Dindarlarla bağlı cinayət işi açıldı

Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu mayın 6-da Təhsil Nazirliyinin qarşısında orta məktəblərdə hicabın qadağan edilməsi əleyhinə keçirilən “Hicaba azadlıq!” aksiyası ilə bağlı məlumat yayıb

Məlumat “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olub. Məlumatda deyilir ki, mayın 6-da saat 11.00 radələrində təxminən sayı 150 nəfər olan radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib: “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər. Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub.

Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər, nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button