Dilən, çilik-çilik!

Ramin Deko

ramin.deko@gmail.com

Hər bir azarın dərdi pulmu?

“Mənə 20 qəpik çörək pulu verin”, “Həkimə getməliyəm, kömək edin”, “Qardaş, evə gedə bilmirəm, yolda qalmışam, nəyə gücün çatar, Allah köməyin olsun!” Bu sözləri hər gün eşidirik. Təkcə eşidirik? Xeyr, həm də yaşayırıq. Biz özümüz də bu və ya digər dərəcədə bu kəlmələri kiməsə, hansısa formada deyirik. Deməli, hamımız eyniyik. Hamımız bir gündəyik…

20 qəpik çörək pulu istəyənin də, həkimə ehtiyacı olanın da, yolda qalıb evinə gedə bilməyənin də yalnız bir azarı var – PUL qazanmaq… Özü də nə yolla olursa-olsun, necə və hansı vəziyyətdə… Bu, bir azardır. Onların düşdüyü bir azar. İndi hamı belə yaşayır. Bir xalq olaraq bu cür yaşamağa məhkumuq. Bunu özümüz istəyirik. Kimsə bizə tərcih etmədi. Heç kəs bu cür yaşamağı bizə öyrətmədi. Sadəcə və sadəcə özümüz istədik. Birinci başda oturandan sonuncu doğulana qədər, həkimdən müəllimə kimi, mühəndisdən fəhləyəcən hamı bunun uğrunda çalışır. Hər kəs öz səviyyəsində…

Prezidenti daha çox, naziri ondan bir çimdik az, deputatı mandatı səviyyəsində, alimi bacardığı kimi, fəhləsi öz imkanları çərçivəsində, yerdə qalanları isə qədərincə pul uğrunda SAVAŞIR. Hər bir kəs…

Çünki pul gücünə körpəni dünyaya gətirən ata, valideynini pul hesabına sonuncu mənzilə yola salan övlad bundan artığını nə düşünə, nə də qəbul edə bilər.

Vermisənsə bir gün almalısan. İtirmisənsə yerini doldurmaq üçün tapmalısan. Tapmasan belə axtaracaqsan son ana qədər. Hətta bilsən ki, SONda heç nəyə nail ola bilməyəcəksən, yenə axtaracaqsan. Axı itirmisən. Bax budur…

Ona görə həkimə gedən ADAM, çörək istəyən QOCA, evə getmək üçün pul istəyən GƏNC pul istəyir. Nə deyirsən de. Adını hansı formada çəkirsən çək, necə yazırsan yaz, bunun bir adı var – DİLƏNMƏK.

DİLƏNMƏYİ həm də bir peşəyə çevirmişik. Hətta sənətə çevirmək haqda belə baş sındırırıq. Dilənməyi özünə peşə edən bir varlığın isə sonu görünmür.

Hər şey bizə sadə gəlir. Dilənmək, kimdənsə pul ummaq, problemini dostunun hesabına həll etmək… Biz bunu istəyirik. Çox rahat və mürəkkəb həyat. Sadə və bəzən də çətin…

Dilənirik, özümüz olmadan. Özümüz olsaydıq, dilənməzdik. Kimsənin parasına göz dikmək insanın insanlıqdan çıxmasıdır. Pulu verən də, alan da rüşvəti verən və alan kimi EYNİ STATUSA malikdir. Bütün hallarda eyni məzmun və formadır. Bəzən məzmun fərqli olsa belə… Amma və lakin yenə heç nə dəyişmir.

Pul üçün yaşamaq, uğrunda savaş yapmaq, yalnız onu düşünmək, məğlubiyyətin təntənəsidir. Bunu bilməyə, hiss etməyə, anlamaya bilərsən. Ancaq bir şeyi dəqiq bilməlisən ki, bu, dilənçilikdir. Ola bilsin SƏN DİLƏNÇİLİYƏ qapı-qapı gəzmək, küçədə durmaq kimi baxırsan. Amma bil ki, kimsənin cibini güdmək, hətta ürəyində olsa belə puluna göz dikmək dilənçilikdir.

Xalqın malını da oğurlamaq dilənçilik sayılır. Elə zənn etmə neftə, qaza, büdcəyə göz dikənlər harınlıqdan edirlər.

Əsla elə deyil! Sadəcə dilənçilikdən. Onlar 20 qəpik üçün deyil, milyonlar üçün dilənir. Onların bundan sonra oğurladıqları heç bir işlərinə kara gəlməsə də, yenə dilənirlər. Onlar bilirlər ki, külli kainatdan gedəndə yalnız üç-dörd metrlik kəfən apara biləcəklər, amma yenə dilənirlər.

Bircə şeyi anlamaq lazımdır ki, var-dövlət üçün canından belə keçənlər sonda bir-biriləri ilə qarşılaşacaqlar. Bu da dilənçiliyin sonuncu həddi olacaq.

Dilənçilik isə heç bir halda yaxşı nəsə vəd etmir. DİLƏN və ÇİLİK… Bu nə deməkdir? Cavab ver, ay dilənçi…

Çilik-çilik dilənməkmi?..

“Xural” qəzeti, il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!
    Qoy mən tox olum, özgələr ilə nədi karim,
    Dünyəvü cahan ac olur olsun, nə işim var?!

    Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
    Yatmışları razı deyiləm kimsə oyatsın,
    Tək- tək ayılan varsa da, həq dadıma çatsın,
    Mən salim olum, cümlə cahan batsa da batsın;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Salma yadıma söhbəti- tarixi – cəhani,
    Əyyami- sələfdən demə söz bir də, filani,
    Hal isə gətir meyl eləyim dolmanı, nani,
    Müstəqbəli görmək nə gərək , ömrdü fani;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Övladi- vıtın qoy hələ avarə dolansın,
    Çirkabi- səfalətlə əli, başı bulansın,
    Dul övrət isə sailə olsun, oda yansın,
    Ancaq mənim avazeyi- şənim ucalansın;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Hər millət edir səfheyi – dünyadə tərəqqi,
    Eylər hərə bir mənzili- məvadə tərəqqi,
    Yorğan – döşəyimdə düşə gər yadə tərəqqi,
    Biz də edərok aləmi- röyadə tərəqqi;

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button