Deputat həmkarı Sabir Rüstəmxanlını yıxdı-sürüdü: “Gündüz müxalifət, gecə iqtidar…”

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev parlamentin ötən iclasında sözləşdiyi deputat həmkarı Sabir Rüstəmxanlının ona ünvanlanmış “Musa Quliyev ağ elədi” yazısısına “Ağın yeddi çaları, yaxud siz kimsiniz Sabir Rüstəmxanlı” adlı məqalə ilə cavab verib. Strateq.az Musa Urudun (Quliyev) cavab yazısını yayınlayıb:

Hörmətli millət vəkili həmkarım, “yazı-pozu adamı” Sabir Rüstəmxanlının özünə yaxın bir saytdakı məqaləsi məni sözün əsl mənasında təəccübləndirdi və bir az da mütəəssir etdi. Ona görə ki, deputat həmkarımın xarakterini açan son illərdə yazdığı ən istedadlı yazısını oxuyurdum və bu yazı… mənə ithaf olunmuşdu.
Mən Milli Məclisdə olduğum on beş il ərzində hər kəslə hörmətlə davranmağa, millət vəkili həmkarlarımın tədbirlərində xeyir-şərlərində iştirak etməyə, xoş münasibətimi birdirməyə cəhd göstərmişəm. Çıxışlarımda da, yazılarımda da etik normalardan kənara çıxan bir kəlmə işlətməmişəm. Həmişə də hesab etmişəm ki, parlamentdəki polemikalarımız parlamentarizm çərçivəsində olmalı, mətbuat dedi-qodusuna çevrilməməlidir.

Qırmızı – alov

Milli Məclisin son – 29 may 2015-ci il tarixli iclasındakı çıxışım mətbuatda geniş rezonans doğurdu. İclas zalından çıxarkən bir deputat həmkarım mənə yaxınlaşaraq təşəkkürünü bildirdi və cavab zərbələrinə hazır olmaq xəbərdarlığını da etdi. Düzü, əhəmiyyət vermədim. Nə cavab zərbəsi olar axı? Parlamentdə deputat Sabir Rüstəmxanlının “Gəncədə Məmməd Əminin büstünün başına çuval keçiriblər. Gəncə İcra Hakimiyyəti Məmməd Əminlə düşməndirsə onu desin, ya da öz əli ilə gedib o çuvalı çıxarsın” – kimi fikirlərinə cavab olaraq bildirmişdim ki, əvvəla, Məmməd Əminin başına heç kəs çuval keçirməyib, büstün yerləşdiyi parkda aparılan təmir işləri ilə əlaqədar büstü qorumaq məqsədi ilə üstü örtüklə bağlanıb. İkincisi də o park Gəncə Şəhər İcra Hakimiyyətinin deyil, Nəqliyyat Nazirliyinin balansındadır. Nəqliyyat Naziri Ziya Məmmədov da Sabir Rüstəmxanlının qohumudur, əgər Sabir bəyin Məmməd Əminə ürəyi yanırsa nəqliyyat nazirindən xahiş edib parkı təmir etdirsin. Gəncə şəhər İcra Hakimiyyətinin balansında olan “İstiqlal” parkı gözəl təmir olunub, orada Məmməd Əminin də, digər Cumhuriyyət qurucularının da xatirəsi layiqincə əbədiləşib. İnsanlar da həvəslə o parkda istirahət edirlər.
Hömətli oxucu! Bu fikirlərdə təhqir, təhdid, böhtan, deputat etikasına yaraşmayan bir şey varsa yazın, mən bütün məmləkətdən üzr istəyim…

