ə bu zəhrimar telefona nooldu? Hə… hə… işlədi. Sən belə elə, istəyirsən o sərhədçilərlə dil tap, pul təklif et. Pula görə nə desən, eləyərlər.

– Ay Mirzə Sakit, bığlı-saqqallı kişisən, gör nə danışırsan. Bax, gözümün qabağında sərhəddən hər şey keçirirlər. Tikinti materiallarından tutmuş yemək, narkotik, geyim, ilan zəhəri, ikra, nöyüt – hamısı da qeyri-qanuni. Heydər Əliyevin də 18 metrəlik şəklini asıblar burdan. Adam baxanda xəcalət çəkir. Bütün moşenniklər o şəklin altında yüz cür alçaqlıqla məşğuldular. Kəmaləddinin adamları sorğu-sualsız burdan nələr keçirdillər, Allah-Allah…. Amma mənə çatanda hamısı üzümə düşmən kimi baxır. Buranın rəisi var, gör nə deyir. Deyir, nə qədər ki, bunlar hakimiyyətdədir, sənə ehtiyacımız olmayacaq. Mən də ayağımı mıxlayıb durmuşam. İndi mən demokratiya ola-ola rüşvət verim, day onda mənimlə bunların nə fərqi var? Yox, qardaş, mən ölərəm, təmiz adımı idbar adamların cərgəsinə qoşmaram.

– Gəlsənə, belə bir iş görəsən. Ordan otur təyyarəyə, uç İrana. Bəlkə İran tərəfdən keçə bildin.

– Vallah, deyəsən, türmə sənə təsir edib. Lap ağlını itirmisən. Ya da məni ələ salmısan. Elə haqq eləyib sənin cibinə Aqil Ələkbərov heroin qoyub atıb türməyə. A kişi, ağzında İran deyirsən. Orda ya məni asarlar, ya da daş-qalaq eləyərlər. Ya da nüvə başlıqları daşıdarlar. Mən Allahşükür-zadam bəyəm, min fırıldaqla İranı Turana qatışdıram. Molla Demokratiya görəndə elə bilir ki, ehsansız yas görür. Məni heç təyyarədən düşməyə qoymazlar, göydə ikən partladarlar. Sən bilmirsənmi İran tərəfdən Azərbaycana ancaq narkotik idxal edirlər? Ax, ax, islah olmursan ki, olmursan.

– Bura bax ey, birincisi, mənim cibimə heroini Adil Ələkbərov özbaşına atmayıb. Bu, siyasi hakimiyyətin, konkret olaraq, İlham Əliyevin qəti sifarişi əsasında baş verib. O, sadəcə, killerfason icraçıdır. İkincisi, bəxtin gətirib ki, Demokratiyasan. Vallahi, sənə elə həcv deyərəm ki, məcbur qalıb gedib oturarsan bizim Milli Məclisdə. Olarsan quzu kimi, bildin? Mübariz Qurbanlı ilə bir yerdə olmaq, toyda eşşəyin xanəndə olması kimi bir şeydir. Mənimlə bir də belə danışma. Sən bilmirsən bəs mən də mənəm?! Belə də ki, adını Demokratiya qoyubsan, əmə bir yol tapıb gələ bilmirsən.

– Ə, sən öl, sənin təpənin gülləsi əskikdir. Siz orada bir hərəkət edə bilmirsinizsə, məni niyə günahkar bilirsən? Eşitmiyibsiz ki, Allah deyir səndən hərəkət, məndən bərəkət. Tutaq ki, birtəhər gəldim, onda da deyəcəklər ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlisən. Ədliyyə Nazirliyinin də başı türmələrdəki korrupsiyalara qarışıb. Ramiz Mehdiyev üzdə korrupsiyaya qarşı guya mübarizə aparır, amma xəlvətdə hamısına deyir ki, qoymayın millət başını yuxarı qaldırsın. Hər ay hər türmədən təxminən 40-50 dustağı məntəqə tipli müəssisəyə köçürürlər. Həmin dustaqların da hərəsindən orta hesabla 1000-1500 manat pul alınır. Allah tərəfi, bu qədər pulu kim əldən buraxar? 17 dənə zon var, 3 təcridxana, hesablasan bir aləm pul edir. Bir də ki, türmədəki narkotik alverinin gəlirin kim əldən verər?

– Görəsən, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov cənabları bu işdən xəbərdardımı?

– Guya sən bilmirsən, ay saqqalı ağarmış, özün də türmədəsən.

– Ayə, hardan bilim mən yazıq, xarici radiostansiyaları da kəsdilər. Dörd divarın arasında kimi görürəm ki, soruşum da? O, Penitensiar Xidmət idarəsində bir mayor var, gərək ki, adı da Emin Həsənovdur. Bölgü işinə o baxır. Bir dəfə biz türmənin rəisinin otağında idik. Əlini uzatdı rəisin başının üstündə vurulmuş şəklə and içdi ki, ümumiyyətlə, biz rüşvət almırıq. Əlim üzümdə qaldı. Bilmədim, Eminə baxım, yoxsa ki, o şəklə. Amma and içəndən sonra Emin müəllim rəisə göz vurub güldü. Bu da mənim gözümdən yayınmadı.

– Eeeeh, sənin işin-gücün yoxdur, bilmirsən ki, sənin o şəklə münasibətin necədirsə, onların da münasibəti elədir. Sadəcə, onlar deyə bilmədiklərini sən deyirsən. Çünki onlar o şəkildən bəhrələnib pul qazanırlar. İstəyirsən, Allaha and içim ki, bu belədir.

