Dilavər Əzimlini anarkən…

Qurban Cəbrayıl yazır

Bizi koronavirusdan xilas olmağa qoymayan maskasızlıq, peyvəndsizlik yox, səhiyyədəki rüşvətxorluq, Hippokrat andına xəyanətdir

İndi yox, hələ neçə gün öncə hörmətli həmkarlarım ölkədə fəaliyyət göstərən “ağ xalatlı” quldurları – VİP palatalarda yerləşdirmək vədi ilə koronaviruslu xəstələrin qohumlarından 3000-4000 manat rüşvət alan dəstə üzvlərini  konkret ad çəkmədən (rəsmi açıqlamanı gözləyərək) haqlı qınaq obyektinə çevirəndə Dilavəri xatırladım – əziz dilli-dilavərimiz Dilavəri… Bizə, xalqımıza kimliyimizi tanıtmaq, bədxahları, düşmənləri yerində oturtmaq üçün arxivlərin tozlu rəflərində minbir əziyyətə qatlaşan tarixçimizi… Yox, yox, onu unutmamışdım, işıqlı siması daim yaddaşımda, qəlbimdə yaşayırdı.

Amma hanı o elm fədaisi?.. Yoxdur artıq..! Susdurdular, cismən heçliyə, yoxluğa yuvarladılar…

Və eyni anda da gözlərim önünə, koronavirusa yoluxub “öz ayağı ilə” FHN-nin Zığdakı Modul Hospitalına getmiş dostumuzun həyat yoldaşı, telejurnalist Arzu Qaziyevanın faciəli hadisədən – ağır itkidən sonrakı ürəkağrıdan fəryadı gəlir:

Dilavər Əzimli

 

“Martın 3-ü. O məşum gün… Mobil telefonumdan gələn səs qulağımdan heç zaman çəkilməyəcək:

– Bura Dilavər Əzimlinin yaşadığı yerdir?

– Bəli.

– Siz onun nəyisiz?

– Həyat yoldaşı.

– Dilavər Əzimli rəhmətə gedib. Mən onu “Semaşko”ya aparıram. Zəhmət olmasa gəlib təhvil alın.

– Siz kimsiz?

– Sürücü.

Xəstəxana ən yüksək – Prezident səviyyəsində nəzarətə alınan alimi, pedaqoqu, ziyalını, vətən aşiqini “öz adına layiq yola saldı”. Onun ölüm xəbərini mənə çatdırmağı morqun sürücüsünə tapşırmışdılar.

…Mən sonuncu dəfə Dilavəri orda gördüm – Semaşkoda. O, artıq mənə baxmırdı…

63 gün belə bitdi: ümidlərin, gözləntilərin qəfil məhvi ilə…”

Tanınmış alimin ömrünə nöqtə qoyan diqqətsizliyi, biganəliyi, məsuliyyətsizliyi doğuran həmin rüşvətin verilməməsi idimi? Və ümumiyyətlə, cüzi maaşa çalışan elmi-tədqiqat institutu əməkdaşında o məbləğ vardımı? Bəlkə də vardı, yoxdusa, dostlar yığışıb tapıb düzəldərdilər. Məsələ heç də bunda deyil axı… Şəxsən məndə o pul yoxdur, Dilavərin taleyini yaşaya biləcək minlərdə, yüzminlərdə yoxdur… Aqibətimiz TƏBİB-in hər gün élan elədiyi dəhşətli ölüm statistikasınımı “zənginləşdirməlidir”? Bəs, xəstəxanalara, publik hüquqi şəxslərə ayrılan milyonlarla dövlət vəsaiti?! Bəlkə elə bu bəladan qurtula bilməməyimizin əsas illəti də ekran-efirdən zəhləmizi tökən “maskasızlıq”, “peyvəndsizlik” hədələri yox, etimad göstərilib insan taleyi tapşırılan ağ xalatlı vəhşilərin Hippokrat andına tüpürmələridir?!

Fövqəladə Hallar Nazirliyi Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin “Yeni klinika” Publik Hüquqi Şəxsin direktoru Pərviz Abbasov, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov… Sosial şəbəkələrdə dosyeləri yayılıb, əsərləri, vəzifələri, titulları, təltiflərinə mərhum Brejnev də həsəd aparardı. Yəqin ki, hərəsi ayda mənim kimi 500 manat yox, 5000 manat da maaş alırdılar. Müstəqil ölkəmizin ən yüksək idarəetmə pillələrinə yüksələ  bilərdilər. Fəqət insanlıqları və bunun təməlində duran nəfslərinə qalib gəlmək qüdrətləri olsaydı…

Məqamı gəlmişkən, hamının bildiyi, ancaq əməldə çətinlik çəkdiyimiz bir ibrəti də xatırladım: Həzrət Peyğəmbərimiz (s) ən ağır savaşların birindən zəfərlə dönərkən, onu qarşılayıb “Böyük cihadın mübarək!” gözaydınlığını verən şəxsə deyir: “And olsun bizi yaradan Allaha ki, bu, kiçik cihaddır, böyük cihad insanın öz nəfsi üzərində qələbəsidir!”

Səhiyyəmizdə baş verən neqativ hallara qarşı etiraz qeydlərimi yekunlaşdırıram, amma Dilavər heç yadımdan çıxmır. Gör haçandan, 25 il öncədən tanışıq – “Demokratik Azərbaycan” nəşrini dayandırdığına görə Elçin Xalidbəyli, Vəfa Şirvanlı və Könül Əbülfətqızı ilə birgə “İntibah” qəzetinə gəlmişdilər – hər şeydən öncə səmimi, gözəl insan idi, lap professor, akademik olacaqdısa da, mən ona elə Dilavər, ya da arada zarafatla “bölgəmizin yeznəsi” deyəcəkdim… Onda da “parnik jurnalisti” deyildi, redaksiyada çox oturmağı sevməzdi, tədbirlərə qatılar, arxivlərdə işləyər, maraqlı faktlar gətirərdi… Sonra mətbuatdan ayrılıb elm sahəsinə getdi, tarix üzrə fundamental məqalələr yazdı, müsahibələr verdi, fəlsəfə doktoru oldu. Və… 62 yaşında ağ xalatla pərdələnən cəlladların qurbanına çevrildi. Allah qəriqi-rəhmət eləsin. Şükür ki, günahkarların bir qismi gec də olsa, ifşa edildi. Layiqli cəzalarına çatarlar, bu da digərlərinə dərs olar inşəallah.

 

Xural.com

 

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button