Narıncı-müştəbehlik

…İlk reaksiya deputat həmkarım hörmətli Elton Məmmədovdan gəldi. “Musa Quliyev ağzına gələni danışmasın” təhdidini nəzərə almasaq, əslində, normal bir cavab idi. Və mən hörmətli Elton müəllimin öz familiyasının şərəfini qorumaq cəhdini də anlayışla qarşılayıram. Amma mən o familiyanın şərəfinə toxunan nə söyləmişdim, bax bu, mənə aydın olmadı. Bəyəm Sabir Rüstəmxanlı ilə quda olmasını söyləmək o familiyanın şərəfinə toxunan sözdürmü? Yoxsa hər hansı nazirin adını çəkmək yasaqdır? Hər halda mən Elton müəllimi də, Ziya müəllimi də, hətta Sabir Rüstəmxanlını da yaxşı adam hesab edirəm. Ümumiyyətlə, onun haqqında səhv etdiyimi sübuta yetirməyənə qədər qarşıma çıxan hər kəsi yaxşı adam hesab edirəm.
Məclis qurtardı, saytlar yazdı, Gəncə İcra Hakimiyyəti və Nəqliyyat Nazirliyi parkın kimin balansında olması barədə açıqlamalar yaydı, çoxlu sayda jurnalistlər mənə münasibət bildirmək üçün zənglər etdilər. Heç kəsə müsahibə vermədim, – “Məclisdə olan polemikanı kənara çıxarmağı parlament etikasına uyğun saymıram,” – söylədim. Düşündüm ki, yəqin belə zənglər hörmətli Sabir müəllimə də olunur və o da əsl ziyalı müdrikliyi göstərərək ağır oturub batman gəlməklə məni utandırmağa çalışır. Doğrusu, bir qədər təəssüf hissi də keçirdim ki, gərək fikirlərimi daha yumşaq ifadə edərdim.
Lakin Sabir bəyin “Musa Quliyev ağ elədi” adlı yazısını oxuyanda isə onun həqiqi sambalının çəkisini bir daha yəqinləşdirdim.
O məqaləyə cavab verməmək də olardı. Hörmətli Sabir Rüstəmxanlının özünü mələk, qarşısındakını isə iblis donunda göstərmək cəhdinə də dözmək olardı. Amma məni aşağılamaq, rişxənd etmək, yalanda, hiylədə, geriqalmışlıqda ittiham etməsini cavabsız qoymamaq, həm də Sabir Rüstəmxanlı haqqında düşündüklərimi tam təfərrüatı ilə özünə çatdırmaq üçün bu yazıya sərf etdiyim vaxtıma heyfim gəlmir.

Sarı – populizm

Əvvəla, Sabir Rüstəmxanlının adı gedən iclasdakı çıxışı nə Bakıda 12 gün əvvəl baş vermiş yanğına, nə də Məmməd Əminə can yandırması ilə bağlı deyildi. O çıxışın əsl mahiyyəti və siyasi məqsədi tamamilə başqa idi. Məlumdur ki, payızda parlament seçkiləri olacaq. Sabir bəy bir təcrübəli siyasət adamı kimi bu çıxışı ilə iqtidara mesaj göndərdi ki, baxın, mənim seçilməyimə dəstək verməsəniz müxalifət cəbhəsində daha kəskin danışacağam. Eyni zamanda, müxalifətə (axı o özü yarımmüdafiəçidir) mesaj göndərir ki, baxın, mən də sizinlə birlikdə Məmməd Əmin davası eləyirəm, sizin materialdanam, bir bezin qırağıyıq.
Bəli, həmin iclasda binadakı yanğınla bağlı müzakirə açmağa ehtiyac yox idi. Çünki yanğın hadisəsi baş verən anda cənab Prezident İlham Əliyev ən operativ qərarları qəbul etmiş, yanğın yerinə şəxsən getmiş, komissiya yaratmış, müzakirə keçirmiş, tapşırıqlarını vermişdi. Cinayət işi başlanmış, istintaq aparılır, günahkarlar müəyyən olunur, zərərçəkənlərə sosial, hüquqi, psixoloji və s. yardımlar göstərilir, binalardakı yanğın təhlükəsi olan üzlüklərin sökülməsi prosesi gedir. Məclis başlayan kimi də spiker hörmətli Oqtay Əsədov yanğın hadisəsi ilə bağlı öz fikirlərini söyləyir, Məclis adından həlak olanların ailələrinə başsağlığı verir və bir dəqiqəlik xatirə sükutu elan edir. Bundan sonra Sabir Rüstəmxanlının söz istəməsi yanğın hadisəsindən istifadə edib bəzi özünə namünasib nazirlikləri “vurmaq” niyyətindən başqa bir şey deyildi. Elə Məmməd Əminlə bağlı çıxışı da Cumhuriyyət qurucularına sayğısından deyil, başqa özəl niyyətdən qaynaqlanırdı. Yoxsa həmin iclasdan bir gün qabaq müxalifətin digər nümayəndələri ilə birlikdə Məmməd Əmin Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət etməyə hörmətli istiqlalçı deputata nə və kim mane olurdu? Ümumiyyətlə, hörmətli Sabir Rüstəmxanlı axırıncı dəfə nə zaman Məmməd Əminin abidəsini ziyarət edib? Məmməd Əminə hörmət edən adam 3 dəqiqəlik çıxışında dörd dəfə “Məmməd Əminin başına çuval keçiriblər” kimi aşağılayıcı ifadə işlətməz axı!

