Deputat cəhalətə və laqeydliyə od püskürdü: “Gündüzlərimiz gecə olmayacaq!”

fazil mustafa

Bakıdan dəvət olunan “Müntəzir” teatr qrupu Allah elçisinin rehlətindən sonra cigər parasının ömrünün son əzablı günlərindən, Xanım Zəhraya (s.ə) qarşı edilən zülm və haqsızlıqdan bəhs edən tarixin səhifələrini bədii üslubda tamaşaçılara təqdim edib. Qəmli tarixi məqamlarını əks etdirən tamaşa qaranlıq fəzada, qəmli musiqi tərtibatı və məddahların rövzə və mərsiyələri ilə tamaşaçıları kədərləndirərək maariflənmələrinə səbəb olub. Deputat Fazil Mustafa özünün facebook səhifəsində tamaşaya status həsr edib və fikirlərini paylaşıb. xural.com millət vəkilinin statusunu olduğu kimi dərc edir:

fatimeyi-zehra

Haradadır Azərbaycan davasının sahibi kimi özünü aparan sosial şəbəkə niqabı altında gizlənən saxta cəbhəçi sürüsü? Haradadır yalançı tarix nağıllarını şüara çevirən cahillər yığnağı Milliyətçi Gənclər təşkilatı… Haradadır əslən Gürcüstandakı soydaşlarımızın gələcəyini düşünən aydınlarımız? Ən nəhayət, haradadır Azərbaycan dövlətinin bu işlərlə bağlı büdcədən maaş alan, pul silən qurum və məmurları? Mən tədbirin dini cəhalət tərəfinə qarışmıram. Kiminsə inancının, ibadətinin yanlışınızı-doğrunuzu Allah bilər. Ancaq 21-ci əsrdə Gürcüstanda olub-qalan soydaşlarımızın gələcək faciəsinin izlərini, işartılarını gördüyümə, sezdiyimə görə səsimi qaldırıram. Bu insanlar buraya insan haqlarının qorunması, seçkilərdə mobil şəkildə iştirak edərək Gürcüstanda söz sahibi olmaq uğrunda mübarizə proqramını müzakirə etməyə yığışmayıblar. Heç bu il keçiriləcək möhtəşəm Elat Bayramına dəstək vermək üçün də bir müzakirə aparmırlar. 19-cu, 20-ci əsrdə olduğu kimi İslam tarixinin bəzi epizodlarını şebih formasında səhnələşdirərək ağlamağa, zarımağa yığışıblar. Və ən maraqlısı da tədbirin seçilmiş adıdır: “Gündüzlər gecə olaydı”. Bakıdan da İran Mədəniyyət nazirliyinin xətti ilə Azərbaycan dövlətində şad-xürrəm fəaliyyət göstərən bir şebih qrupu gəlib ki, onsuz da təhsildən əsasən uzaq düşmüş soydaşlarımızı dini cəhalətini, xürafatıni daha da artırsın. Yəni modern təhsilə aid dərs kitabları paylamağa gəlməyiblər. Niyyətə, ideyaya, seçilmiş başlığa baxın: “Gündüzlər Gecə olaydı…” Gürcüstana nə qədər ülvi arzular gətiriblər. Bu gedişlə, bu susqunluqla həqiqətən gündüzləriniz gecəyə dönəcək, cənab azərbaycanlılar. Bu, təkcə Gürcüstanda olmayacaq, addım-addım hər bir soydaşımızın yaşadığı məkanda olacaqdır. Qaranlıqdan Aydınlığa çıxmaq istəməyən bir toplumun Gündüzünü Gecəyə çevirməkdən asan nə ola bilər?
Bu yazıdan sonra cənubdan, şimaldan üzərimizə tökülüşəcək itləri Allahın köməyi ilə özüm susduracağam, qurdlardan isə tək bir xahişim olacaq: gündüzümüzü gecəyə çevirməsinlər deyə, heç olmazsa gözəl səsləri ilə Türk ulusunu uyumağa qoymasınlar…”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button