– Canım-gözüm Demokratiya, bəs biz neyləyək ki, sənin bura gəlişini təmin edə bilək? Nolar ki, bilmədiyim nə varsa, öyrət mənə, qadan alım…

– Aha, deyəsən, yavaş-yavaş islah olursan. Onda qulaq as, mənim konturum çox olsa da, sənin deməyin yaxşı olar. Sən belə et. O demokratik muxalifətin liderləri var haa, İsa Qəmbər, Əli Kərimli, Mirmahmud Mirəlioğlu, Sərdar Cəlaloğlu, sonra canım sənə desin… Bax, həmin o adamlara xəbər ver ki, mənim Azərbaycana gəlişim onların yumruq kimi birləşməsindən asılıdır. Mən öz demokratiya adıma, vicdanıma and içirəm ki, bu belədir. Əks təqdirdə, nə mən Azərbaycan torpağına keçə biləcəm, nə də azərbaycanlılar ağ günə çıxa biləcək. Nə qədər ki, rejim yaşayır, bütün azərbaycanlılar xoşbəxtlik tapa bilməyəcəklər. Mən özüm Demokratiya ola-ola bu iqtidardakılarla yanaşı durub şəkil çəkdirsəm, siz buna necə baxarsız?

– Nə bilim, vallah…

– Azzar nə bilim, çor nə bilim, sənin yerin elə türmə imiş. Nədi o hakim, “perviy razryad zakazşik” Azər Orucov. O, hələ çox sifarişlər qəbul edəcək. Muxalifət susqunluq nümayiş etdirdikcə, pərən-pərən düşəcəklər. Allahsız hakimlərlə dinsiz prokurorlar, imansız müstəntiqlər tərəfindən hələ çox günahsız insanlar təcavüzə məruz qalacaq. Bu gün Azərbaycan torpaqları ermənilər tərəfindən, dövlətimiz isə anatomiya elminə məlum olmayan insanlar tərəfindən işğala məruz qalıb. Üç milyona yaxın azərbaycanlı çörək, iş dalınca ölkədən didərgin düşüb. Nöyütün pulunu iri layihələrə qoyub basıb yeyiblər. Ona görə də neft ucuzlaşdığından bütün işlər tökülüb qalıb. Əgər bir dövlətin Konstitusiyasını istədikləri kimi dəyişirlərsə, bu, sizlərə heç nə demirmi? Xarici radiostansiyaları qapadıblarsa, zəhmət çəkin ayrı vasitələrlə xalq arasında təbliğat aparın. Axı bu zəhrimar 21-ci əsrdə bütün elektron vasitələr mövcuddur, ay qaqaş. Bundan ötrü yumru-yumru qəşəng disklər var, nə çətin işdi bəyəm? Düzün qoşun da.

– Ay Demokratiya qardaş, görürəm sən çoxbilmiş adama oxşayırsan, de görüm, Azərbaycanda bu Korrupsiyaya Qarşı Mübarizə Komissiyası var ha, o, doğrudan da işləyir? Yəni obyektiv olaraq…

– Ha-ha-ha, Allah sənin ürəyini partlatsın. Uuuy, Allah, öldüm gülməkdən. Bura bax, ay həcvovşik, sən bilmirsən ki, o komissiyanın sədri kimdir?

– Əlbəttə, bilirəm.

– Bəs onda, ay cüvəllağı, məndən niyə soruşursan?

– Vallah, mən də o vaxt eşidəndə ki, komissiyaya Ramiz Mehdiyev rəhbərlik edəcək, matım-qutum qurudu. Dedim, Allah bunların villalarını yıxsın, gör toyuq-cücəni kimə tapşırıblar. İndi sən də təsdiqləyəndən sonra heç sözüm yoxdur. Bu, təhsili Misir Mərdanova tapşırmaq kimi bir şeydir. Deyirəm, bu Milli Məclisdə də «Təhsil haqqında» qanunu dırmaşdırdılar ağaca, yəqin bundan sonra müsbət dəyişikliklər olar. Məktəbləri Təhsil Nazirliyinin büdcə hesabına tikərlər, daha Mehriban Əliyevanı təbliğ etmək üçün “Heydər Əliyev fondu”nu gözümüzə soxmazlar.

– Xahiş edirəm, bir də mənə belə səy-səy suallar verib əsəbimlə oynama. Deyəsən, sən mənim Demokratiya olmağımdan istifadə edirsən. Səhərdən bəri sənə bir Quranlıq söz deyirəm ki, rejim dəyişməsə, mümkünat yoxdur. Bütün verdikləri qərarlar xalqın yox, öz hakimiyyətlərinin xeyrinə işləyir.

– Bağışla, axırıncı sözümü deyim. Bəlkə Türkiyə tərəfdən keçəsən bura?

– Qəti yox. Abdullah Gül o saat məni də götürüb futbola baxmaq üçün İrəvana aparar. Tərs kimi Ərdoğan da Öcalanla dostlaşmağa meyllidir. O tərəfdən də Naxçıvan xanı məni haman güllələtdirər.

– Onda Türkmənistan tərəfdən gəmi ilə gəlsən necə?

– Görüm səni lənətə gələsən…. Dud… dud… dud…

– Alo..alo… alo… Vah-vah, çox heyf. Görüm ayrı nömrə ilə yığa bilərəmmi, “KQB” dinləməsin. Əşşi, dinləyir də dinləsin də, guya bizim gizli işimiz var?

14 yanvar 2009-cu il
10 saylı zon…

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button