Deputatın polisi döyməsi: Hadisə harda və necə baş verib?

İyulun 28-dən 29-na keçən gecə, gecə saat 12 radələrində Xaşmazda deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşı Zaur Cavanşir oğlu Mirzəyevi döyməsinin daha bir təfərrüatı ortaya çıxıb.
Bakupost.az -a daxil olan məlumatda bildirilir ki, hadisə Xaçmazda, Bakı prospektində yerləşən “Starıy Dvor” restoranında baş verib.
Bildirilir ki, “Starıy Dvor” restoranını E.Səlimovun qohumları işlədir, qəyyumluğu isə deputat özü edir. E.Səlimovun vaxtaşırı olaraq bu restoranda olduğu, istirahətini burada təmin etdiyi də qeyd edilir.
İnsidentin təməli isə bir həftə öncədən başlayıb. Həmin vaxt reyd keçirən Xaçmaz polisi restorana gəlib və restoran rəhbərliyinə gecə 12-dən sonra fəaliyyət göstərməyin qadağan olduğunu xatırladaraq, belə hala yol verməməsini, restoranın fəaliyyətini gecə 12-də dayandırmağı tələb edib. Həmin vaxt restoranda olan deputat E.Səlimov polislərin qanuni tələblərinə etiraz edib və onlardan restorandan çıxmasını tələb edib.
Reyd keçirənlərdən biri olan polis əməkdaşı Zaur Mirzəyev qanunun tələblərini xatırladaraq, deputata etiraz edib və restoranın gecə fəaliyyətinin rayonda pis nümanə olduğunu, qanunun hamıya şamil olunmasının vacibliyini deyib.
Deputat Eldəniz Səlimov isə bunu təhqir kimi qəbul edib və polisin ünvanına nalayiq sözlər işlədib. Mübahisənin böyüməməsi üçün polis restoranı tərk edərək, rəhbərliyə məruzə edib.
Hadisənin səhəri günü isə E.Səlimov Z.Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng edərək, oğlunun ondan üzr istəməsini tələb edib.
Xaçmaz sakinlərinin dediyinə görə, Mirzəyevlər ailəsi rayonda həddən artıq sadə həyatları ilə tanınır və heç vaxt heç kimlə mübahisə etməyiblər. Cavanşir Mirzəyev isə günəmuzd fəhləlik etməklə, hətta iş olmayanda, butulka yığıb satmaqla dolanan kasıb bir kişidir. Deputatın zəngindən sonra Cavanşir Mirzəyev oğluna Eldəniz Səlimovdan mütləq üzr istəməli olduğunu tapşırır və Zaur Mirzəyev də bununla razılaşır. Deputat bildirir ki, restoranda 28 iyulda olacaq, ora gəlib, hamının qarşısında üzr istəsin.
28 iyulda keçirilən reydə Z.Mirzəyev də salınır və onlar “Starıy Dvor”a gedərkən yenə də qanunsuzluq edildiyini, restoranın gecə 12 olmasına baxmayaraq, fəaliyyət göstərdiyini görürlər. Z.Mirzəyev deputatdan üzr istəyir, buna baxmayaraq, yenə də restoranın 12-də bağlanmalı olduğunu xatırladır.
Bu isə Eldəniz Səlimovu hövsələdən çıxarır və Z.Mirzəyevi ağır sözlərlə təhqir edərək, döyür.
Z.Mirzəyev hadisədən sonra baş verənlərlə bağlı Xaçmaz RPŞ-nin rəhbərliyini məlumatlandırmır. Yalnız 29 iyulda insident mediaya sızdıqdan və deputatın əməlləri ifşa olunduqdan sonra Polis Şöbəsinə çağırılan Z.Mirzəyev hadisənin baş verdiyini və xəsarətlər aldığını təsdiqləyir. Bunun ardınca isə Daxili İşlər Nazirliyinə məlumat verilir və iş nazir Vilayət Eyvazovun şəxsi nəzarəti ilə araşdırılır.
Qeyd edək ki, hazırda faktın araşdırılması DİN-in müraciəti əsasında Baş Prokurorluqda davam etdirilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button