DİN axır ki, dilləndi!

Ehsan Zahidov: «Cənab generalın ABŞa vizasının hətta vaxtı bitməyib»

 Qəzetimizin ötən sayında Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazovun Amerika Birləşmiş Ştatlarına səfər etməsi üçün viza ala bilməməsinə  Amerikanın ölkəmizdəki səfirliyinin münasibətini dərc etmişdik. Səfirliyin rəsmisi Mehdi Hüseynquliyev ABŞ qanunlarını əsas gətirərək, sorğumuza cavab vermək səlahiyyətinin olmadığını bildirmişdi: «Bizə fərd olaraq viza üçün müraciət edən, mənfi və ya müsbət cavab verdiyimiz şəxslərin adının açıqlanması qanunla qadağan olunur».

«Vilayət Eyvazov adi şəxs deyil, bu ölkənin güc strukturlarından olan Daxili İşlər Nazirliyinin ikinci simasıdır və onun ABŞ-a səfər istəyi artıq ictimai faktdır» iradımızı isə səfirlik əməkdaşı qəbul etməmişdi: «Söhbət şəxsi müraciətdən gedir və bizim onu açıqlamağımız qanunla qadağandır».

Bu isə onu ehtimal etməyə əsas verirdi ki, V.Eyvazovun ABŞ-a getmək istəyi rəsmi deyil, fərdi xarakter daşımışdır.

Dünən mövzuyla əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, hörmətli Ehsan Zahidov nəhayət ki, toxunduğumuz məsələyə münasibətini açıqladı. E.Zahidov bildirdi ki, Daxili İşlər nazirinin birinci müavini, general Vilayət Eyvazov 2010-cu ilin 17 iyun tarixində ABŞ-da təşkil olunan nüfuzlu bir tədbirdə iştirak edib: «Transmilli mütəşəkkil cinayətkarlığa qarşı düzənlənən yüksək səviyyəli konfransa DİN, Baş Prokurorluq, Ali Məhkəmə və İnterpolun Azərbaycan Mərkəzinin nümayəndələri qatılıb. General Vilayət Eyvazov isə bu geniştərkibli nümayəndə heyətinin rəhbəri kimi kofransda iştirak edib».

Amerika Birləşmiş Ştatlarına açılan vizanın müddətinin hələ də bitmədiyini söyləyən DİN rəsmisi qəzetimizə verilən informasiyanı büsbütün yalanladı: «Cənab Vilayət Eyvazov ABŞ-a necə gedə bilmir ki, bu ölkənin verdiyi vizanın vaxtı belə bitməyib. Bu yanlış informasiya mətbuata DİN-in və generallarımızın nüfuzunu ləkələmək üçün qəsdən ötürülüb. Azərbaycan diktatura rejimli ölkə deyil və general Vilayət Eyvazovun da heç bir qaranlıq maliyyə əməliyyatı yoxdur ki, ona viza da verilməsin».

Xatırladaq ki, bir neçə gün öncə məlumatlı mənbə Daxili İşlər nazirinin birinci müavini Vilayət Eyvazovun ABŞ-a səfər üçün viza almaq istədiyini, ancaq səfirlikdən onun müraciətinə mənfi cavab verildiyini bildirmişdi. Mənbənin sözlərinə görə, vizanın verilməməsinə səbəb «avtoritar ölkənin qaranlıq maliyyə qaynaqlarına sahib məmurları barədə ölçü götürülməsi və Vilayət Eyvazovun adının «arzuolunmaz şəxslər» siyahısına salınması ilə izah olunmuşdu.

İnformasiyanı dəqiqləşdirmək üçün 3 gün müddətində Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, heç bir cavab ala bilməmişdik. Nəhayət, ABŞ səfirliyinə müraciətdən sonra informasiyanı dərc etmək qərarı vermişdik.

Ehsan Zahidov bu cür yanlış informasiyaların dəqiqləşdirilmədən yayımlanmasına da etirazını etdi, «DİN-in susqunluğunu daha neçə gün gözləməliydik?» iradımızı isə belə cavablandırdı: «Ölkədə deyildim və ona görə də sizin zənglərinizə cavab vermək imkanım olmayıb. Ancaq hörmətli Sadiq Gözəlovla əlaqə qura bilməməyinizin səbəbini deyə bilmərəm».

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button