Yaşıl – kal, yetişməmiş, zəhər

Bunu necə başa düşək ki, VHP sədri Sabir Rüstəmxanlı 19 oktyabr 2013-cü ildə prezident İlham Əliyevin Milli Məclisdə keçirilən inauqurasiyasında ayaq üstə əl çalır, onun partiyasının təşkilat şöbəsinin müdiri Samir Əsədli isə Milli Şuranın 1 noyabr 2013-cü il mitinqindəki çıxışında Cəmil Həsənliyə “cənab Prezident” deyə müraciət edir? Budurmu Sabir Rüstəmxanlının partiyasındakı həmrəylik?
Mənə həsr etdiyi məqaləsində “mənim müxalifətçiliyim, yaxud yarımmüxalifətçiliyim ölkədə vətəndaş həmrəyliyinə, Milli Birliyə xidmət edən yoldur və bu yolla getməyimlə qürur duyuram”– yazır. Yenə pafos, yenə dekorasiya, yenə butafora!
Sabir bəy! Sizin Milli Birliyə xidmət edən yolunuz nədir, doğma qardaşınızdan xəbər tutmamağınız nədir? Əlbəttə, sizin ailə problemlərinizin dərdi mənə qalmayıb, amma…
Qardaşınızın xaricə mühacirət etməsi barədə “Yeni Müsavat” qəzetinə verdiyiniz 5 may 2015-ci il tarixli müsahibənizdə oxuyuruq: “Əlövsət mənə heç zəng də vurmur, kiçik qardaşlarımdan bütün məlumatları alıram… Amma bunu faciə saymıram. Görünür bu bizim yaşam tərzimizdir.” Doğma qardaşının mühacirət etməsindən xəbəri olmayan bir şəxsin Vətəndaş həmrəyliyindən danışması, Dünya Azərbaycanlıları Konqresinə rəhbərlik etməsi hansı mənəvi haqqın daşıyıcısıdır?

