DGTYB “Can Azərbaycan” seçmə şeirlər toplusunu təqdim etdi

aa

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində “CAN AZƏRBAYCAN” şeirlər toplusunu ictimaiyyətə təqdim edib.

xural.com-a daxil olan məlumatda bildirilir ki, ədəbi ictimaiyyət nümayəndələrinin, QHT təmsilçilərinin də iştirakı ilə KİTABEVİM.AZ marketdə baş tutan tədbirdə toplunun məzmun və ideyası barədə məlumat verilib. Tədbiri açıq elan edən layihə rəhbəri Əfsanə ƏLƏSGƏRLİ topluda  Azərbaycan adlı, Azərbaycan ünvanlı, Vətən sevdalı şeirlərinin yer aldığını qeyd edib. O bildirib ki, toplunun məqsədi ədəbiyyatımızda vətənimizin gözəlliyi ilə yanaşı, vyurd sevgisini   bədii boyalarla əks etdirən, Azərbaycanla bağlı  şeirləri  bir araya toplamaq, gənc ədəbi nəslə təqdim etməkdir. “ Sevindirici haldır ki, təşkilatımızın nəşr etdiyi toplular təkcə Azərbaycanda deyil,ümumilikdə türk dünyası ədəbi ictimaiyyətində də maraqla qarşılanır. Odur ki, gələcəkdə bu toplunun müxtəlif türkcələrə uyğunlaşdırılması nəzərdə tutulur. Məqsədimiz Azərbaycanı və onun ədəbiyyatını  digər qardaş türk xalqlarına da çatdırmaqdır.”

Kitabın tərtibçisi Sərdar ŞİRVAN qeyd etdi ki, topluda yer alan  poeziya nümunələri bütövlükdə güneyli- quzeyli Azərbaycan şairlərinin yaradıcılığını əks etdirir. Ustad Şəhriyar, Əhməd Cavad, Səməd Vurğun, Məmməd Araz, Xəlil Rza Ulutürk və s. şairlər başda olmaqla, topluya daxil edilmiş şairlərin poeziya nümunələrində vətən məhəbbəti, yurd sevgisi, vətənpərvərlik duyğuları, milli özünüdərk ideyaları öz əksini tapır.

Nizami adına Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi təşkilatın dərc etdiyi digər toplular kimi bu nəşrin də DGTYB-nin ədəbiyyatımıza bir töhfə olduğunu vurğuladı. Güney Azərbaycan mətbuatı və ədəbiyyatı ilə bağlı araşdırmaların, bir sıra kitabların müəllifi, filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli “Can Azərbaycan” kitabında Güney Azərbaycan şairlərinin yaradıcılığına da yer verilməsinə məmnun olduğunu bildirdi. O qeyd etdi ki, bu cür toplular gənc nəslin vətənpərvərlik duyğularının artmasında, milli özünüdərkin formalaşmasında  mühüm rol oynayıb.

Toplunun məsləhətçilərindən biri, Kitabevim.az kitab mağazaları şəbəkəsinin rəhbəri, “Hədəf” Nəşrlərinin direktoru,  yazar, dosent dr. Şəmil Sadiq toplunu yüksək dəyərləndirdi. O bildirdi ki, bu cür toplular böyüməkdə olan gənc nəslin dünyagörüşünün,  milli şüurunun formalaşmasında əvəzsiz vasitədir. Yazar bildirdi ki,  gələcəkdə Turan sevdalı şeirlər toplusu nəşr edilərsə, o toplu da maraqla qarşılanacaq.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru,  şair Elçin Mirzəbəyli Dünya Gənc Türk Yazarlar Birliyini növbəti uğur münasibəti ilə təbrik etdi və bu cür nəşrlərin vacibliyini diqqətə çatdırdı.  Ustad şair Qabilin oğlu, yazar Mahir Qabiloğlu gənc nəsil üçün nəşrin əhəmiyyətini vurğuladı. Türkiyəli şair Dursun Elmas Azərbaycan ədəbiyyatının türk dünyasında tanıdılmasında bu cür nəşrlərin rolunu qeyd etdi. Bildirdi ki, gələcəkdə də nəşr ediləcək müxtəlif ədəbi toplular türk xalqları yazarları arasında ədəbi dostluq əlaqələrinin inkişafına töhfə olar.

AMEA Əlyazmalar İnstitutunun elmi əməkdaşı Könül Nehmətova, şairlər Ramiz Qusarçaylı, Akəm Xaqan, Zirəddin Qafarlı eləcə də digər iştirakçılar vətənə məhəbbət, yurda sevgi ruhunda yazılan poeziya nümunələrinin gənc nəslin mənəvi tərbiyəsində, Vətənə məhəbbət ruhunda böyüməsində mühüm rol oynadığını qeyd etdilər. Bildirildi ki, sözügedən toplu təkcə ədəbi ictimaiyyət üçün deyil, eyni zamanda orta məktəb şagirdləri üçün daha faydalı bir vasitə hesab edilə bilər.

  Sonda çıxış edən DGTYB Təsisçilər Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı Azərbaycan ünvanlı şeirlərin, bilavasitə “Azərbaycan” sözü keçən şeirin , demək olar,  XX yüzillikdə ardıcıl xarakter daşıdığını bildirdi. “ Təşkilat bu topluda Azərbaycanşünaslığa, belə deyək, ədəbi-bədii baxımdan yeni bir kitab təqdim edir. Bu, sevginin, həsrətin yolunu izləmək baxımından bizim şəkilləndirdiyimiz “Can Azərbaycan”-dır!—Sovet boyasız, yad ideolojilərdən arındırmağa çalışdığımız Şeirin Azərbaycanı…Azərbaycann Şeiri!…”

Qeyd edək ki, toplunun redaktoru Əkbər QOŞALI, məsləhətçiləri isə prof.dr. Güllü YOLOĞLU, dos.dr. Rəsmiyyə SABİR, dos.dr. Şəmil SADİQdir.
“QHT Nəşriyyatı”nda nəşr olunan topluda  Azərbaycan adlı, Azərbaycan ünvanlı, Vətən sevdalı şeirlər yer alıb. Klassik ədibimiz Abdulla Şaiqdən başlamış, nakam taleli şairimiz (31 yaşında yaşama vəda etmiş…) Hamlet Kazımoğlunadək… təqribən yüzillik zaman zərfində quzeyli-güneyli şairlərimizin (şəhid şairlərimiz də daxil olmaqla…) timsalında şeirin Azərbaycanı, Azərbaycanın şeiri oxuculara təqdim edilir.

Toplu Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Şeiri, sənəti, geyimi, mətbəxi və tarixi ilə can Azərbaycan” adlı layihə çərçivəsində işıq üzü görüb.

xural.com

a

aaa

aaaaaaa

aaaa

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button