DGH sədrindən “erməni” ittihamına sərt cavab: “Bəs siz hara baxırsınız?!”

DGH sədrindən hökumət rəsmilərinə cavab: “Mitinqi keçirənlər ermənidirsə, bəs siz hara baxırsız!?”

 

“Dünənki mitinqi kifayət qədər uğurlu hesab edirəm. Mitinqlərin davamlı olması, xalqın oyanışı hökumət rəsmilərini ciddi narahat edir”

Bu sözləri xural.com-a açıqlamasında Demokratik Gənclər Hərəkatının sədri İsmayıl İslamoğlu bildirib. Daha sonra o, qeyd edib ki, hakimiyyət onları narahat etməyən hadisələr haqqında heç vaxt münasibət bildirmir.

“Biz illərdir şahidi oluruq ki, hakimiyyət onları narahat etməyən heç bir hadisə haqqında danışmır. Hökumət rəsmilərinin mitinq sonrası açıqlama verməsi də onun nəticəsidir ki, mitinqə qatılan minlərlə insanın meydanda olması onları ciddi narahat edir. Siyavuş Novruzovun da “Mitinq ermənilərin sifarişi ilə keçirilib” kimi açıqlaması lap biabırçılıqdır. Əgər mitinq sifarişi ermənilərdən gəlibsə, o zaman siz hara baxırsız!? Bu hansı ağıla və hansı təfəkkürə sığan bir açıqlamadır axı?
Heç olmasa erməni söz-söhbətini hökumət rəsmiləri dilə gətirməsin. Bu yaxında erməni deputatlarını Azərbaycana gətirib, burada onlara xidmət göstərmək, bahalı otellərdə qonaq qəbul etmək özü bir utanılası hadisədir. Cənablar özlərini biabır etməkdən savayı heç bir iş görmürlər. Zatən kifayət qədər ifşa olunmuş və cinayət başında yaxalanmısınız. Heç olmasa susun!”

Daha sonra İsmayıl İslamoğlu qeyd edib ki, ermənilərin ölkəmizə gətirilməsi Azərbaycan xalqını sındırmağa və qürurunu tapdalamağa hesablanmış bir addımdır:

“Xalqın qüruru ilə oynayıb xalqı sındıranlar, indi mitinq iştirakçılarını və təşkilatçılarını az qalsın erməni adlandırsınlar. Özləri də gözəl bilir ki, bu belə deyil. Hətta bu belə olsaydı, bəlkə də, onlar bizi çox gözəl qarşılayar və hörmətlə rəftar edərdilər. Qonaq çağırılan ermənilərə Azərbaycan xalqından çox dəyər verilir və hörmət edilir. Bir erməni, bir azərbaycanlının çalışdığı oteldə qalırsa və bir azərbaycanlı gənci, kasıblıqdan həmin oteldə “ofsiant” işləyirsə, beş-üç manat çörək puluna görə həmin erməniyə qulluq etmək məcburiyyətində olursa, bu, Azərbaycan xalqına qarşı təhqir deyil bəs nədir? Bu, Azərbaycan gəncliyinin mənəvi sındırılması, aşağılanması, təhqir olunması deyil də, nədir!? Yaxşı olardı ki, hökumət rəsmiləri birinci öz addımlarına fikir versinlər. Sonra müxalifət camiəsinə söz atmaqla məşğul olarlar.”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button