“Dini qüvvələrin hakimiyyətə gəlməsi üfüqdə də görünmür”

images (5)25.06.2013

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, filologiya elmləri namizədi Səyyad Aran “Media forum” saytının suallarını cavablandırıb:

– Azərbaycan Respublikasında əhalinin neçə faizi dini icmalarda birləşib? Bu barədə statistika varmı?

– Azərbaycanda əhalinin cəmi 0,08 faizi dini icmalarda birləşib. Əvvəlki və yenidən qeydiyyatdan keçməni də nəzərə alsaq, üst-üstə 740 dini icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, 50 dini icma isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək 790 dini icma edir.

– Azərbaycanın fəal dindar kəsimi hakimiyyətdən çox narazıdır və artıq əsas müxalif qüvvələrlə sıx əməkdaşlıq edir. Bu, hakimiyyəti narahat etmirmi?

Başqa bir sual. Niyə dövlət orta məktəblərdə hicab yasağında bu qədər dirənir? Görün “Hicaba azadlıq” aksiyalarında nə qədər dindar tutuldu…

– Mən elə deməzdim. Əhalinin fəal dindar kəsiminin əksinə, hökumətdən və hakimiyyətdən məmnun olduğunu bizim komitənin Oğuz, Lənkəran, Ağdam, Şamaxı, Quba rayonlarında keçirilən zona konfranslarında əyani şahidi olduq, onların dövlətə, prezidentə böyük sayğısını və etimadını müşahidə etdik. Sonuncu toplantılarımızda dindarlar payızda keçiriləcək prezident seçkisində yalnız İlham Əliyevi dəstəklədiklərini bildirib, həmin fikirlərin toplantının sonunda konfrans iştirakçıları adından qəbul edilmiş bəyanata salınmasını qətiyyətlə israr ediblər. Əhalinin fəal dindar kəsiminin müxalifətlə əməkdaşlığını isə ölkə miqyasında hələ ki, görməmişəm. Ona görə də hakimiyyət üçün narahatlıq mövcud deyil.

Digər sualınıza cavab olaraq deyim ki, Azərbaycanda hicaba qarşı heç bir qadağa yoxdur və ola da bilməz. Şəhərlərimizdə, kəndlərimizdə hicabla gəzən xeyli qız və qadınla hər gün qarşılaşırıq. Məgər polis, hər hansı orqan nümayəndələri onların qarşısını kəsərək təzyiqmi göstərir? Əlbəttə, yox! Məktəbli qızlarla məsələ isə bambaşqadır. Məktəb uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verilməməsi üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçirilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını qoruyur. Hər bir uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. O da gizli deyil ki, məsələni “hicab problemi” kimi qabardan maraqlı şəxslər və bəzi qüvvələr sözügedən ailələrin, valideyn və uşaqların yaşadıqları problemin çözülməsi məqsədini güdmür və onun sivil yolla həllinə də yardım etmirlər.

– Bir müddət əvvəl YAP Siyasi Şurasına bərpa ediləcəyinizi demişdiniz. YAP-ın qurultayı keçirildi, amma Sizi Siyasi Şuraya bərpa etmədilər. Sizcə, bunun səbəbi nədir?

– Yeniləşmə, gəncləşmə, partiyaya yeni simaların gəlməsi.

– Bir çoxları Türkiyə baş naziri Rəcəb Teyyub Ərdoğanı din pərdəsi altında demokratiyanı boğan diktator kimi görür. Sizcə, belədirmi? Ümumiyyətlə, Türkiyədə indiki islamçı hakimiyyəti necə qiymətləndirirsiniz?

 Türkiyə demokratik və hüquqi dövlətdir. Orada nəinki Rəcəb Teyyub Ərdoğanın, hər hansı başqa bir siyasi liderin də diktator ola biləcəyini təsəvvür etmirəm. Son hadisələr də bunu təsdiqlədi. Türkiyənin indiki hakimiyyətinin də islamçı olduğunu düşünmürəm. Onlar əhalinin böyük hissəsinin etimadını qazanmış insanlardır. Belə olmasaydı, Ərdoğan “gəlin vaxtından əvvəl sandığa gedək, referendum keçirək” deməzdi.

