Deputata görə prezident və spiker məhkəməyə çağırıldı

Elmira Axundova oğlundan şikayətçi olanların cəzalandırılmasını istəyir

Fərman Məmmədov: «Elmira Axundova prezidentin adından niyə danışır?»

Deputat Elmira Axundovanın oğlu Həbib Axundov onun tərəfindən aldadıldığını iddia edən və bu barədə dövlət başçısı da daxil olmaqla, müxtəlif strukturlara şikayət məktubları göndərən, media orqanlarına müsahibələr verən vətəndaşları – Fərman Məmmədov, Sabir Hacıyev, Ziya Vəliyev, Firuz Haşımov, Şahin Məhərrəmov və Elvin Vəliyevi bir xeyli vaxtdır ki, məhkəməyə verib. Adları çəkilən şəxslərin ona böhtan atdığını, şərəf və ləyaqətini təhqir etdiyi deyən deputat oğlunun iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində hakim Bəylər Ələkbərovun sədrliyilə baxılır. Həbib Axundov ondan şikayətçi olan şəxslərdən üzr, təkzib, 150 min manat da kompensasiya tələb edir.

Adları çəkilən vətəndaşlara qarşı davaya Elmira Axundova özü də qoşulub. Onun nümayəndəsi Rövşən Yusifov dünənki məhkəmə iclasında Elmira Axundovanın müstəqil tələb irəli sürən üçüncü şəxs qismində tanınması barədə iddia ərizəsi təqdim edib. Hakim iddia tələbini elan edib. Məlum olub ki, Elmira Axundovanın oğlundan şikayətçi olan vətəndaşlarla bağlı beş tələbi var: adları çəkilən şəxslər prezidentə, parlament sədrinə, media orqanlarına təkzib məktubu göndərsinlər; onlardan müştərək qaydada 100 min manat təzminat tutulsun; böhtan və təhqirə görə barələrində cinayət işi başlanması üçün xüsusi qərardad çıxarılıb prokurorluğa göndərilsin; üzərlərinə onlarda olan səs yazıları, fotoşəkillər və s. materialların ləğvi və istifadəsinin qadağan edilməsinə dair öhdəlik qoyulsun; hazırda Bakı şəhər Baş Polis İdarəsində istintaqı gedən cinayət işinin materiallarında bu şikayətçilərin ərizələri, izahatları və ifadələrinin surətlərinin alınıb indi məhkəmədə baxılan işə əlavə edilməsi.

Qeyd edək ki, söhbət yuxarıda adları çəkilən şikayətçilərə qarşı dələduzluq faktı ilə bağlı istintaqı gedən cinayət işindən gedir. Şikayətçi vətəndaşlar Həbib Axundov və onun dostu Elnur İbrahimov tərəfindən aldadıldığını deyirlər. Məsələn, Fərman Məmmədov bildirir ki, o, pulu əlbəəl Həbib Axundova verib.

Deputat oğlunun 340 min manatı…

Elmira Axundova isə iddia ərizəsində yazır ki, Elnur İbrahimov başqaları ilə yanaşı, onun oğlunu da aldadıb və Həbib Axundovun 340 min manatını mənimsəyib. Deputatın sözlərinə görə, şikayətçilər məqsədli şəkildə onu hədəf seçiblər, respublika rəhbərliyinə, parlamentə, idarə və təşkilatlara onun barəsində yalan və böhtan dolu ərizələrlə müraciət edirlər: “Bu yolla məni hörmətdən salır, işgüzar nüfuzuma zərər vurur, məni müxtəlif cinayətlər törətməkdə suçlandırırlar”.

Amma Fərman Məmmədov və digər şikayətçilər bildirir ki, əvvəllər onlarla söhbət zamanı istər Elmira Axundova özü, istərsə də oğlu borclu olduqlarını etiraf ediblər, yaxın vaxtlarda borcu ödəyəcəklərinə söz veriblər. Amma bir müddət sonra ümumiyyətlə, inkar etmək yolunu seçərək, kimsəyə borclu olmadıqlarını iddia ediblər. Şikayətçilərin sözlərinə görə, onlarda deputat və oğlunun əvvəlki mövqeyini (borclu olduqlarını etiraf etdikləri) sübut edən faktlar da var. Lazım gələrsə, həmin faktları açıqlayacaqlarını bildiriblər.

“Bu mötəbər şəxslər prosesə cəlb olunsun”

Dünənki məhkəmə iclasında hakim Elmira Axundovanın iddiasının qəbulu məsələsini müzakirəyə çıxararkən prosesdə iştirak edən cavabdehlər Elvin Vəliyev, Fərman Məmmədov, eləcə də onların nümayəndələri Tahir Əlirzayev və Namiq Hacıyev buna etiraz etməyib və məsələni məhkəmənin öz öhdəsinə buraxıb. İddia icraata qəbul olunub.

Bundan sonra cavabdehlərin nümayəndəsi Tahir Əlirzayev deputatın prezidentə, Milli Məclis sədrinə təkzib məktubu göndərilməsi tələbilə bağlı vəsatət qaldırıb. Vəkil prezidentin və parlament sədrinin üçüncü şəxs qismində məhkəməyə cəlb olunmasını istəyib.

“Bir halda ki, Elmira xanım bizdən prezidentə, Oqtay Əsədova təkzib məktubu göndərməyi tələb edir, onda bu məsələ mütləq əsaslandırılmalıdır. Bilməliyik ki, biz niyə bu şəxslərə təkzib məktubu göndəririk. Bunun üçün də həmin mötəbər şəxslər üçüncü şəxs qismində prosesə cəlb olunmalı, fikirlərini bildirməlidir”, – deyə vəkil vəsatətini əsaslandırıb.

Vəsatətin müzakirəsi növbəti məhkəmə iclasına saxlanılıb. Hakim Elmira Axundovanın iddiasının prosesdə iştirak etməyən cavabdehlərə çatdırılması üçün məhkəməni avqustun 19-na qədər təxirə salıb.

“Prezidentə müraciət üçün deputatdan icazə almalıyıq?”

Elvin Vəliyev “Azadlıq”a açıqlamasında bildirib ki, Elmira Axundovanın iddiada irəli sürdüyü tələblər tamamilə əsassızdır: “Mən prezidentə müraciət edəndə, ona dərdimi deyəndə, kömək istəyəndə Elmira Axundovadan icazə almalıyam? Harda yazılıb ki, prezidentə ünvanladığın şikayət məktubuna görə sonra əlavə təkzib məktubu da göndərəsən?”

Fərman Məmmədov da bu iddia tələbinin absurd olduğunu deyir: “Elmira Axundova prezidentin adından niyə danışır? Prezidentə ünvanlanmış şikayət məktubuna görə deputatın yenidən təkzib göndərmək tələbilə çıxış etməsi heç bir məntiqə sığmır. Ən əsası, prezidentə yazılanların hamısı doğrudur. Yazdıqlarımın hər cümləsini sübut eləməyə hazıram. Yetərincə sübutlarım da var”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button