Deputatın qardaşı oğlunun məhkəməsində qalmaqal

804519.06.2013

Hakimin prokurorun suallarını tez-tez kəsməsi zərəçəkmiş tərəfi özündən çıxardı
Hakim: “Nəinki Mirələmovdan, heç Allahdan da qorxmuram”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Prosesdə Rəşad Mirələmov ifadə verib. O bildirib ki, 2011-ci ilin may ayında sinif yoldaşı olmuş Taleh və onun qardaşı Vurğunla görüşən zaman bilib ki, Astaradan olan Hacı Etibar adlı adamın evində mebel işi görüblər. Ev yiyəsinin də ustalara borcu olub. İyul ayında Hacı Etibar həbs edilib və ustalara olan borcu ödənməmiş qalıb. “Taleh və digər ustalar da mebel mağazasını işlədən Zamin adlı şəxsdən material götürdükləri üçün ona borclu olublar. Öyrəndim ki, hətta borclarına görə faiz də ödəyirlər. Zaminlə bir dəgə görüşərək söhbət etdim və bildirdim ki, ustaların da alacağı var, sadəcə ala bilmirlər. Sənin borcunu verəcəklər. Söhbət zamanı onu itələdim, sifəti qapıya dəydi”. Mirələmov əlavə etdi ki, bununla bağlı onu polisə çağırsalar da, 2-3 saat saxladıqdan sonra sərbəst buraxılıb.
“2 gün sonra isə Ramal zəng etdi. Dedi ki, Sən kimsən ki, Zaminə borcla bağlı nəsə deyirsən, ustaların brcu var, verməlidirlər! Məni Bakıya görüşə çağırdı. Bakıya gəlib onunla “Mərakeş” çay evində görüşdüm. Yanında çox sayda adam vardı. Mənə dedi ki, Zaminlə işin yoxdur, pul verilməlidir, verməsələr mən o pulu səndən alacağam. Mən onların çox olduğunu görüb bir söz demədən Lənkərana qayıtydım. Oktyabr ayında Talehin qardaşı Vurğun mənə dedi ki, Hacı Etibarla Bakı İstintaq Təcridxanasında görüşüblər. O, bildirib ki, Lənkəranda maşın salonu işlədən Firdovsidə 19 min dollar pulu var, həmin pulu borcun əvəzinə götürə bilərlər. Vurğun məndən xahiş etdi Firdovsiyə deyim ki, o pulu versin. Mən Firdovsini tanımırdım, getdim yanına ki, Hacı Etibara verəcəyin pulu ver, ustaların da borcu var, onlara catacaq. Firdovsi də bildirdi ki, mən Etibarı tanımıram və heç kimə də borcum yoxdur.
Bundan sonra Vurğun 2012-ci ilin mart ayında bir də mənə dedi ki, kömək elə Firdovsidən o pulu alaq. Birinci dəfə mənə aydın olmasa da, ikinci dəfə gedəndə bilirdim ki, Hacı Etibar “JEEP” maşınını Firdovsinin salonunda satışa qoyub. Buna görə Firdovsi Etibara 19 min dollar verməlidir. Buna öyrənəndən sonra igedib pulu istədim və onun sinəsinə vurdum. 3 gün sonra yenidən Ramal mənə zəng etdi ki, sən məndən qaçırsan, amma mən o pulu səndən alacağam. O məni nalayiq sözlərlə təhqir edərək söydü. İyulun 16-da türmədə olan qardaşımla görüşmək üçün Bakıya gəldmişim. Saat 11.00-da bərbərdə olarkən yenə Ramal zəng edərək görüşməyi tələb etdi. Dedim ki, gəlsin “1001 gecə”yə. O, başqa yerdə görüşmək istəsə də, mən orda olacağımı dedim. Daha “1001 gecə”yə gəldim. Orada qardaşım və əmim oğlanları Raufla, Fəridlə çay içdim. Sonra Raufun işi olduğu üçün getdi, Fərid isə qonaqlarınagörə bizdən aralandı. Qardaşım və administrator Elşənlə çay içən zaman Ramal zəng edərək “1001 gecə”nin qarşısında olduğunu dedi. Onları qarşıladım və çay içməyə dəvət etdim. 4 nəfər gəmişdilər, onlardan biri telefonla danışaraq bizdən aralandı, digəri isə deyəsən ayaqyoluna getdi. Ramal və yanındakı şəxslə stola əyləşdik. Ramal “sən kimsən ki, pul tələb edirsən, sən “razborşiksən”? – deyərək məni söyməyə başladı. Mən də onu söyəndə Ramal məni vurdu və mən yıxıldım. Yenə də söyüş söydü və mən cavab verdiyimə görə ikinci dəfə vurdu. Yıxıldım və gördüm ki, Ramal iri bir bıçaq çıxararaq üstümə gəlir. Yanındakı oğlan onun əlindən tutaraq, “Ramal nə edirsən” deyərək ona mane olmaq istədi. Rayondan gələrkən qəbristanlıqda gizlətdiyim tapançanı da özümlə götürmüşdüm. Onun məni öldürəcəyindən qorxaraq belimdəki tapançanı çıxardım və atəş açdım. Daha sonra bir neçə nəfərin biz tərəf qaçdığını görərək, havaya atəş açdım”. R.Mirələmov vurğuladı ki, onun heç kimi öldürmək fikri olmayıb və özünü müdafiə etmək istəyib. Təqsirləndirilən şəxs əlavə edib ki, iyulun 18-də rayona getmək üçün “20 Yanvar” metrostansiyasının yanına gəlib. “Lənkərana işləyən taksi sürücülərindən biri məni tanıdı və qardaşımın məni axtardığnı dedi. Hadisə vaxtı telefonumu itirdiyim üçün sürücünün telefonu ilə qardaşımla danışdım və o bildirdi ki, əmim (deputat Hüseynbala Mirələmov- red.) prokurorluqda məni gözləyir. Oradan birbaşa Kamandar müəllimin (vəkil Kamandar Nəsibov- red.) ofisinə, daha sonra prokurorluğa gedərək təslim oldum”-deyə Rəşad Mirələmov ifadəsini başa vurub.
Daha sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə suallar ünvanlayıb. Vəkil Kamandar Nəsibov bir neçə dəfə, prokurorun suallarına etiraz etdi. Dövlət ittihamçısının hadisə günü ilə bağlı verdiyi suallar isə qalmaqala səbəb oldu.
Prokurorla Rəşad Mirələmov arasındakı dialoqun bir hissəsini təqdim edirik:

Prokuror: – Mirələmov, siz niyə Firdovsi Bağırovdan pul istəmisiniz?
R.Mirələmov: – Taleh mənim sinif yoldaşım olub, sadəcə yoldaşlıq xatirinə.
Prokuror: – Taleh xahiş etmişdi?
R.Mirələmov – Xeyr qardaşı Vurğun.
Prokuror: – Firdovsi Bağırov nəyə görə pul verməlidir?
R.Mirələmov – Birinci dəfə gedəndə bilmirdim, ancaq ikinci dəfə gedəndə öyrəndim ki, Etibarın onun salonundakı maşını satılıb.
Prokuror: – Bəs pulu niyə tələb etdiyini soruşmadı səndən?
Prokurorun bu sualı Mirələmovun vəkili Kamandar Nəsibovun etirazına səbəb oldu: “Rəşad Mirələmov pul tələb etdiyini demədi, dedi ki, ustalara pul verməsini istəyib”.
R.Mirələmov: – Firdovsi bildirdi ki, mənim heç kimə borcum yoxdur.
Prokuror: – Aranızda dava olub?
R.Mirələmov: – Bir dəfə sinəsindən itələmişəm
Prokuror: – Keçən prosesdə ifadə verən Firdovsi Bağırov ifadəsində bildimişdi ki, siz onu vurarkən eynəyi sınıb və üçünü yaralayıb.
Kamandar Nəsibov: – Etiraz edirəm, Firdovsi Bağırov məhkəməyə ifadəsində elə bir söz deməyib.
Hakim: – Bəli, mən sual verdim və Firdovsi Bağırov xəsarət almadığını dedi.
Prokuror: – Ancaq istintaqa ifadəsi oxundu və xəsarət aldığını bildirmişdi.
Hakim: – Sual çıxarıldı.

Hakim sullarda təkrarçılıq olduğunü və Rəşad Mirələmovun o suallara ifadəsində cavab verməsi barədə bir neçə dəfə prokurora irad bildirdi.
Prokuror- Tapançanı kimdən almışdınız?
R.Mirələmov: – Mahir adlı tanışımdan
Prokuror: – İndi hardadır o adam?
R.Mirələmov: – Dünyasını dəyişib.
Prokuror: – “1001 gecə” restoranında qardaşın və əmioğlanlarınla danışarkən onlara Ramal barəsində demişdin?
R.Mirələmov: – Xeyr.
Prokuror: – Bəs niyə Ramala israr edirdin ki, məhz “1001 gecə” də görüşək?
R.Mirələmov: -Çünki birinci görüşümüzdə mənimlə pis davranmışdılar. Fikirləşdim ki, “1001 gecə”də elə davranmazlar.
Prokuror: – Ramalla gələn şəxsləri tanıyırdınız?
R.Mirələmov: – Xeyr, amma sonradan bildim ki, Elnur, Elmar və Səməd olub.
Prokuror: – Ramalla oturanda yanınınzda onlardan hansı vardı
R.Mirələmov: – Elnur.
Prokuror: – Ramalla sizin boy fərqiniz vardı?
R.Mirələmov: – Ramal məndən 10-15 santimetr hündür idi.
Prokuror: – İlk olaraq kim hücum etdi?
R.Mirələmov: – Ramal məni vurdu, 2 dəfə.
Prokuror: – Əgər onun sizi döyməyə fiziki gücü çatırdısa, nəyə görə bıçaq çıxardı?
R.Mirələmov: – Bilmirəm, bıçaq çox böyük idi, mən öldürəcəyindən qorxaraq atəş açdım.
Prokuror: – Əgər bıçaq çıxarmasaydı nə olacaqdı?