– Bu yaxınlarda Roma papası I Fransisk Vatikanın qondarma erməni soyqırımını tanıdığını elan etdi. Türkiyədə cərəyan edən hadisələrdə katolik kilsəsinin də rolu olmasını söyləmək olarmı?

 Şərqə, müsəlman dünyasına ikili standartlarla yanaşma tarix boyu olub. Müasir dövrdə Avropa və Qərb dövlətləri, böyük təşkilatlar, müxtəlif dini, mədəni, iqtisadi qurumlar da bu metoddan tez-tez istifadə edirlər. Yeni seçilmiş Roma papası da istisna deyil.

– Avropanın bəzi ölkələrində eynicinslilərə nikah hüququ verilib. Qərbə inteqrasiyanı qarşısına məqsəd qoyan Azərbaycandan da bu tələb olunurmu?

– Azərbaycanın uğurlu inkişafı müasir dünyadakı demokratik normaların ölkəmizdə tətbiqinin milli-mənəvi dəyərlərimizlə, mütərəqqi adət və ənənələrimizlə ziddiyyət təşkil etməməsi, bir sözlə, mədəniyyətimizin, əxlaqi dəyərlərimizin qorunması ilə də şərtlənir. Dövlətimizin məqsədi nəinki Qərbin, ümumilikdə dünyanın müsbət yeniliklərini əxz etməkdir. Ölkəmizin Qərbə inteqrasiyası o demək deyil ki, biz ənənələrimizi, milli-mənəvi dəyərlərimizi unutmalıyıq və ailə institutunu məhv edən, bizə yad həyat tərzini qəbul etməliyik.

– İran-Azərbaycan münasibətlərinin indiki durumunu necə qiymətləndirirsiniz? Ermənistanla sıx əməkdaşlıq siyasəti yürüdən İran bizim strateji tərəfdaşımız ola bilərmi? Bu ölkənin Azərbaycan daxilində apardığı dini təbliğata və iranpərəstlərin getdikcə çoxalmasına qarşı hansı tədbirlər görülür?

– İran İslam Respublikası ilə əlaqələrimiz yüksək səviyyədədir, bu, həmişə ən yüksək səviyyələrdə vurğulanır. Ermənistanla əlaqələrə gəlincə, təbii ki, bizim bu sahədə İrandan daha çox gözləntilərimiz var. Ümid edirəm ki, qonşu ölkədə də bunu gözəl anlayırlar.

– Məscidlərdə, dini ziyarətgahlarda və yol kənarlarında olan nəzir qutularına yığılan ianələrin taleyi, şəffaflıq məsələsi neçə illərdir müzakirə olunur. Dövlət komitəsi nəzir qutularına yığılan ianələrin xərclənməsinə nəzarət edirmi? Bu pullar hara gedir? Sizcə, nəzir qutularına Qafqaz Müsəlmanları İdarəsinin nəzarət etməsi doğrudurmu? Necə olur ki, dini icmalarla işi sizin Komitə həyata keçirir, amma nəzir qutuları Qafqaz Müsəlmanları İdarəsində olur?

– Bizim komitə nəzir qutularına birbaşa nəzarəti həyata keçirmir.  Fikrimcə, nəzir qutularında toplanan ianələr şəffaf və təyinatı üzrə xərclənməlidir. Bəzən nəzir qutularına toplanan ianələrlə bağlı şikayətlərə rast gəlinir. Hesab edirəm ki, bu həm də mənəviyyat məsələsi olduğundan vətəndaşların etibarından sui-istifadə hallarına qətiyyən yol vermək olmaz. Dövlət komitəsi dini icmaların fəaliyyəti, eləcə də nəzir qutuları ilə bağlı şikayətləri müvafiq qurumlarla birgə araşdırır və  bu sahədə səlahiyyətləri çərçivəsində tədbirlər görür və təkliflərini bildirir.

