Deputatların maaşına əlavə

Azərbaycanın millət vəkilləri, nəhayət, əməkhaqlarının artırılmasına nail oldular: Milli Məclisin qərarı ilə əməkhaqqı 10% artdı. Artımdan əvvəl Milli Məclisin spikeri 2250 manat, sıravi deputatlar isə 1575 manat alırdılar. Bundan sonra parlamentin sədri 225, deputatlar isə 157 manat çox alacaqlar.

Ötən il xalq təmsilçiləri əməkhaqlarının azlığı ilə bağlı narazılıqlarını açıq şəkildə bildirməyə başladılar və bunun artmasına nail olmaq üçün çalışırdılar.

İlin əvvəlində bu, az qala baş tutmuşdu. Artımın 800 manat məbləğində olduğu deyilirdi. Ancaq xəbər yalan oldu. Bu dəfə isə deputatların bəxti gətirdi. Bir neçə gün öncə “Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının statusu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlara dəyişikliklərin müzakirəsi zamanı deputatların, ombudsman və hakimlərin əməkhaqlarının artırılması barədə qərar qəbul edilib. Ancaq xalq təmsilçilərinin hamısı bu artımdan razı qalmayıb.

Deputat Qüdrət Həsənquliyev hesab edir ki, 10% çox azdır. O bildirib ki, parlament üzvlərinin əməkhaqqı 8 min manat olmalıdır. O, bunu yüksək əməkhaqqının korrupsiyaya sipər olması ilə izah edib. Narazı deputat nədənsə həkimlərin və müəllimlərin maaşına toxunmayıb. Halbuki, hazırda onların maaşı deputatların maaşından 6 dəfə azdır. Nazirlər Kabinetinin qərarına görə, ölkədə cərrahın əməkhaqqı 228, müəllimin maaşı isə 465 manatdır. Müqayisə üçün qeyd edək ki, Almaniyada deputat ildə təxminən 109 min avro alır. Əlbəttə, bu məbləğ azərbaycanlı deputatın əməkhaqqından dəfələrlə çoxdur. Ancaq alman deputatın əməkhaqqı həkimin illik orta gəlirindən çox deyil.

Niyə azərbaycanlı deputatların əməkhaqqı digər büdcə işçilərinin gəlirlərindən fərqlənir?

İqtisadçı Natiq Cəfərli hesab edir ki, deputatların və məmurların əməkhaqqının yüksək olması normal haldır, hətta korrupsiyaya qarşı mübarizədə faydalıdır: “Problem başqadır – ölkə üzrə minimal əməkhaqqı və pensiyalar o qədər azdır ki, bu fonda deputatların maaşlarının az olması barədə şikayətləri əhalidə narazılığa səbəb olur. Bu şikayətlər absurddur. Çünki 300 min müəllimin əməkhaqqı təxminən 240-250 manat təşkil edir ki, bu da deputatların aylıq gəlirindən təxminən 7 dəfə azdır. Bu, sosial ədalətlilik prinsipinin pozulmasıdır. Bəzi Avropa ölkələrində yazılmamış qaydalar var. Belə ki, deputatın və nazirin əməkhaqqı əhalinin orta əməkhaqqından 5 dəfədən çox olmamalıdır. Avropada deputatların işi yaxşı ödənilir. Ancaq bunun səbəbi var – onlar vergiödəyicilərinin seçdikləri şəxslərdir və parlamentdə onların maraqlarını təmsil edirlər. Azərbaycanda isə indiyədək normal seçki keçirilməyib. Xalq deputatı öz nümayəndəsi hesab edir. Odur ki, əhali deputatların əməkhaqlarının artırılmasına qəzəblə yanaşır. Bütün qanun layihələri ilə bağlı təşəbbüsün 96%-i Prezident Administrasiyasından gəlir. Yəni, qanun layihələri deputatlardan gəlmir. Onlar notarius funksiyasını icra edirlər. Problemin kökü bundadır”, – iqtisadçı vurğulayıb.

Ekspert əlavə edib ki, hakimiyyət bilərəkdən həkimlərin və müəllimlərin maaşını normal həddə çatdırmır.

“Bunun iki səbəbi var. Həm müəllimlərin, həm də deputatların əməkhaqlarını 10% artırırlar. Sadəcə, deputatların əməkhaqları o qədər yüksəkdir ki, 10% öz-özlüyündə böyük rəqəmə – 200 manata yaxın edir. Ayda 250-300 manat alan həkimlər və müəllimlər isə artım kimi 25-30 manat almış olur.

Bundan əlavə, ölkədə yazılmamış davranış normaları var. Hakimiyyət məktəblərdə, universitetlərdə, xəstəxanalarda pul yığılmasına, hətta müəllimlərin repetitorluq fəaliyyətinə göz yumur. Bunun əvəzində onların maaşını artırmır və seçkilərdə özünəməxsus “yardıma” cəlb edir. Və hamı da razıdır. Ekspertlər büdcə işçilərinin əməkhaqlarının az olmasından çox danışırlar, nəinki onların özləri. Məntiqə görə, müəllimlər və həkimlər toplaşmalı, əməkhaqlarının az olması ilə bağlı hökumətə müraciət göndərməlidir, Həmkarlar İttifaqları yaratmalıdır. Ancaq sadalananların heç biri olmur və bu da hakimiyyətlə büdcə işçiləri arasında “centlmen sazişi”nin olduğunu təsdiqləyir”, – N.Cəfərli qeyd edib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button