Deyəsən bu gediş Əhmədi də o səmtə aparır…
16 Noyabr 2023
0
Bu gün Azərbaycan mediası ən ağır günlərini yaşayır desək, yəqin ki, səhv etmərik. Bəli, bir neçə il bundan əvvəl də Azərbaycan mediası oxşar vəziyyətlə üz-üzə qalsa da, mürtəcelik baxımdan bu həddə çatmamışdı. Qeyd edək ki, Milli Məclisin üç oxunuşundan sonra, Prezidentdin imzası ilə Media Haqqında yeni Qanun layihəsi təsdiq olundu.
Sözün həqiqi mənasında bu Qanun müstəqil mediaya qarşı hazırlanmış mürtəce bir qanundur. Həmin qanuna əsasən MEDİA reyestri yaradıldı və çox keçmədi ki, reyestirdən bir çox tanınan və tanınmayan, hətta sözəbaxan media subyektləri də kimlərinsə tapşırığı əsasında qeydiyyatdan keçirildi. Amma, ölkəmizin çətin günlərində önə çıxan əksər müstəqil media qurumları kənarda qaldılar. Maraqlı hal odur ki, bu gün kənarda saxlanılan saytlar illər öncə Ermənistan, İran, Rusiya və Fransa kimi ölkələrin bizə qarşı olan məkirli niyyətlərinin ifşa olunmasında xüsusi rol oynayıblar. Amma, bu gün də hakimiyyətdə adı çəkilən ölkələrə xidmət edən qruplaşmalar dövlətçiliyimizin müdafiəsində olan müstəqil media qurumlarını sıradan çıxarmağa çalışırlar. Hansı ki, təzyiqə məruz qalan saytlarda çalışan əməkdaşların jurnalistika sahəsində ən azından 15, 25 və 30 il “staj”ları var. Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən müstəqil mediaların üzərinə “səlib yürüşü”nə start verilib və bunun da sonu heç də yaxşı görünmür. Məlumat üçün bildirək ki, artıq Əhməd İsmayılovun rəhbərlik etdiyi MEDİA Agentliyi mətbuata qarşı ilk iyrənc addımını atdı. Belə ki, bu qurum birinci instansiya məhkəməsinin qərarı olmadan dia.az saytının bloklanması üçün Bakı Apellyasiya Məhkəməsində iddia qaldırıb. Məhkəmə dia.az saytının baş redaktorunun iştirakı olmadan iddianı təmin edib. Artıq mətbuatla qarşıdurmaya start verilib. Bu cür addımların yaxşı nəticə verməyəcəyi indidən bəlli olur. Vaxt var idi Əli Həsənovun da “mükəmməl qərarları” müəyyən media cameəsinin başı üzərində “Domokl qılıncı” funksiyasını yerinə yetirirdi. Sonra NOOLDU? Olan o oldu ki, Əli Həsənovun xanimanı xarabazar oldu. Deyəsən bu gediş Əhmədi də o səmtə aparır…
Şirin Cəfərli
GundemXeber.Az
16 Noyabr 2023
0