Mavi – yalqızlıq, miskinlik

Sizin Məclisdəki yerinizi və hörmətinizi elə Milli Məclisin 28 aprel 2015-ci il tarixdəki çıxışınızı xatırlatmaqla yadınıza salmaq istəyirəm: “Aprelin 18-də Dünya Azərbaycanlıları Konqresinin 13-cü qurultayını keçirdik. Öz həmkarlarım olan millət vəkillərinə dəvətnamə vermişdim. Amma buna baxmayaraq, heç kim qurultaya gəlmədi. Təəssüflər olsun ki, dəvətnamə verdiyim həmkarlarımdan heç olmazsa biri bir cümlə ilə qurultayı təbrik etmədi. Vaxtı ilə mərhum Heydər Əliyev DAK-ın Vaşinqtonda keçirilən qurultayına 60 adam göndərmişdi.”
Budur Sizin Məclisdəki hörmətiniz, gücünüz, kölgəniz!
Vaşinqton qurultayını xatırladaraq Ümummilli liderin kölgəsinə qısılırsınız. Doğru da eləyirsiniz!
Amma vaxtı ilə Heydər Əliyevin Sizə əta etdiyi “Şöhrət ordeni”ni bəyənməyib geri qaytardınız. Çünki onda bizim iqtidarın dayaqları indiki qədər möhkəm deyildi və Siz də başqa iddialarla yaşayırdınız.
Kölgə demişkən, əziz deputat həmkarım və söz xiridarı qələm dostum, mənim fikrimi öz niyyətinizcə qiymətləndirmisiniz. Bəli, “öz kölgəsi olmadığından, kiminsə kölgəsinə sığınıblar” ifadəsinin birinci hissəsi Sizə aiddir, ikinci hissəsini isə nahaq Məmmədovlar ailəsinə aid edirsiniz. Mən, əslində, kiminsə kölgəsi dedikdə, məhz, Məmməd Əmin Rəsulzadəni nəzərdə tuturam.
Sizin Məmməd Əmin adından istifadə edərək özünüzə populyarlıq qazandırmaq niyyətinizi, gündüz müxalifət – gecə iqtidar olmaq siyasətinizi nəzərdə tuturdum, bu sözləri deyərkən.
Milli Məclisdəki çıxışınızda cənab Sədrə söylədiyiniz “yalançı” ifadəsi hara, məqalənizdə işlətdiyiniz “hörmətli” sözü hara?
Milli Məclisdə Gəncənin İcra Hakimiyyətinə “düşmən” deməyiniz hara, yazınızdakı “o Yevlaxda işləyərkən zəng vurub təşəkkür eləmişdim” söyləməyiniz hara!
Hörmətli Sabir müəllim! Yevlaxa zəng vuran adam, Gəncəyə də zəng vura bilərdi, problemi səssiz-küysüz həll edə bilərdi. Amma Sizin davanız Məmməd Əmin davası deyildi! Bir də ki, heç zəng vurmazdınız, oturub qatara gedərdiniz Gəncəyə, həmin park duz Dəmir Yolu Vağzalının qarşısındadır, – girərdiniz parka, o dediyiniz çuvalı büstün başından çıxarardınız, onda deyərdim ki, Kişi Məmməd Əmin dərdi çəkir!
O ki qaldı mənim o çıxışda nəqliyyat naziri Ziya Məmmədovun adını çəkməyimə, bu da əslində xoş niyyətdən irəli gəlirdi. Mənim fikrimcə, Ziya Məmmədova, Elton Məmmədova hörmət eləyən qohum o cür çıxışlar etməməlidir. Və Siz çıxış edərkən də mən bu narazılığımı yanaşı oturduğum Elton müəllimə dostcasına bildirmişdim. Məmmədovlar uzun illərdir bizim iqtidarda təmsil olunurlar və onların sədaqətinə də heç bir şübhəm yoxdur!

