Deputatlar parlamentin buraxılması ilə bağlı Prezidentə müraciət etdilər

Yayımlandı: 21 İyun 2024 13:28

Son dəyişiklik: 21 İyun 2024 15:04

YAP-çı deputatların müraciəti digər deputatlar tərəfindən də dəstəklənib

İyunun 21-də Azərbaycan Milli Məclisi Prezident İlham Əliyevə müraciət edib.

Qərar layihəsini deputat Tahir Rzayev oxuyub.

Milli Məclisdə çoxluq təşkil edən YAP üzvləri parlament sədrinə müraciət edərək, həm parlament seçkilərinin, həm də mötəbər beynəlxalq tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

“YAP-nin müraciəti Milli Məclisdə digər partiyaları təmsil edən deputatlar, habelə bitərəf deputatlar tərəfindən dəstəklənib. Seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi zəruridir”, – deyə parlamentdə vurğulanıb.

Milli Məclisin Konstitusiyanın 95-ci maddəsinin 2-ci hissəni rəhbər tutaraq belə bir müraciət etdiyi qeyd olunur. Müraciətin lehinə 105, əleyhinə isə 1 nəfər səs verib.

İyunun 20-də YAP İdarə Heyətinin növbəti iclasında ölkə başçısına müraciət haqda qərar qəbul edilib.

Toplantıda çıxış edən YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri, deputat Tahir Budaqov bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) və digər mötəbər beynəlxalq tədbirlərin keçiriləcəyi vaxtda – 2024-cü ilin noyabr ayında Azərbaycan Konstitusiyasının müvafiq maddəsinin II hissəsinə əsasən Milli Məclisə növbəti seçkilər keçirilməlidir:

“Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır. Hesab edirik ki, indiki şəraitdə də Milli Məclis dövlət maraqlarını üstün tutaraq Milli Məclisin buraxılması və seçkilərin daha erkən keçirilməsi təşəbbüsü ilə çıxış etməlidir”.

Mayın 2-də Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinin vaxtının önə çəkilə biləcəyi haqqında açıqlama vermişdi.

Məzahir Pənahov demişdi ki, 2024-cü ilin noyabrında parlament seçkiləri olmalıdır:

“Azərbaycanda keçiriləcək mötəbər tədbir olan COP29-la parlament seçkilərinin vaxtı eyni zaman kəsiyinə təsadüf etdiyi üçün seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.

Azərbaycanda Milli Məclisə seçkilər sonuncu dəfə 2020-ci ilin fevralın 9-da keçirilib.

Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 5-də V çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalamışdı.

Sərəncama əsasən, V çağırış Milli Məclis buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Milli Məclisdə çoxluq təşkil edən hakim Yeni Azərbaycan Partiyasının deputatları dekabrın 2-də parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət etmişdilər.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button