– Azərbaycanda islamın siyasiləşməsi, dinin siyasi platformaya çevrilməsi haqda fikirlər var. Bununla razısınızmı? Azərbaycanda dini qüvvələr hakimiyyətə gələ bilərmi?

Daha bir sual -Sizi din xadimi saymaq olarmı? Namaz qılıb, oruc tutursunuz?

Haram yeyənlərin, yalan danışanların, xalqın malını talayanların, haqqını tapdayanların, yetim payına göz dikənlərin, zina edənlərin o dünyada cəhənnəm odunda yanacaqlarına inanırsınızmı? Siz belələrinə bu dünyada hansı cəzanı verərdiniz?

– Azərbaycanda dini siyasiləşdirməyə cəhd edən qüvvələr olsa da, onların potensialı və cəmiyyət tərəfindən qəbul olunmaması baxımından ölkəmizdə radikal dini dünyagörüşünün uğur qazanması ehtimalı inandırıcı görünmür. Eyni zamanda, Azərbaycanın dünyəvi dövlət olması konstitusiyamızda əksini tapıb. Odur ki, dini qüvvələrin hakimiyyət perspektivi üfüqdə də görünmür.

İkinci sualınıza gəldikdə, namaz qılmağın, oruc tutmağın və bu qəbildən olan vacib əməllərin fəzilətlərini anlayıram. Təəssüf ki, bəzi sağlamlıq problemlərim həmin fərzləri yerinə yetirməyimə imkan vermir.

Sualınızın birinci hissəsinə gəldikdə isə əvvəlcə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndi ilə cavab vermək istəyirəm:

“4-1.1. Peşəkar dini fəaliyyət dini tərbiyəyə və dini təhsilə, dindarların dini tələbatının ödənilməsinə, dinlərin yayılmasına dini ayinlərin icrasına moizələrin (xütbələrin) oxunmasına, dini qurumun inzibati və təşkilati idarəetməsinə yönəlmiş fəaliyyətdir.

4-1.2. Din xadimi peşəkar dini fəaliyyətlə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir”.

Göründüyü kimi, mən yuxarıda sadalanan işlərlə məşğul olmuram və həmin vəzifələri daşımıram. Mən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışan dövlət məmuruyam, deməli, din xadimi ola bilmərəm, lakin, əlbəttə, bir müsəlman kimi bütün fərzləri yerinə yetirirəm.

Axırıncı sualınıza cavab olaraq deyim ki, ixtisasca ilahiyyatçı olmasam da, müqəddəs dinimiz haqqında mütaliə etdiyim ədəbiyyatlardan gəldiyim qənaətə görə, yuxarıda sadalanan mənfi xislətlər islamda günah əməllərdən sayılır və təbii ki, uca yaradanın mühakiməsi nəticəsində bu və ya digər günah əməli görənlərin axirət dünyasında ilahi cəzaya məruz qalacaqları barədə inam hissinə sahibəm. O ki qaldı həmin əməlləri törədənlərə bu dünyada hansı cəzanın verilməsi məsələsinə, hesab edirəm ki, bəşər övladı olaraq biz insanlar mühakimədə bir çox səbəblərə görə nöqsana yol verə biləcəyimizdən ilahi ədalət qədər mükəmməl ola bilmərik.

– “Əbu-Bəkr” məscidi niyə dindarların üzünə bağlıdır? Hakimiyyətin bu məscidlə, orada ibadət edən dindarlarla nə qərəzi var?

Başqa bir sual: Dini komitənin sədr müavini kimi Azərbaycan xalqının dini adət-ənənələrə, ayinlərə əməl etməsi səviyyəsindən razısınızmı? İnsanları dini ibadətə, “Quran” ayələrinə əməl etməyə çağırırsınızmı?

