Deputat barəsində yayılan xəbərə reaksiya verdi:”Nazirin əmri ilə azad olunmağım yalandır…”

Məşhur kardiocərrah, tibb elmləri doktoru, Milli Məclisin deputatı Rəşad Mahmudov Bakı Ürək Mərkəzindəki işindən ayrılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Strateq.az-a daxil olan açıqlamada deputat bildirib ki, Bakı Ürək Mərkəzinə 1 il əvvəl Mərkəzi Neftçilər Xəstəxanasından dəvət olunub:

“Həmin vaxtı mənimlə buradakı fəaliyyətimlə əlaqədar 1 illik əmək müqaviləsi bağlanmışdı. Müqaviləyə görə, əsas vəzifələrim Bakı Ürək Mərkəzində ürək cərrahiyyəsinin və mərkəzinin qurulması, müalicələrin təşkili, peşəkar tibb heyətinin yaradılması və yerləşdirilməsi, yeni prosedurların tətbiqi işlərinin təşkil olunmasına kömək etməkdən ibarət olub. Ümid  edirəm ki, qarşıma qoyulan məsələlərin öhdəsindən layiqincə gəlmişəm və Bakı Ürək Mərkəzi hazırda regionun qabaqcıl müalicə müəssisələrindən birinə çevrilib. Artıq müqavilənin müddəti başa çatıb. Verilən tapşırıqlar icra olunduğu üçün yenidən müqavilə müddətinin uzadılmasına zərurət duyulmayıb.

Bakı Ürək Mərkəzi özəl xəstəxanadır. Ona görə də, həmin xəstəxanaya işə təyinat və işdən azadetmə ilə bağlı sərəncamlar hörmətli səhiyyə naziri cənab Oqtay Şirəliyev tərəfindən verilmir. Bu baxımdan, onun sərəncamı ilə işdən azad olunmağım barədə saytlarda dərc olunan məlumatlar həqiqətdən tam uzaqdır”.

Deputat daha sonra mətbuatdan belə bir xahiş edib: “Hər zaman dost münasibəti bəslədiyim media mənsublarından xahişim budur ki, son 3 ayda xəbər saytlarında yayılan, həqiqətlə heç bir əlaqəsi olmayan, uydurma və absurd məlumatlara həssas yanaşsınlar. 

Mən həkim, müəllim və millət vəkiliyəm. Bir insan üçün bundan şərəfli iş ola bilməz. Bu adları ləyaqətlə daşımaqdan başqa amalım və hədəfim olmayıb, yoxdur və olmayacaq da. Tam əminliklə bildirirəm ki, hər zaman dövlətimizin və Prezidentimizin siyasətini uca tutmaqla, xalqımızın sağlamlığının keşiyində durmağı alın yazısı kimi qəbul etmişəm. Gənc yaşlarımdan mənə göstərilən yüksək etimadı hər zaman doğrultmağı özümə borc bilmişəm. Odur ki, gənc yaşlarımda mənə göstərilən yüksək etimad nəticəsində malik olduğum bu dəyərlərə kölgə salan hər bir sözü, fikri, hərəkəti qətiyyətlə rədd edirəm.

İndi bizim üçün müqəddəs sayılan Ramazan ayıdır. Qarşıdan Ramazan bayramı gəlir. Bəri başdan hamını qarşıdan gələn Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqımıza və dövlətimizə əmin-amanlıq arzulayıram!”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button