Göy – səma, aydınlıq

Sabir Rüstəmxanlı! Məqalənizdə məni “yazı-pozu adamı”, “Məclisdə varlığı-yoxluğu bilinməyən” kimi epitetlərlə “şərəfləndirirsiniz”. Axı mənim 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Prezident təqaüdçüsü, neçə ədəbi mükafatlar laureatı olmağımı bilməmiş deyilsiniz. Mən heç böyük ədəbi titullar iddiasında da deyiləm. Amma əziz xalq şairi, bu xalqın sizin bir şerinizi də əzbər bilmədiyinin fərqindəsinizmi?
O ki qaldı mənim “Milli Məclisdə varlığının, yoxluğunun bilinməməsinə”, cənabınıza izah edim ki, mən məşğul olduğum sahədə 10 qanunun ya müəllifi, ya da işçi qrupunun rəhbəri olmuşam və o qanunları Milli Məclisin tribunasından təqdim etmişəm. Müəllifi olduğunuz və təqdim etdiyiniz bircə qanunun adını çəkə bilərsinizmi, ay 25 ilin millət vəkili?
Sizdən fərqli olaraq, mənim 6 mərtəbəli ofisini yoxdur və hər gün Milli Məslisdəki iş otağımda oluram, Sosial siyasət komitəsinin sədr müavini kimi hər gün də ölkənin müxtəlif bölgələrindən gələn şikayətçiləri qəbul edirəm, ərizələri araşdırır, imkanım daxilində cavab verirəm.
İqtidar, bitərəf, müxalifət olmasından asılı olmayaraq, doğru, yaxud qərəzli yazmağının fərqinə varmadan, bütün jurnalistlərə telefonum açıqdır.
On ildir ki, üzvü olduğum Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında ölkəmizi şərəflə təmsil edirəm və hazırda orada iqtisadiyyat komitəsinin sədri və Daimi Komitənin üzvüyəm.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini olduğum on il ərzində komitənin o iclası olmayıb ki, çıxış eləməyim, təklif verməyim, yeri gələndə iradımı və etirazımı bildirməyim. Deputat olduğum on beş il ərzində hökümətin o hesabatı, o büdcə müzakirəsi olmayıb ki, orada çıxış etməyim, təkliflərimi və tənqidlərimi söyləməyim.
Allaha şükür, stenoqramlar qalır, maraqlanan hər kəs qaldırıb baxa bilər.
Əgər Siz millət vəkili fəaliyyətini plenar iclasların ilk 30 dəqiqəsində populist çıxışlar etməkdə, jurnalistlərin gözünə kül üfürərək “qəhrəman” kimi görünməkdə görürsünüzsə, bəli, belə fəaliyyətlərdə mən yoxam.
Mənim Prezidentim öyrədir ki, “bizim siyasətimiz, bizim işimizdir”!