 Əvvəla, Azərbaycan dövləti heç vaxt, heç kimlə əqidəsinə və etiqadına görə qərəzli mövqe tutmayıb. Etiqadından, dini inancından asılı olmayaraq hamıya bərabərhüquqlu şərait yaradıb və bundan sonra da yaradacaq. Lakin istər dindar olsun, istər olmasın qanunları pozan vətəndaşlar məsuliyyətə cəlb olunurlar və bütün sivil dövlətlərdə bu belədir. Əgər məsuliyyətə cəlb olunanlar arasında dindar varsa, birmənalı şəkildə qəbul edilməlidir ki, bu onların əqidəsindən deyil, qanunlara münasibətlərindən, hərəkətlərindən qaynaqlanıb.

O ki, qaldı “Əbu Bəkr” məscidi kimi tanınan Nərimanov rayon “Cümə” məscidinin bağlı olmasına, qeyd edim ki, həmin məscid fəaliyyətini 17 avqust 2008-ci ildə iki nəfərin ölümü ilə nəticələnmiş terror hadisəsindən sonra dayandırıb. Məscidin fəaliyyətinin dayandırılması ilə bağlı qərarı məscidin yerləşdiyi rayonun polis idarəsinin müraciəti əsasında məhkəmə çıxarıb. Yalnız məhkəmənin çıxaracağı yeni qərarla məscid fəaliyyətini bərpa edə bilər.

Xalqımızın sovetlər dönəmini arxada qoyması və yenidən müstəqillik qazanaraq milli mənəvi dəyərlərə, öz kökünə qayıdışın fonunda islam dininə marağın artması baş verdi. Bu marağı ateist rejimin dini məhrumiyyətlərinin və qadağalarının sona çatmasının təntənəli ifadəsi kimi də qəbul etmək mümkündür. İslami dəyərlər tarixən xalqımızın öz kimliyinin dərkində əhəmiyyətli rol oynayıb. Bu baxımdan xalqımızın genetik yaddaşından qaynaqlanan amilləri də diqqətdən kənar qoymaq olmaz.

Burada diqqətçəkən məqam ondan ibarətdir ki, dini ayinlərə geniş maraq göstərənlərin əksəriyyəti gənclərdir. Bu da öz növbəsində gənc nəslin milli-mənəvi dəyərlər fonunda tərbiyə edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bunu təkcə islama yox, ölkədə yaşayan xristianlıq və iudaizmə etiqad edənlərə də şamil etmək olar.

Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir olunur, dindarların tələbatlarını ödəmək üçün bütün şəraitlər yaradılır və bundan sonra da yaradılacaq. Bu məsələ birbaşa olaraq prezident İlham Əliyevin diqqət və qayğısındadır. Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi tədbirlərin hamımız şahidiyik. Bütün bu görülən işlərlə bağlı ölkə dindarları daim öz razılıq və minnətdarlıqlarını ifadə edirlər.

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini kəsim içərisində nə qədər böyük nüfuzu var? Ölkənin dini kəsimini narahat edən problemlərə komitə nə dərəcədə kompleks yanaşır və bu problemlər nə dərəcədə həllini tapır?

– Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2001-ci ildə konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə yaradılıb. Dövlət komitəsi din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanun əsasında tənzimlənməsi istiqamətində fəaliyyət göstərir.

Həmçinin komitənin fəaliyyəti çərçivəsində dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi, dini icmaların qarşılıqlı əməkdaşlığının gücləndirilməsi və dini qarşıdurma meyllərinin aradan qaldırılması məqsədilə tədbirlər həyata keçirməsi də mühüm yer tutur. Ölkədə dini durum, bu sahədə mövcud problemlər, dini icmaları narahat edən məsələlər dərindən öyrənilir və həlli istiqamətində əməli işlər görülür. Bütün dini qurumların fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradılır. Dövlət komitəsi dini fəaliyyət sahəsində cərəyan edən prosesləri öyrənməklə yanaşı dini icmaların rəhbərləri və üzvləri ilə görüşlər keçirir, qanun çərçivəsində onlarla əməkdaşlıq edir. Bütün görülən işlər dövlət komitəsinin dindarlar arasındakı nüfuzundan xəbər verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button