DEPUTAT ŞAKƏRI, YOXSA…

nizami Nizami Həsənli  

“O vaxt biz deputatlar ərizə yazıb onu tutdurmaq istəyirdik…”

 Bunu Milli Məclisin deputatı Hadı Rəcəbli REAL hərəkatının hazırda həbsdə olan lideri İlqar Məmmədovu qəsd edərək, parlamentin sədri Oktay Əsədova deyib.

 Maraqlı təzaddır, deyilmi? Mən bu deputatların ilin 12 ayı, ayın 4 həftəsi, həftənin 7 günü, günün 24 saatı nə işlə məşğul olmasının hesabatını aparmaq istəmirəm. Mənə bu ifadəni eşitmək yetərlidir ki, deputatların əslində hansı işlərlə məşğul olduğunun mənzərəsini özüm üçün cızam. Hadı Rəcəblinin şəxsiyyəti, hakimiyyətdə tutduğu hər hansı mövqe də umrumda deyil. Məni yalnız narahat edən bu deputatların təfəkkürüdür. Doğrudanmı, özlərini zorən, millətin vəkili kimi bu xalqa sırımağa çalışan bu təyinatlı deputatlar hesab edirlər ki, istədikləri vaxt, istədikləri adamı bir ərizə ilə ləkələyib tutdura bilərlər? Doğrudanmı, iş o həddə qədər çatıb ki, gözləri qarşısında taleyi həll olunan bir həmkarlarının gülünc taleyi onlara dərs olmur? Yoxsa, bu gün cinayət əməllərinə görə cəzasız qaldıqlarından ruhlanan bu şər-böhtan yığını elə hesab edir ki, onların bu günkü əməllərinin haqqı-hesabı olmayacaq?

Onlar belə düşünməməlidirlər, axı. Ortada Gülər Əhmədova və Əvəz Zeynallı faktoru var. Birinci səlahiyyət həddini aşaraq, bir insanın taleyinə qara damğa vurmağa çalışdı. O da Hadı Rəcəbli misalı ərizə yazıb, Əvəz Zeynallını həbs etdirdi. Nə dəlil soruşan oldu, nə də sübut. Üstəlik onun başda oturan adamları ölkə əhəmiyyətli bir gündəlik qəzetin baş redaktoruna “ittihamlar sübut olundu” deyə 9 il həbs cəzası da kəsdilər. Dərs olsun deyə, daha həqiqətləri görməsin, sussun deyə…

Sonu nə oldu, Hadı Rəcəbli? Xatırladımmı? Sonunda 125 deputatın heç biri üçün sığortalanmayan hadisə baş verdi. Gülər Əhmədovanın özü haqqında cinayət əməllərini faş edən videogörüntülər dünyanı mat-məəttəl qoydu. Ə.Zeynallının səsini yazmışam dedi, üzə çıxarılacaq bir şeyi olmadı. Amma əvəzində özünün videosunu çəkib, yaydılar. Ə.Zeynallını “rüşvətxor” adlandırdı, özünün adı “korrupsiya” qalmaqalına bağlandı. Ə.Zeynallını qəfəslik arxasında görəndə, “sənin yerin elə oradır” dedi, cəmi 4 aydan sonra özünü qəfəsliyin arxasına basdılar. Ə.Zeynallıya vurmaq istədiyi “qara damğa” öz adına vuruldu. Çox şey oldu. Ə.Zeynallını həbs etdirəndə onun 8 yaşlı qızı arxasınca baxdı, Gülər Əhmədova həbs olunanda 8 yaşlı oğlunun gözü ağlar qaldı. Paradoksu görürsünüzmü, Hadı Rəcəbli? Güman etməyin ki, sizdən ötüb, qonşuya dəyib. Yox. Bu aqibət, hamını gözləyir. Aşa qatdığınız hər damla zəhər, heç bir məntiqlə işləməyən beyinlərinizi, heç bir qanuna tabe olmayan təfəkkürlərinizi dağıdacaq. Buna əmin olun. Siz və adam tutdurmağı artıq özünə əlavə peşə seçən digər məmurları da… Yəhəri qırıq olan atdan düşməyəcəyinizə belə əmin olmayın. Onsuz da elə yəhərin üstündə – şər və böhtanla çox da uzağa gedə bilməzsiniz. Yerə hansı zərbə ilə dəyəcəyinizi düşünün, sonra parlament divarları arxasından belə ciddi bəyanatları belə rahatlıqla dilinizə almağa qalxmayın. Unutmayın, hər birinizin taleyində Gülər Əhmədova faktoru var.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button