Bu suala vəkil Kamandar Nəsibov etiraz etdi və hakim sualı çıxardı. Bu isə zərərçəkmiş tərəfin – qətlə yetirilmiş Ramalın ailəsinin nümayəndələrinin etirazına səbəb oldu. O, prokurorun suallarına mane olunduğunu bildirdi.
Prokuror: – Tapançada neçə güllə vardı?
R.Mirələmov: – 4 güllə
Prokuror: – Ramalla sənin aranda nə qədər məsafə vardı?
R.Mirələmov: – 1.5 metr
Prokuror: – Sən hansı anda güllə atdın?
Bu suala hakim yenə də etiraz edərək, təqsirləndirilənin cavab verdiyini bildirdi.
Prokuror: – Sənin atdığın güllə Ramalın hansı nahiyəsindən dəydi?
R.Mirələmov: – Sinəsindən.
Prokuror: – Tuşlayıb atmışdın?
R.Mirələmov: – Xeyr, təsadüfən dəydi. Mən yerdə oturan vəziyyətdə idim.
Prokuror: – Güllə dəyəndən sonra Ramal yıxıldı?
R.Mirələmov: – Səhv etmirəmsə yıxıldı.
Prokuror: – Bəs yıxıldısa, sonradan niyə güllə atdın? Əgər özünü bıçaqdan qoruyurdunsa, daha Ramalın sənə vurması mümkün deyildi axı.
R.Mirələmov: – Ramalın yanında olan digər şəxslər qaçaraq bizə tərəf gəlirdilər, qorxdim ki, mənə nəsə edərlər, ona görə başlarının üstünə – havaya atəş açdım. Səmədə güllə təsadüfən dəyib.

Prokuror Rəşad Mirələmovdan havaya neçə güllə atdığını soruşduqda hakim yenə də etiraz edərək, cavab verildiyini bildirdi. Prokuror isə vurğuladı ki, o başqa məsələni aydınlaşdırmaq istəyir. “Təqsirləndirilən şəxs tapançada 4 güllə olduğunu desə də, güllələrin sayının çox olduğu ortaya çıxır” – deyən prokurorun sözünü hakim kəsdi. Bu zərərçəkmiş tərəfin nümayəndələrinin ciddi etirazına səbəb oldu. Onlar etiraz edərək, məhkəmə prosesinin təxirə salınmasını istədilər. Hakimə müraciətlə “Siz prokurora işi araşdırmaq üçün imkan vermirsiniz. Burada vəkil var, sizin təqsirləndirlənə vəkillik etməyinizə ehtiyac yoxdur. Başa düşürük, təqsirləndirilən şəxsin əmisi Milli Məclisin deputatıdır, ona görə də istintaq kimi məhəkəmə araşdırması da normal aparılmır. Bu cür işə baxmaq olmaz, biz məhkəmə tərkibinə etiraz edirik və yazılı etiraz təqdim etmək üçün vaxt istəyirik” – deyə nümayəndə bildirib.
Hakim onların etirazına əsəbi cavab verdi: “Burada heç kimi adını çəkməyə ehtiyac yoxdur. Etirazınız var, mənə bildirin. Mən nəinki Mirələmovdan, heç Allahdan da qorxmuram. Mənim üçün qanun var, bu kitaba and içmişəm və işə də qanun çərçivəsində baxıram“. Hakim Cavid Hüseynov növbəti məhkəmə prosesini 27 iyuna təyin etdi.
Qeyd edək ki, “1001 gecə” istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun “Makarov” markalı tapança ilə Ramal Bayramovu öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini öldürülməyə cəhd etməsi müəyyən olunub. O, Cinayət Məcəlləsinin 120.2.4, 120.2.5, 120.2.10, 120.2.11, 29, 120.2.7 (qəsdən adam öldürmə), 182.2.3, 182.2.4, 182.3.2, 182.3.3 (hədə-qorxu ilə tələb etmə) və 228.1-ci (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.
2012-ci il iyulun 17-də paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən «1001 gecə» istirahət mərkəzində bir qrup şəxs tərəfindən xuliqanlıq, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilib, saxlanılması, daşınması və digər faktlar üzrə Firdosi Bağırov, Elnur Qasımov, Elmar Süleymanov, Səməd Mənsimov, Orxan Məlikov və Şahin Novruzovun Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 221.3 (xuliqanlıq), 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-2.1-ci (istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların saxlanılması, istifadəsi) maddələri ilə təqsirləndirilirlər.
Xatırladaq ki, Rəşad Mirələmov Milli Məclisin deputatı Hüseynbala Mirələmovun qardaşı oğludur.Rəşad VAQİFOĞLU

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button