Diaspora sədri evində xurma yeyəcək…

Nazim İbrahimov Bağdaddan 300 ədəd xurma ağacı gətirib

Komitə sədrindən XuralTAC-a xəbər gəlib. Xəbərdə deyilir ki, Diaspora üzrə Komitə sədri Nazim İbrahimov Bakının «Sahil» qəsəbəsində özünə «Xan Sarayı» kimi bir villa tikdirib – iraq Naxçıvan Xanı Vasif Talıbovdan… Deyilənlərə görə, Bakının Qaradağ rayonundakı girişindən «Sahil» qəsəbəsinin içərilərinə qədər satın alan və hazırda bu istiqamətdə ciddi inşaat işləri aparan Komitə sədri qəsəbədə əsrarəngiz villa inşa etdirib. Qeyd edək ki, ölkəmizin sərvətlərini talayan oliqarxlardan əksəriyyətinin deyilən ərazidə, dənizin içində iri villalar tikdirdikləri söylənilir. Bunlardan ən gözəgəlimli biri də Nazim İbrahimovundur. Mənbənin məlumatına görə, villaya qiyməti çox baha olan 300 ədəd xurma ağacı gətirilib və bu ağaclar İraqın paytaxtı Bağdad şəhərindən xüsusi maşınlarda nəql edilib. «O ağacları elə-belə gətirmək mümkün deyil. Bunun üçün xüsusi mütəxəssislər lazımdır. Təsəvvür edin ki, ağacları Bakıya gətirmək üçün onlar «yuxuya verilməli» və Bakıda «yuxudan oyandırılmalıdır». Xüsusi iynələr var. O iynələri Bağdadda vururlar, ağac «yatır», Bakıda vururlar, ağac «oyanır». Hazırda villada ağacların «oyandırılması» prosesi gedir.»

Xüsusi qeyd edək ki, Bağdaddan gələn xurma ağaclarının yaxşı tutması üçün lazım olan torpağın da xüsusi gətirilərək villanın həyətinə töküldüyü deyilir. XuralTAC-ı bilgiləndirən mənbə yaxın günlərdə qeyd olunan həşəmətli evin mənzərələrinin fotolarının da qəzetimizə göndəriləcəyini bildirdi.

Nə deyək? Yəqin xaricdən ağac gətirilməsinin xaricdə yaşayan soydaşlarımızla bir əlaqəsi var.  Ola bilər, hörmətli Komitə sədri işinə bəslədiyi məhəbbətdən dolayı villasını belə rövnəqləndirir – iraq Rövnəq Abdullayevdən. Allah xeyir versin, xurma ağacları bar gətirsin. Nazim İbrahimov da ondan yeyə-yeyə işini davam etdirsin. Nə də olsa xurma müqəddəs meyvədir. Onu peyğəmbər də çox sevirmiş.

Biz isə axtarışlarımızdayıq. Məlumatlara görə Nazim İbrahimov Bakının girəcəyindəki dağları sökdürüb dənizi qurudur və orada şəhərcik salır. Araşdırmalırımızı o istiqamətdə yoğunlaşdırmışıq…

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button