Bənövşəyi – qələm, mürəkkəb, yazı

Həmin başıbəlalı parkın Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərbaycan Dəmir Yolu” QSC-nin balansında olmaması məsələsinə gəldikdə isə, burada da hörmətli opponentim yanılır, parkın Gəncə İcra hakimiyyətinin balansına verilməsi barədə yalnız niyyət yazışması var. Lakin balansdan balansa keçmək barədə komissiya yaradılmayıb, təhvil-təslim olmayıb və hal-hazırda tək o park deyil, Dəmir Yolunun Gəncədə böyük bir xəstəxanası, çoxlu sayda yaşayış binaları, su idarəsi və digər kommunal xarakterli obyektləri var ki, bunların istismarı və idarəçiliyi bu günədək “Azərbaycan Dəmir Yolu” QSC tərəfindən həyata keçirilir. Əgər təhvil-təslim aktı ortada yoxdursa, necə balansdan balansa keçmə ola bilər?
Hörmətli həmkarım Sabir Rüstəmxanlı adı çəkilən parkdan Gəncə İcra Hakimiyyətinə verilməsi haqqında təhvil-təslim aktını ortaya qoysa, nəinki ondan, bütün VHP-çilərdən və DAK-çılardan üzr istəməyə hazıram. Əgər belə bir sənəd ortada yoxdursa, üzr istəmək növbəsi Sabir bəydə qalacaq.
Məqaləsindəki əhval-ruhiyyədən görünür ki, Sabir Rüstəmxanlı Milli Məclisin sədri hörmətli Oktay Əsədovun ona ünvanlanan “onsuz da hami kimin kim olduğunu bilir” ifadəsini çoxdan mübtəla olduğu özünəvurğunluq maniyasının təsiri altında, tam tərsinə başa düşmüşdür.
Sabir müəllim, mənə həsr etdiyiniz məqalənizdə millət qarşısında böyük xidmətlərinizi xatırladır, az qala milli müstəqilliyi bu xalqa Sizin bəxş etdiyiniz görüntüsü yaradır, “tarixin başına çuval keçirmək olmaz” söyləyirsiniz. Bəli, tarixin başına çuval keçirmək olmaz, amma eyni zamanda cidanı da çuvalda gizlətmək olmur.
Siz doğrudanmı inanırsınız ki, SSRİ-ni Sizin meydan mitinqləriniz yıxdı və Azərbaycan məhz buna görə müstəqillik əldə etdi? Bəs onda necə oldu ki, meydan mübarizəsi aparmayan Moldova, Belorusiya, Ukrayna, Özbəkistan, Qırğızıstan, Tacikistan respublikaları bizdən də qabaq –1991-ci ilin avqust-sentyabr aylarında öz müstəqilliklərini elan etdilər? Özünü az qala azadlıq mücahidi kimi bu xalqa sırıyan Sabir Rüstəmxanlının istər Sovet dönəmindəki, istərsə də müstəqilliyin ilk illərindəki müxalifətçiliyi həmişə razılaşdırılmış və “çərçivədaxili müxalifətçilik” olmuşdur. Və həmişə də qazanan o olmuşdur: deputat mandatı, nazir kürsüsü, “xalq şairi” adı və başqa təltiflər. Bu razılaşmalar kiminlə olmuşdur – hökümətləmi, KQB iləmi – deyə bilmərəm, faktsız danışmaq mənim dəst-xəttim deyil. Amma 2012-ci ildə Sabir bəyin bir məhkəməni uduzduğu faktı ortadadır:
“DAK İdarə Heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli 05 avqust 2011-ci il tarixli müsahibəsində “əslində Sabir Rüstəmxanlının vaxtilə rus KQB-si ilə məcaralarından hər kəs danışır”, – deyə onu KQB ilə əməkdaşlıqda ittiham etdiyinə görə, S.Rüstəmxanlı tərəf müqabilini məhkəməyə vermişdir. Yasamal rayon məhkəməsinin 19 fevral 2012-ci il tarixli qərarı ilə S.Rüstəmxanlının Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiası əsassız hesab edilərək təmin olunmamışdır” (www.canal.tv/haber)
Son olaraq Sabir Rüstəmxanlının təlqin etməyə çalışdığı milli barış, vətəndaş həmrəyliyi sahəsində xidmətlərinə gəldikdə, bu da butaforadır! Ölkədə milli barış da, vətəndaş həmrəyliyi də, dünya Azərbaycanlılarının birliyi də Ümummilli Lider Heydər Əliyev tərəfindən təmin edilib və cənab Prezident İlham Əliyevin siyasi dühası ilə gündən-günə möhkəmlənir. Bu birliyi YAP-ın bütün seçkilərdə qalib gəlməsi və cənab İlham Əliyevin xalqın 90%-dən çoxunun etimadını qazanaraq Prezidentlik fəaliyyətini uğurla davam etməsi faktı parlaq şəkildə sübut edir.
Sabir bəy! Mənim üç cümləlik çıxışıma bu qədər əsəbi və qeyri-adekvat reaksiyanız qıcıq qapınızın çox aşağı səviyyədə olduğunu göstərir. Mənim Sizin daşınıza qarşı atdığım kəsək (gör, daş atsa idim, nə günə düşərdiniz?!) Sizin haranıza dəyib ki, belə yanıb-tökülürsünüz? Yoxsa siz başdan-ayağa elə həssas orqansınız?

P.S. Məclisdə də, mətbuatda da birinci atəşi Sabir Rüstəmxanlı açdı. Mənimki isə cavab atəşi oldu. Ləyaqətli zadəganlar dueldə təkrar atəş açmırlar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button